“İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının tezliklə regionda nümunəvi istehsal və rifah mərkəzinə çevriləcəyinə ürəkdən inanıram”.
“Haber Global” məlumat verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bütün sahələrdə Türkiyənin müvafiq qurumları, təşkilatları, şirkətləri azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışırlar.
“Hazırda görülən işlərdə Türkiyə şirkətlərinin Azərbaycanda çox ciddi potensialı olmasına şahidik. Türkiyə şirkətləri infrastruktur tikintisində çox ciddi işlər görürlər. Eniş etdiyimiz Füzuli hava limanında 12 Türkiyə şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq, 8 ay kimi qısa müddətdə buranı hazır etdilər. Hazırda daha iki hava limanı tikilir. Onların tikintisinin tez bir zamanda, bir il ərzində başa çatdırılması planlaşdırılır”, – deyə Ərdoğan qeyd edib.