Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü

Siyasət

XXI əsrin beynəlxalq siyasətində səssiz, lakin dərin geosiyasi
yer dəyişməsi baş verir: konfliktlərin vasitəçiliyi artıq
Vaşinqton, London və Paris kimi klassik qərb paytaxtlarının
inhisarında deyil. Bu missiya tədricən Cənuba və Şərqə keçir.
Xüsusilə də bu proses Yaxın Şərqdə özünü parlaq şəkildə göstərir.
Fars körfəzi ölkələri – BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Oman –
bir vaxtlar neft ixracatçısı kimi tanınırdısa, bu gün onlar
regional və qlobal sabitliyin arxitekturaları, yeni tip
vasitəçilərdir. Onlar o zaman hərəkətə keçir ki, böyük güclər
susur, onlar çıxış yolu təklif edir ki, BMT dalana dirənir.

Əvvəldən baxanda bu ölkələr – sərt monarxik rejimlərdir, klassik
vasitəçilərlə – Norveç, İsveçrə kimi – ortaq cəhətləri yoxdur. Amma
bu dövlətləri unikal edən amillər onların geosiyasi mövqeyi,
maliyyə resursları, dini legitimliyi və ən başlıcası, Qlobal
Cənubun gözündə “tərəfsiz güc” kimi qəbul olunmalarıdır. Bu isə
yeni bir anlayışı ortaya çıxarır: dövlət–vasitəçi artıq sadəcə
diplomatik missiyanı yerinə yetirmir, o, sülhə investisiya
edir.

Neft gəlirlərindən geosiyasi kapitallara

Neft pullarını siyasi nüfuza çevirmək bacarığı – bu gün Körfəz
ölkələrinin əsas üstünlüyüdür. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri.
Bu ölkə sadəcə humanitar yardım ayırmır, o yardımı konkret siyasi
və iqtisadi razılaşmalarla birləşdirir. Aşkar nümunə – Cənubi
Qafqaz. 2025-ci ilin yazında Bakı ilə İrəvan arasında danışıqlar
ilk dəfə Brüssel–Moskva trayektoriyasından kənara çıxdı.
Əmirliklərin bu prosesə qoşulması təsadüfi deyildi: Bakı bölgədə
dominant gücə çevrilib, İrəvan isə iqtisadi dəstəyə möhtacdır. BƏƏ
bu fürsəti dərhal siyasi platformaya çevirdi – hər iki tərəfə yaşıl
enerji layihələrindən tutmuş regional logistika qovşaqlarına qədər
infrastruktur paketləri təklif etdi. Şərt sadə idi: kompleks sülh
sazişi.

Bu artıq “sülh əvəzində pul” formulu deyil. Bu – yeni sülh
anlayışıdır: təhlükəsizlik iqtisadi imkanlar vasitəsilə təmin
olunur.

Qətər: pul yox, rabitə kapitalı

Əmirliklər iqtisadi gücə söykənirsə, Qətər yumşaq diplomatiyaya
və şəbəkələşməyə üstünlük verir. Bu mikrodövlət son onillikdə Al
Jazeera kanalı, idman diplomatiyası (futbol üzrə dünya çempionatı),
radikal və təcrid olunmuş qruplarla (Taliban, HƏMAS və s.) xüsusi
münasibətləri sayəsində beynəlxalq münasibətlərdə vacib oyunçuya
çevrilib. ABŞ ilə Taliban arasında danışıqlar üçün məhz Qətər
seçilmişdi. Bu gün isə Qətər həm İran, həm də Əfqanıstan
istiqamətində yeganə açıq qapıdır – Qərb çoxdan bu istiqamətlərdən
uzaqlaşıb.

Qətərin üstünlüyü ondan ibarətdir ki, o, təminatçı deyil,
vasitəçidir. Yəni, dövlətlər bir-biri ilə danışmaq istəməyəndə,
Qətər onların arasında rabitə kanalına çevrilir. Bu isə onu unikal
mövqeyə gətirib çıxarır: balaca ölkə, amma böyük əlaqələr.

Oman: səssiz diplomatiya məktəbi

Oman – görünmədən, səs salmadan, amma ardıcıl və təsirli
fəaliyyət göstərən nadir vasitəçilərdən biridir. Bu ölkənin
diplomatik fəlsəfəsinin əsasında ibadi islam məzhəbinin barış,
qarşıdurmadan yayınma və kompromisə meylli prinsipləri dayanır.
Məhz Oman 2013-cü ildə ABŞ–İran gərginliyini yumşaltmaqda əsas rol
oynamış, Yəməndə əsir mübadiləsi kimi humanitar proseslərə ev
sahibliyi etmişdi.

Bu gün dünya get-gedə bloklara bölünür. Belə bir məqamda Oman
kimi neytral aktorun dialoqu davam etdirmək imkanı qızıl qədər
dəyərlidir. O, nə kapital təklif edir, nə də siyasi hegemonluq.
Onun təklifi – etimaddır. Bu isə pulla alınmır.

Ər-Riyad: gücdən dialoqa keçid

Səudiyyə Ərəbistanı uzun illər ərəb dünyasında “böyük qardaş”
rolunda çıxış edib. Lakin bu gün bu ölkə də xarici siyasət kursuna
yenidən baxır. Yəmən müharibəsindəki fiaskodan sonra Riyad “güc
yolu”ndan imtina edərək diplomatik təşəbbüsləri önə çəkir. 2023-cü
ildə İranla münasibətlərin bərpasında Çin vasitəçiliyi ilə atılan
addım, eləcə də Sudan–Efiopiya böhranında mediatorluq təşəbbüsləri
bu yeni kursun əlamətləridir.

Riyad artıq “regional suverenlik” ideyasına söykənir – yəni
qərbin hegemon təsirinə alternativ model təklif edir. Bu isə Afrika
və Asiyada “post-müstəmləkə travması” yaşayan ölkələr üçün
cazibədar görünür.

Yeni dövrün vasitəçiləri: diplomat yox,
investor

Əsas dəyişiklik coğrafiyada deyil, fəlsəfədədir. Əvvəllər
vasitəçi neytral hakim kimi çıxış edirdi. Bu gün isə o, prosesin
iştirakçısıdır – infrastruktur layihələrinə, siyasi dialoqa,
humanitar sabitliyə sərmayə qoyur. Məqsəd – sabitlik üçün
“ekosistem” yaratmaqdır, birgəyaşayışın uzunmüddətli formulu.

Yeni nəsil vasitəçi artıq sadəcə diplomat deyil. O – strateqdir,
investor və gələcəyin brokeridir. Məhz bu tip yeni aktorlara Fars
körfəzi ölkələri çevrilməkdədir. Artıq konfliktlərin qaydalarını
London və Paris yox, Əbu-Dabi, Doha və Müsqat müəyyən edir.

2020-ci ilin fevralında ABŞ ilə Taliban arasında imzalanan Doha
razılaşmaları və 2021-ci ilin avqustunda Əfqanıstandan 70 mindən
çox adamın təxliyəsi ilə nəticələnən misilsiz əməliyyat Qətəri yeni
dövrün əsas diplomatik aktorlarından birinə çevirdi. Bu
hadisələrdən sonra Doha artıq sadəcə “tərəflərlə danışan” vasitəçi
deyil, bir-birinə düşmən olan iki dünya – Vaşinqton və islamçı
qüvvələr – arasında körpü rolunu oynayan yeganə platforma oldu.

Əfqanıstanda qazandığı bu etimad Doha üçün diplomatik
“valyutaya” çevrildi. Bu gün həmin resursu Qətər təkcə Orta Asiyada
yox, digər böhran bölgələrində də fəal şəkildə istifadə edir.

Qətərin strateji vasitəçiliyi Qəzza zolağında da özünü göstərdi.
HƏMAS-la dialoqu gizli şəkildə Tel-Əvivlə razılaşdıraraq davam
etdirən Doha burada da unikal rola yiyələndi. Qətərin milyardlarla
dollarlıq sosial investisiyaları – məktəblər, xəstəxanalar,
maaşların ödənilməsi – humanitar böhranı yumşaltmaqla qalmadı, həm
də İsrailə “idarə olunan gərginlik” modeli təklif etdi. Nəticədə,
2023–2025-ci illər ərzində regionda gərginliklərə baxmayaraq, məhz
Qətərin vasitəçiliyi sayəsində müəyyən dərəcədə dayanıqlı atəşkəs
qorunub saxlandı.

Doha burada yeni diplomatik format qurdu: humanitar təşəbbüslər,
siyasi dialoqdan ayrı mövcud olmur. Qətər nə “qarant” kimi çıxış
edir, nə də tərəfləri ələ almağa çalışır. O, sadəcə platformadır –
İslam Cihadı ilə MOSSAD, Talibanla ABŞ arasında danışıq masası. Bu
– XXI əsrin vasitəçiliyidir: müasir, çevik, ideologiyasız.

Əgər Qətər şəbəkələşmə və çevik diplomatiya ilə öndədirsə,
Ər-Riyad miqyas, resurs və struktur gücə arxalanır. Son illərdə
Səudiyyə Ərəbistanı sadə yardım göstərən dövlət yox, siyasi kapital
formalaşdıran aktora çevrilmək yoluna çıxıb. Bu yeni yanaşma
xüsusilə 2025-ci ildə Hindistanla Pakistan arasında Kaşmir
məsələsində yaşanan gərginlik fonunda özünü göstərdi.

Əvvəllər Riyadın fəaliyyətləri əsasən maliyyə transfrtləri və
diplomatik jestlərlə məhdudlaşırdı. Amma indi vəziyyət dəyişib:
Səudiyyə Ərəbistanı BƏƏ ilə birlikdə konkret siyasi çərçivə təklif
edir – limanlara çıxış təminatı, dəniz yollarının rəqəmsal
təhlükəsizliyi üçün investisiyalar, İslam İqtisadi Məkan Təşəbbüsü
çərçivəsində logistik inteqrasiya.

Bu isə artıq yeni rolun başlanğıcıdır. Ər-Riyad bu gün “donor”
deyil, “sülh memarı” olmaq istəyir. O, neft gəlirlərindən təkcə
müvəqqəti sabitlik deyil, uzunmüddətli institutlar yaratmaq üçün
istifadə edir. Məqsəd – Qətərin humanitar diplomatiyası və
Əmirliklərin sərmayə əsaslı modelinə alternativ, amma tamamlayıcı
mexanizm qurmaqdır. Bu mexanizmlər tərəfləri mütəmadi şəkildə
danışıqlar masasına qaytarır və sabitliyi sistemli şəkildə
möhkəmləndirir.

Fars körfəzi ölkələrinin əsas üstünlüyü – onların ideoloji
yükdən uzaq olması və “etimad infrastrukturu” qurmasıdır. Bu
dövlətlərin neytrallığı – sadəcə protokol deyil, real təcrübəyə
əsaslanır: nə müstəmləkəçilik keçmişləri var, nə də başqalarının
daxili işlərinə müdaxilə edirlər. Onlar siyasi model ixrac etməyə
cəhd göstərmirlər. Qlobal Cənub üçün bu, həyati əhəmiyyət daşıyır.
Afrika, Cənubi Asiya və Yaxın Şərq ölkələri artıq Qərbin
mentorluğundan yorulub – avtoritarlığa rəğbətə görə yox, köhnə
sistemə qarşı real inamsızlığa görə alternativ axtarırlar.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və BMT daxili siyasi
manevrlər, seçki dövrləri və bürokratiya ilə əlləri-qolları
bağlanmış vəziyyətdədir. Bu fonda BƏƏ, Qətər və Səudiyyə Ərəbistanı
“yüngül çərçivəli” diplomatiya modeli təklif edirlər: sürətli
logistika, elastik protokollar, maksimum gizlilik və ideoloji
təzyiqlərin tam yoxluğu. Burada “şou uğursuzluğu” olmur – çünki hər
şey qapalı qapılar arxasında aparılır. Bu isə effektivliyi
artırır.

Hər uğurlu vasitəçilik yeni bir etimad dövrəsini işə salır:
etibar → uğurlu nümunə → təcrübə → yeni müraciətlər. Məhz bu gün də
müşahidə olunur: getdikcə daha çox münaqişə tərəfi Brüsselə və ya
Cenevrəyə yox, Doha, Əbu-Dabi və Ər-Riyada üz tutur. Bu artıq
təsadüfi epizod deyil – bu, qlobal diplomatik paradiqmanın
dəyişməsidir.

Fars körfəzi yeni vasitəçilik oxuna çevrilir. Praqmatizm,
kapital, suverenlik və interregional şəbəkələrə yatırılan sərmayə
nəticə verir. Bu dövlətlər qlobal hegemonluq oyunu oynamır – məhz
bu onları effektiv edir. Onlar “səhərə demokratiya” vəd etmir,
əvəzində infrastruktur, su, məktəb və hərbi gərginliyin azaldılması
təklif edirlər.

Bu, XXI əsrin diplomatiyasıdır: sözlər yox, sistemlər;
bəyanatlar yox, zəmanətlər; protokol yox, nəticə. Bu dünyada əsas
dil nə ingilis, nə fransız, nə də rus dilidir – bu, kapitala
əsaslanan siyasi mühəndisliyin dilidir. Və bu dili Fars körfəzi
ölkələri artıq mükəmməl öyrənib.

Fars körfəzi ölkələrinin artan diplomatik nüfuzuna baxmayaraq,
Qətərdən tutmuş Səudiyyə Ərəbistanınadək bu modelin qarşısında
struktur məhdudiyyətlər dayanır. Onlar öz təsir alətlərini
var-dövlətə, coğrafiyaya və praqmatik siyasətə əsaslandırıblar.
Lakin yenə də regiondaxili qarşıdurmalar, vasitəçilik liderliyi
uğrunda rəqabət və qarşı tərəflərə təzyiq imkanlarının məhdudluğu
ciddi çətinliklər yaradır.

Zalıq ölkələrinin əsas diplomatik prinsipi – “bərabər məsafə” –
bir çox hallarda ziddiyyətli nəticələr verir. Tərəflər taktik
güzəştlərə hazır olsalar da, strateji kompromislərə getmirlər.
Neytral mövqe vasitəçiyə mənəvi üstünlük verir, amma eyni zamanda,
onun təzyiq imkanlarını sıfıra endirir. “Sərt” alətlər yoxdursa, bu
ölkələr maksimum əlaqə qurur, minimum isə zəmanət verə bilir.
Razılaşmaların pozulması və ya münaqişənin yenidən qızışması
hallarında isə onların əlində yalnız ümid qalır – tərəflərin xoş
niyyətinə.

Bu ziddiyyətin klassik nümunəsi Yəmən münaqişəsidir. Səudiyyə
Ərəbistanı həm münaqişənin birbaşa iştirakçısı, həm də eyni vaxtda
sülh vasitəçisi olmağa çalışaraq ikili rol oynadı. Bu isə bəzi
aktorların etimadını itirməsinə səbəb oldu və Ər-Riyadın
vasitəçilik təşəbbüslərini zəiflətdi.

Fars körfəzi ölkələrinin diplomatik fəallaşma istəklərinə
baxmayaraq, aralarında vahid koordinasiya yoxdur. Qətər və Səudiyyə
Ərəbistanı “yumşaq güc” anlayışına fərqli yanaşır və çox zaman
paralel, bəzən isə bir-birini təkrarlayan təşəbbüslərlə çıxış
edirlər. BƏƏ və Küveyt də öz vasitəçilik platformalarını qurmağa
çalışır. Bu isə siqnalların ikiləşməsinə, diplomatik səylərin
təkrarlanmasına və davamlı formatların formalaşmasında çətinliklərə
yol açır.

Üstəlik, bu ölkələrin geosiyasi tərəfdaşlıqları da onlara qarşı
təzyiqə çevrilə bilir. Məsələn, Qəzza böhranı fonunda BƏƏ-nin
İsraillə yaxınlaşması və ya Qətərin HƏMAS-la qurduğu rabitə
kanalları qlobal aktorlar tərəfindən birmənalı qarşılanmır. Daxili
ziddiyyətlər üzə çıxır, regional təşəbbüslər isə parçalanma riski
ilə üz-üzə qalır.

Yeni diplomatik mərhələnin manifesti

Bütün bu risklərə baxmayaraq, Körfəz ölkələrinin vasitəçi
qismində qazandığı uğurlar beynəlxalq münasibətlərdə yeni trendləri
təsdiqləyir. Ənənəvi güc iyerarxiyası parçalanır. Yeni bir sinif
formalaşır – “orta güclər”. Bu ölkələr fiziki ölçülərinə uyğun
olmayan təsirə malikdirlər. Onlar elastiklik, bacarıq və regional
boşluqları doldurmaq qabiliyyəti sayəsində qlobal siyasətin
strukturuna daxil olurlar.

Bu artıq keçici anomal hal deyil. Bu, diplomatiyanın yeni
mərhələsidir – inersiyadan praqmatizmə, ideoloji ambisiyalardan
funksional vasitəçiliyə keçid dövrüdür. Bu mərhələdə söz deyil,
mexanizm qalır. Və bu mexanizmin müəllifləri – Fars körfəzi
dövlətləridir.

Fars körfəzi ölkələrinin vasitəçilik modeli təkcə geosiyasi
manevr deyil – bu, artıq kompleks bir strateji sistemdir. Bu sistem
müxtəlif ölçülərdə – institusional, iqtisadi və simvolik – paralel
şəkildə formalaşır.

Əbu-Dabidəki Anwar Gargash Academy və Dohadakı Doha
Institute
kimi mərkəzlər artıq sadəcə akademik strukturlar
deyil. Onlar Qlobal Cənubun reallıqlarına uyğunlaşdırılmış, Qərb
diplomatiyasının klassik tezislərinə alternativ olan yeni
diplomatik yanaşmanın istehsal laboratoriyalarıdır. Bu tədris
platformalarında təkcə nəzəriyyə deyil, real konflikt təcrübəsi,
praktik vasitəçilik texnologiyaları və tərəfdaşlarla işləmə
bacarığı öyrədilir. Burada diplomatiya bir elmdən çox – tətbiqi
peşə, sahə təcrübəsinə dayalı bacarıqdır.

Körfəz dövlətləri artıq sadəcə “danışıqlar masası” təklif etmir
– onlar konkret maliyyə paketi ilə sülh prosesini təminat altına
alırlar. Hər siyasi razılaşmanın arxasında maliyyə təşviqləri,
sərmayə və bərpa layihələri durur. Bu, sülhü sadəcə mənəvi dəyər
deyil, iqtisadi məhsul kimi də təqdim edir. Bəli, bu, bahalı
sülhdür. Amma bu, həm də gəlir gətirən sabitlikdir – infrastruktur,
logistika, texnologiya, turizm, əmək bazarları bu sabitlikdən
bəhrələnir.

Uğurlu vasitəçilik – bu gün Fars körfəzi ölkələrinin əsas
reputasiya valyutasına çevrilib. Bu brend onlara suveren siyasi
çəkidə sıçrayış qazandırır. Artıq onlar kənardan yönləndirilən
aktorlar yox, özlərinə müraciət olunan oyunçulardır. Məhz bu
səbəbdən BƏƏ bu gün paralel şəkildə həm Tehran, həm Təl-Əviv, həm
Bakı, həm də Kabul ilə danışıqlar apara bilir.

Körfəz monarxiyaları üçün vasitəçilik nə xeyriyyəçilikdir, nə də
geosiyasi lüks. Bu – yaşamaq üçün rasional strategiyadır. Nə atom
silahları var, nə də BMT Təhlükəsizlik Şurasında daimi kürsü. Ona
görə də danışıqlar platforması təqdim etməklə, təhlükəsizlik təmin
etməklə, bərpa layihələrini maliyyələşdirməklə bu ölkələr
diplomatik fəallığı öz suverenliklərinin sığortası kimi
dəyərləndirirlər.

Bugünkü mərhələdə Fars körfəzi dövlətləri sadəcə danışıqlara ev
sahibliyi etmir, onlar “siyasi sabitlik”i xidmət kimi ixrac
edirlər. Bu, xüsusilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdə
aktualdır – on illərlə münaqişə içində qalan, dövlət institutları
zəif olan regionlar üçün bu model sabitliyə alternativ yol təklif
edir.

Lakin bu model universal deyil. Onun işləməsi üçün daimi dövlət
dəstəyi, diplomatik peşəkarlıq və ideoloji uçurumlar arasında incə
manevr qabiliyyəti tələb olunur. Körfəz İsveçrə deyil: burada sülh
hüquqi normalara yox, maraqlar balansına və “hər kəslə danışmaq
bacarığına” əsaslanır – Vaşinqtonla da, Tehranla da, İslamabadla
da.

Yeni qlobal diplomatiya dizaynı: Körfəz
ssenarisi

Fars körfəzi ölkələrinin vasitəçilik modeli əslində qlobal
diplomatiya strukturunun yenidən yazılması cəhdidir. Artıq “böyük
güclər” təkbaşına qaydaları müəyyən etmir. Legitimlik böhranına
uğrayan köhnə institutların yerini pul, nüfuz və sürətli manevr
qabiliyyəti olan dövlətlər tutur. Bu yeni vasitəçilərin üstünlüyü –
imperiya komplekslərinin yoxluğu, moralizmdən uzaqlıq və nəticəyə
görə real xərc çəkməyə hazır olmalarıdır.

Böyük güclər daxili böhranlarla çabaladığı, diplomatik mövqeləri
zəiflətdiyi bir dövrdə Körfəz ölkələri qeyri-sabitliyi təsir
alətinə çevirir. Bu qeyri-sabitlik onların təsir zonalarına
çevrilir – yeni təriflə, bu artıq diplomatiyanın post-Vestfaliya və
post-Yalta dövrüdür. Və bu dövrün yeni mərkəzi Brüssel və ya
Nyu-York deyil. Bu, Doha, Əbu-Dabi və Ər-Riyaddır.

Baku Network