Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları Türkiyəyə səfər edib – FOTO

Siyasət

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Bakıya rəsmi səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təcrübə mübadiləsi aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya səfər edib.

Ankarada xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan parkı ziyarət edən heyət abidənin önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.

Prokurorluq əməkdaşları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbirini də ziyarət ediblər.

Səfər zamanı Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin və Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha intensivləşməsi və faydalı olması üçün kifayət qədər zəmin olduğunu qeyd edən Bəkir Şahin əməkdaşlığın dövlətlərimiz, xalqlarımız və hər iki ölkənin prokurorluqlarının mənafeyinə xidmət etdiyini vurğulayıb.

Prokurorluğun müxtəlif struktur qurumları səfər çərçivəsində Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksi haqqında məlumatlandırılmaqdan əlavə Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Türkiyə Ədalət Akademiyası tərəfindən təşkil olunan seminarlara qatılıblar.

Heyət üzvləri həmçinin Sincan Qapalı Cəza İcra Qurumuna səfər edərək Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti haqqında məlumatlandırılıblar.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları ilə türkiyəli həmkarları arasında hüquqi sahədə fikir mübadilələri aparılıb və qarşılıqlı səmərəli fəaliyyətin uğurla davam etdiriləcəyinə dair əminlik dilə gətirilib.

10 günlük təcrübə mübadiləsindən sonra ölkəmizə geri qayıdan heyət baş prokuror Kamran Əliyev tərəfindən qarşılanıb.

Heyət üzvləri səfər zamanı əldə etdikləri səmərəli təcrübə ilə bağlı baş prokurora məlumat veriblər, həmçinin mübadilə zamanı göstərilmiş səmimi və doğma münasibətdən məmnunluq ifadə ediblər.

İki ölkə arasındakı qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadilələrinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Kamran Əliyev hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin hər zaman gündəmdə olduğunu qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir