Noyabrın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar.
Onlar Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir.
Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.
Bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub.
Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.
“Meysəri” yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq “Şamaxı” yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, “Meysəri” yarımstansiyası ilə 35/10 kV-luq “Çuxuryurd-1” yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib.
Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıq quraşdırılıb. Perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.
Şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün “Meysəri” yarımstansiyasında “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb.
İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub.
Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir.
Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur. Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.
Dövlət başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə salıb.
Dövlət başçısı və birinci vitse-prezident Şamaxıda Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
Gənclər Parkı Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub.
Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var.
Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb.
Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltaraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.
Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar.
Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.
İlham Əliyev və Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.
2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub.
Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib.
Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Üzüm Tingçilik Mərkəzinin də açılışında iştirak ediblər.
Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli – Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq.
Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək. 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.
Burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzində olacaq.
Prezident və birinci vitse-prezident Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.
Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.
Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Prezident və birinci vitse-prezident bu açılışda iştirak ediblər.
2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən quruldu. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.
Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.