Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə aid olan Çadır-Lunqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə mədəni-maarif mərkəzinin inşası başa çatıb.
Bu barədə Qaqauziyanın rəhbəri İrina Vlax öz “Facebook” səhifəsində məlumat verib.
Onun Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanov ilə görüşündə həmin mərkəzin açılışı müzakirə olunub, mərkəzin tam hazır olduğu, bütün təchizatla təmin edildiyi qeyd olunub.
Görüşdə həmçinin Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxın Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi VIII Qlobal Bakı Forumunda iştirakı və onun Bakıya gözlənilən səfər proqramı müzakirə edilib.
Həmçinin qeyd olunub ki, Qaqauziya ilə Azərbaycanın səfalı guşələrindən biri olan Qəbələ rayonu arasında əməkdaşlıq sazişinin hazırlanması üzərində iş aparılır.
“Biz Azərbaycan rəhbərliyinin Qaqauziyaya münasibətini yüksək qiymətləndiririk. İntensiv ünsiyyətimiz və əməkdaşlığımız bizdə nikbinlik və inam yaradır. Biz Azərbaycana göstərdiyi xoş münasibətə və xüsusən də Çadır-Lunqa şəhərini gözəl İncəsənət məktəbi ilə bəzədiyinə görə təşəkkür edirik. Əminəm ki, qarşıda çoxlu qarşılıqlı faydalı layihələrimiz olacaq və biz sizə faydalı olduğumuza görə məmnunuq”, – deyə Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax bildirib.