
Bakı. Trend:
İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon
danışığı aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon
danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən
irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi
müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə
müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.
Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik
münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam
etdirildiyi məmnunluqla qeyd edilib.
Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma
prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət
və perspektivlər, habelə mövcud maneələr və onların həlli
istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

