Prezident İlham Əliyevin dediyi kimi, Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir – Corc Dik

Siyasət

Bakı. Trend:

2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o
demişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsiz
şəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi –
xüsusilə bu gün də haqlıdır.

Trend xəbər verir
ki, bunu diplomatik missiyasının başa çatması münasibətilə
keçirilən brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik
deyib.

“Azərbaycan öz tolerantlıq və multikulturalizm modeli ilə haqlı
olaraq fəxr edir”, – deyə diplomat brifinqdə bildirib.

O qeyd edib ki, son illərdə Azərbaycan nifrət və antisemitizmə
qarşı mübarizə sahəsində konkret addımlar atıb:

“Ölkədə məktəb dərslikləri yenidən nəzərdən keçirilib, sovet
dövrünün antisemitizmi dərsliklərdən çıxarılıb. “Impact-se” adlı
qeyri-hökumət təşkilatı Azərbaycanı hətta Avropa ölkələri üçün
nümunə kimi tanıyıb”.

Corc Dik həmçinin Azərbaycanın yəhudi tarixinə göstərdiyi
hörməti və ölkənin təhsil, eləcə də xatirələrin qorunması
sahəsindəki səylərini vurğulayıb: “Azərbaycan Holokost
qurbanlarının Beynəlxalq Anım Gününü dinlərarası və hökumətlərarası
iştirakı ilə qeyd edir”.

O, təhsil sahəsində əməkdaşlığın vacibliyini də xüsusi qeyd
edib: “Azərbaycan tələbələrin İsraildə təhsil almasını təşviq edir,
bunun üçün təqaüdlər təqdim edir və hərtərəfli dəstək
göstərir”.