
Bakı. Trend:
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər
edəcək.
Komitədən Trend-ə bildirilib ki, səfər çərçivəsində Vatikan
şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə
Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma
Memorandumu”nun imzalanması planlaşdırılır.
Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində
dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf
etdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsəd
mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri
arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə
təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə
verməkdən ibarətdir.
İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs
Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.