
Bakı. Trend:
Hesab edirəm ki, Azərbaycan İsrail və Türkiyənin yaxınlaşmasında
əsas rol oynayıb.
Trend-in
məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik
diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən
brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda İsrail və Türkiyə rəsmiləri
arasında mühüm görüşlər keçirilib ki, bu da qarşılıqlı anlaşmaya
töhfə verib və tərəflər arasında anlaşılmazlıq riskini azaldıb.
“Əminəm ki, Azərbaycan bir sıra regional problemlərin, o
cümlədən, Yaxın Şərqdəki problemlərin həllində nəinki mühüm rol
oynaya bilər, həm də artıq mühüm rol oynayır”, – səfir qeyd
edib.
O, belə görüşlərin təşkilində göstərdiyi səylərə görə Azərbaycan
hökumətinə minnətdarlığını bildirib.
“Fürsətdən istifadə edərək, belə danışıqlar üçün şərait
yaratdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür etmək istərdim.
Bu, bizə region ölkələri arasında dialoqu gücləndirməyə və
qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa imkan verir”, – Corc Dik
vurğulayıb.
Sonda o, Azərbaycanın artan beynəlxalq rolunu qeyd edib:
“Bu, Azərbaycanın sadəcə Cənubi Qafqaz ölkəsi olmadığını
simvolizə edir. O, getdikcə Yaxın Şərqdəki proseslərdə iştirak
edir. Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazı və Böyük Yaxın
Şərqi bir-biri ilə əlaqəli regionlar kimi nəzərə alaraq, müsbət
töhfə verməyə qadirdir”, – diplomat əlavə edib.

