Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət

Bakı. Trend:

İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano
Portolanonu qəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, italiyalı qonağı salamlayan
müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən
nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da
genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də
xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

General L.Portolano isə öz növbəsində səmimi qəbula görə
general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı
səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında
hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə
verəcəyini vurğulayıb.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi,
hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin
regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə
olunub.