ABŞ Konqresindəki ermənipərəst çağırışlar: Sülhə qarşı kampaniyanın arxasında kimlər dayanır?

Siyasət

Bakı. Trend:

Son günlər ABŞ Konqresində 87 konqresmenin prezident Donald
Trampın administrasiyasına ünvanladığı müraciət, regionda sülhə
doğru atılan addımların nə qədər həssas və təhlükəli zolaqdan
keçdiyini bir daha göstərdi. Müraciətin mətni, onu imzalayan
şəxslərin kimliyi və verilən mesajlar Ermənistanla dostluq qrupunun
ermənipərəst həmsədrlərinin əməlləri fonunda oxunduqda bu
kampaniyanın yalnız erməni maraqlarına xidmət etdiyi deyil, eyni
zamanda regionda pozuculuq fəaliyyəti məqsədi daşıdığı da aydın
olur. Azərbaycan üçün bu kampaniya təkcə diplomatik təzyiq deyil,
həm də ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi sabotajdır.

Sülh prosesinə qarşı hücum

2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə ərazi
bütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni reallıqlar yaranıb.
Bu reallıqlar nəinki Azərbaycan və Ermənistan üçün, eyni zamanda
regionda marağı olan bütün güclər üçün sülh və əməkdaşlıq imkanları
yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş
naziri Nikol Paşinyan arasında baş tutmuş son Əbu-Dabi görüşü məhz
bu məqsədlə sülh prosesini irəli aparmaq baxımından mühüm bir
mərhələ idi.

Lakin belə bir həssas dövrdə ABŞ Konqresindəki müəyyən
çevrələrin “ermənilərin Dağlıq Qarabağa qayıtması” kimi
arqumentlərlə sülh gündəliyinə hücum etməsi, əslində bu tərəqqini
ləngitmək və regionu yenidən gərginliyə sürükləmək cəhdidir. Bu
çağırışın əsas hədəfi yalnız Azərbaycan deyil – həm də sülh
prosesinə dəstək verən Tramp administrasiyasıdır. Ermənistan
rəhbərliyi də daxil olmaqla bir çox beynəlxalq tərəfdaşlar
Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi üçün şəraitin
yetişdiyini qəbul edir. Məhz bu səbəbdən Konqresdəki bəzi qrupların
çağırışı sadəcə erməni maraqlarının deyil, həm də ABŞ daxilindəki
siyasi intriqaların təzahürüdür.

907-ci düzəlişin kölgəsində qalan
ədalət

1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş
əslində ABŞ-nin beynəlxalq hüququ necə selektiv şəkildə tətbiq
etdiyini göstərən açıq nümunə idi. Ermənistanın işğalçılıq
siyasətinə açıq dəstək verən bu sənəd əraziləri işğal olunmuş
Azərbaycana yardımın qarşısını alıb, nəticədə on minlərlə insanın
həyatına son qoyan müharibəyə səbəb olub.

Bu gün də həmin düşüncə tərzinin davamçıları olan konqresmenlər
yenidən eyni ritorika ilə çıxış edərək münaqişənin yenidən
qızışmasını istəyirlər. Ermənistanın hazırkı vəziyyətini
formalaşdıran əsas amillərdən biri də xarici diasporun məqsədli və
bəzən qeyri-məqsədəuyğun müdaxilələridir. Diaspor təkcə maliyyə
deyil, həm də siyasi alətlər vasitəsilə Ermənistanı daha çox
müharibəyə sürükləyib, nəticədə Ermənistan regionda tam təcrid
olunmuş vəziyyətə düşüb. Sülhə aparan yol isə yalnız daxili
konsolidasiya və regional əməkdaşlıqdan keçir.

Tramp administrasiyası və sülhə neytral
dəstək

Donald Trampın prezidentliyi dövründə ABŞ Ermənistan-Azərbaycan
münaqişəsində daha neytral və balanslı mövqe sərgiləmişdi. Xüsusilə
İkinci Qarabağ Müharibəsi zamanı ABŞ rəhbərliyi Azərbaycanın öz
ərazilərini azad etmə hüququnu tanımaqla, əslində beynəlxalq
hüququn norma və prinsiplərinə sadiqliyini göstərmişdi. Bu, erməni
lobbisinin narazılığına səbəb oldu və Tramp əleyhinə kampaniyalar
daha da intensivləşdi.

Hazırkı müraciətin vaxtı və mahiyyəti göstərir ki, bu çağırış
yalnız “ermənilərin Qarabağa qayıdışı” kimi humanitar obrazla
bəzədilsə də, əslində Trampın seçkiöncəsi sülh təşəbbüslərinə qarşı
yönəlib. Regionda sabitlik və əməkdaşlıq üçün vacib olan yeni
təşəbbüsləri gözdən salmaq, Trampın xarici siyasət uğurlarını
zəiflətmək üçün bu cür ritorikalar siyasi texnologiya vasitəsi kimi
istifadə olunur.

Demokrat konqresmenlərin gizli
məqsədləri

ABŞ-də erməni lobbisinin uzun illərdir, daha çox demokratlarla
yaxın əlaqədə olması sirr deyil. Məlum müraciət də əsasən demokrat
qanadından olan və korrupsiya qalmaqalları ilə tanınan
konqresmenlər tərəfindən dəstəklənib. Bu siyahıya Frenk Pallone,
Bred Şerman, Adam Şiff kimi adlar daxildir. Onların sülh prosesini
hədəf almalarının səbəbləri yalnız xarici siyasətlə izah olunmur.
Bu şəxslər həm də uzun illər erməni diasporundan aldıqları
qeyri-şəffaf maliyyə vəsaitləri hesabına şəxsi maraqlarını təmin
ediblər.

Robert Menendesin korrupsiya ittihamı ilə həbsi, Adam Şiffin
araşdırmalara cəlb olunması və Trampın onları açıq şəkildə
“fırıldaqçı” adlandırması, bu konqresmenlərin əsl qorxularını üzə
çıxarır. Onlar Trampın “Vaşinqton bataqlığını qurudacağı” və
korrupsioner siyasətçiləri ifşa edəcəyi fikrindən təşvişə düşüblər.
Prezident İlham Əliyevin Şuşa forumunda “Vaşinqton bataqlığı”
ifadəsi ilə verdiyi mesaj da təsadüfi deyildi – bu, Azərbaycan
tərəfinin regiondakı qeyri-səmimi oyunçuları çox yaxşı tanıdığının
göstəricisidir.

COP29 zamanı Pallonenin Azərbaycandan “qaçışı” və
siyasi riyakarlıq

COP29 tədbiri çərçivəsində Frenk Pallonenin Azərbaycana gəlişi
və ardınca təlaşla ölkədən çıxması onun Azərbaycanla bağlı
məsələlərdə nə qədər qeyri-səmimi və populist yanaşmaya sahib
olduğunu göstərdi. Əgər bu şəxs doğrudan da regionda sülh və
hüquqdan danışırsa, niyə o zaman region ölkəsi olan Azərbaycanın
ünvanına qarşı bu qədər qərəzli mövqe sərgiləyir?

Onun da daxil olduğu bu qrupun əsas məqsədi Azərbaycanın inkişaf
edən beynəlxalq mövqeyinə kölgə salmaq, eyni zamanda ABŞ daxilində
Trampa qarşı kampaniyada “erməni kartından” istifadə etməkdir.

ABŞ Konqresi ədalətli və obyektiv
olmalıdır

Azərbaycan dövləti bölgədə davamlı sülh və qarşılıqlı
anlaşma üçün konkret addımlar atır, Ermənistanla normallaşma
istiqamətində Azərbaycan nəinki siyasi dialoqa, həm də iqtisadi
əməkdaşlığa açıqdır.

Lakin ABŞ Konqresindəki bəzi dairələrin regionda sabitliyi
pozmağa yönəlmiş təşəbbüsləri bu prosesi təhlükə altına alır.

Vaxtilə 907-ci düzəlişlə Azərbaycana haqsızlıq etmiş qüvvələrin
bu gün yenidən eyni səhvi təkrarlamaması üçün beynəlxalq
ictimaiyyət və ABŞ cəmiyyəti öz konqresmenlərindən cavab tələb
etməlidir. Əgər məqsəd doğrudan da sülhdürsə, o zaman tərəfkeş
deyil, obyektiv mövqe sərgilənməli, Azərbaycanın beynəlxalq hüquqa
uyğun olan mövqeyi tanınmalı və dəstəklənməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü danışıqlar
mövzusu deyil. Bu, beynəlxalq hüquqla təsbit olunmuş reallıqdır.
ABŞ Konqresi və onun üzvləri isə bu reallığı qəbul etməli və
regionda barışın yolunu açan proseslərə dəstək verməlidirlər –
pozuculuğa deyil.

Spread the love