Ermənipərəst konqresmenlərin Trampa məktubu onların sonunun çatdığını göstərir – Azər Qarayev

Siyasət

Bakı. Trend:

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün
diplomatik səylər irəlilədiyi bir vaxtda, ABŞ Konqresində köhnə
oyun yenidən səhnəyə çıxarılıb. Belə ki, 87 konqresmen Prezident
Donald Trampın administrasiyasına məktubla müraciət edərək
ermənilərin guya “Dağlıq Qarabağa qayıdışına” dəstək verməyə
çağırıb. Məktubu imzalayanlar arasında Demokrat və Respublikaçı
partiyaların ermənipərəst mövqeyi ilə tanınan üzvləri – Frank
Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao yer alıb.
Onlar illərdir ABŞ Konqresində Ermənistanla “dostluq qrupu”nun
həmsədrləri kimi fəaliyyət göstərirlər. Ancaq “insan hüquqlarının
müdafiəsi” adı altında təqdim edilən bu təşəbbüs, əslində, Cənubi
Qafqazda sülhə qarşı siyasi sabotajdan başqa bir şey deyil.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Bu, amerikalı siyasətçilərin erməni lobbisinin maraqları naminə
regiondakı proseslərə müdaxiləsinin ilk nümunəsi deyil. 1992-ci
ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”nın 907-ci əlavəsi – o
dövrün sanksiya qərarı – ABŞ-ın birbaşa Azərbaycanın əleyhinə mövqe
tutduğunu göstərdi. Bu qərar Ermənistanın təcavüzkar siyasətini
stimullaşdırdı, işğal və qırğınların, bir milyondan çox
azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinin
əsasına çevrildi. İndi oxşar ritorika yenidən gündəmə gətirilir. “Ermənilərin Qarabağa qayıdışı” şüarı humanitar təşəbbüs deyil,
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş
çağırışdır. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tam şəkildə
bərpa etdiyi ərazi bütövlüyü şübhə altına alınır. Ermənilərin
Azərbaycanda yaşamaq hüququ inkar edilmir, lakin yalnız Azərbaycan
vətəndaşları kimi separatizmə pərdələnmiş status istəyi artıq
tarixə gömülüb. Ermənipərəst konqresmenlərin Trampa bu məktubu isə
revanşizmin son nəfəsidir”, – o bildirib.

Onun sözlərinə görə, bu kampaniyanın arxasında yenə də ABŞ-də
güclü və yaxşı maliyyələşdirilən erməni diasporası dayanır.

“Bu diaspora təkcə maliyyə dəstəyi ilə kifayətlənmir, o,
illərdir ki, Ermənistana siyasi təsir göstərərək onu
kompromislərdən uzaqlaşdırır, regionda real dövlət olmaq
imkanlarını zəiflədir. Bu gün Ermənistanın yaşadığı böhranlı
vəziyyətin əsas səbəblərindən biri də məhz bu diasporun təsiridir.
Ermənistan ictimaiyyətində artıq bu asılılıqdan qurtulmaq
çağırışları güclənir. Ancaq ABŞ Konqresindəki bəzi siyasətçilər
hələ də köhnə sxemlər üzrə hərəkət edir: diaspor pulları, səs
bazası və siyasi lobbi mexanizmləri hələ də onlar üçün üstünlük
təşkil edir – istər sülh pozulsun, istərsə də regionda sabitlik”, –
o bildirib.

A.Qarayev qeyd edib ki, konqresmenlərin məktubunun vacib
aspektlərindən biri onun ünvanının – Donald Tramp olmasıdır.

“Bu təsadüfi deyil. Onun ilk prezidentliyi dövründə Ağ Ev
Ermənistan-Azərbaycan münaqişəsində neytrallığını qoruyub, İkinci
Qarabağ müharibəsinin gedişinə müdaxilə etməməyi seçdi. Hətta Tramp
administrasiyası faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü
bərpa etmək hüququnu tanıdı. Bu yanaşma ABŞ-dakı erməni
strukturlarının sərt tənqidinə səbəb oldu. Onlara sülh lazım deyil,
çünki onların ideologiyası məğlub olub. Onlara xaos lazımdır ki,
yenidən tələblər irəli sürsünlər, beynəlxalq arenada “zərərçəkmiş”
rolunu oynasınlar və ABŞ daxilində seçki və maliyyə vasitəsilə
nüfuzlarını saxlasınlar. Buna görə də bu günkü təşəbbüs yalnız
Azərbaycana zərbə deyil, həm də Trampa hücumdur. Trampın 2024-cü
ilin sonunda yenidən prezident seçilməsi onlar üçün təkcə xarici
siyasət baxımından deyil, şəxsi səviyyədə də təhdid oldu:
korrupsiya əlaqələri, kölgə sxemləri, lobbiçilik sazişləri,
bunların hamısı araşdırmaların mövzusu ola bilər. Belə ki, bu
konqresmenlərin bəziləri korrupsiya qalmaqallarının mərkəzindədir.
Ən bariz nümunə – senator Robert Menendesdir. O, rüşvət alma,
çirkli pulların yuyulması və xidməti vəzifədən sui-istifadə
maddələri ilə istintaqa cəlb olunub. İttihamlar sırasında onun
xarici diasporlardan, o cümlədən erməni strukturlarından gizli
şəkildə maliyyə dəstəyi aldığı da yer alır. Adam Şiff də bu
kontekstdə diqqət çəkir. Tramp onu açıq şəkildə “oğru və dələduz”
adlandırmış, hətta həbs olunmalı olduğunu bildirmişdi. Menendesin
həbsindən sonra başqa konqresmenlərə də yönəlik istintaqlar
gözlənilir. Bu səbəbdən, Tramp hakimiyyəti onları təşvişə salır,
çünki “batmış sistemin” ifşası reallığa çevrilmək üzrədir”, – o
bildirib.

Politoloq vurğulayıb ki, regionda gedən real sülh prosesi Bakı
ilə İrəvan arasında birbaşa danışıqlar, nəqliyyat
kommunikasiyalarının açılması, etimad mühitinin formalaşdırılması
Vaşinqtondakı ermənipərəst konqresmenlərin əslində artıq funksional
olmadığını göstərir.

“Onların “müdafiəçi” obrazı, “Ermənistanın dostu” imici artıq
keçmişdə qalıb. Bu gün sülh reallıqdır. Qarabağda münaqişə dövrü
bitib. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazilərini azad
edib. Sülh istəyənlər masa arxasına əyləşir, revanşistlər isə ABŞ
Konqresində “məktub diplomatiyası” ilə regionu yenidən gərginliyə
çəkməyə çalışırlar. Bu siyasətçilər üçün Bakı və Yerevan arasındakı
sülh prosesi təhdiddir. O, onların mənasız rolunu ifşa edir,
onların bəyanatlarını və “dostluq qruplarını” lazımsız edir. Ən
əsası isə uzun illər boyu iddia edilən “zülm görən tərəfi”
dəstəkləmək adı altında pul, siyasi bonuslar və diasporanın seçki
dəstəyini qazandıran sistemi mənasızlaşdırır”, – o bildirib.

A.Qarayev qeyd edib ki, sülh onların gündəliyini məhv edir.

“Buna görə də, onlar bu prosesi dayandırmaq üçün əlindən gələni
edirlər. “İnsan hüquqları” şüarları altında bölgənin yenidən
destabilizasiyasına aparan ideyaları irəli sürür, “demokratiyanın
dəstəyi” bəhanəsi ilə digər dövlətlərin daxili işlərinə müdaxilə
edirlər. Amma əslində sadə bir faktdan qorxurlar: Azərbaycan və
Ermənistan sülh sazişi imzalaya bilərlər və bununla da onların
siyasi rolu bitəcək.

Nəticə olaraq, 87 konqresmenin məktubu Amerikanın səsi deyil.
Bu, sabitliyi öz maraqlarının fövqünə qoyan kiçik, lakin aqressiv
bir qrupun səsidir. Regionda sülhün bərqərar olunmasına yönəlmiş
real səylər, məsələn, Əbu-Dabidə keçirilmiş son görüş fonunda
separatçı ritorikaya qayıdış təkcə köhnəlmiş deyil, həm də
təhlükəli görünür.

ABŞ daim özünü beynəlxalq hüququn tərəfdarı kimi təqdim edib.
Lakin məsələ Cənubi Qafqaza gəldikdə, Amerika siyasi elitasının bir
hissəsi ikili standartlarla hərəkət edir. Tramp davamlı
nizamlanmanı dəstəkləməyə hazır olduğunu nümayiş etdirdiyi bir
vaxtda, Konqresdəki rəqibləri qarşıdurma yolunu və “yaxşı
ermənilər, pis azərbaycanlılar” oyununun köhnə ssenarisini
seçirlər. Bunun sonu, təbii ki, onların məğlub olması ilə
yekunlaşacaq”, – politoloq əlavə edib.

Spread the love