Müxtəlif ölkələrdə Azərbaycan diasporunun həmrəylik və birlik nümayiş etdirən nümayəndələri Ermənistanın silahlı təcavüzünə etiraz olaraq, dövlətimizə və ordumuza dəstək aksiyaları keçirirlər.
Niderlandda yaşayan həmyerlimiz Şamil Mustafayev Media.Az-a açıqlamasında bu ölkədə, eləcə də Belçikada yaşayan azərbaycanlıların ermənilərin təşkil etdiyi aksiyaları necə pozmasından danışıb.
Əvvəlcə qeyd edək ki, Ş.Mustafayev Eyndhoven Texniki Universitetində biznes üçün informasiya sistemləri üzrə magistr dərəcəsi alıb. 2018-ci ildən Niderland şirkətində IT məsləhətçisi olaraq çalışır. 2016-cı ildə dostları ilə birlikdə Azərbaycan idman klublarını və milli komandalarını dəstəkləyən “Milli Dəstə” fan-qrupunu yaradıb və onun rəhbəri olub.
Ş.Mustafayevin sözlərinə görə, azərbaycanlılardan ibarət qrup ermənilərin aksiyalarına qarşı iki əks-etiraz aksiyası keçirib.
“Niderlandda cavab aksiyamız iyulun 18-də, Belçikada isə iyulun 22-də baş tutdu. Hazırlaşmağa çox az vaxtımız var idi, çünki ermənilərin aksiyaları barədə yalnız bir gün əvvəl məlumat əldə etmişdik. Hər iki ölkədə aksiyaya 60-a yaxın soydaşımız qatıldı. Niderlandda ermənilərin keçirdiyi aksiyada 100-ə, Belçikada isə 500-ə yaxın insan iştirak edirdi. İki saat davam edən aksiyalarımız Azərbaycanın Niderlanddakı və Belçikadakı səfirliklərinin ərazisində baş tutdu.
Məkan təsadüfən seçilməyib, çünki ermənilər öz tədbirlərini ölkəmizin səfirliklərinin qarşısında planlaşdırırdılar. Bizim vəzifələrimizdən biri diplomatik nümayəndəliyimizə, Fransada olduğu kimi, daş atılmasının qarşısını almaq idi. 10-dan artıq banner və plakat da hazırlamışdıq. Mənim işim toplananların ayrı-ayrılıqda deyil, eyni zamanda şüarlar səsləndirməsinə nəzarət etmək idi. Məsələ burasındadır ki, mənim idman yarışlarından oxşar təcrübəm var”, – deyə, Ş.Mustafayev bildirib.
Niderlandda əks-etiraz
O qeyd edib ki, ermənilər azərbaycanlıların cavab aksiyalarını hazırlaması barədə məlumatlı idi, buna görə, hazırlıqlı gəlmişdilər:
“Polis Belçikadakı mitinqi dağıtdıqdan sonra ərazidə çox sayda soyuq silah – kastetlər, bıçaqlar və hətta travmatik tapançalar tapıldı. Ermənilərin bu aksiyalara yalnız bizimkiləri təhrik etmək üçün gəldikləri aydın idi.
Onlar bizim əks təsirimizdən qıcıqlanaraq, təxribatlara əl atdılar. Niderlandda ermənilər bizə su şüşəsi, Belçikada isə daş və ağac atırdılar. Nümayişin sonunda erməniləri Belçika polisi müşayiət etdi. Buna baxmayaraq, bəziləri polisin nəzərindən yayınaraq, soydaşlarımızı onlara hücum etmək üçün təqib etməyə başladılar. Videoda bu qorxunc mənzərələri hamımız gördük. Ermənilərin mitinqlərini müharibə əleyhinə, dinc nümayişlər kimi təqdim etmək istəmələrinə baxmayaraq, yeganə niyyətləri sabotaj təşkil etmək və soydaşlarımıza zərər vermək idi”.
Belçikada əks-etiraz
Onun fikrincə, sayca az olmalarına baxmayaraq, azərbaycanlılar məqsədlərinə çatdılar:
“Biz ermənilərin tədbirlərini keçirmələrinə mane ola bildik. Onlar öz saylarından ruhlanaraq həmvətənlərimizə hücum etməyə çalışdılar, lakin Niderlandda olduğu kimi, Belçikada da polislər vaxtında işə qarışdılar. Nəticədə, Niderlandda polis yeddi saatlıq icazə almalarına baxmayaraq, tədbirin başlamasından iki saat sonra erməniləri dağıtdı. Belçikada isə soydaşlarımıza və Azərbaycan səfirliyinə hücum etdiyinə görə 17 erməni həbs olundu”.
Ş.Mustafayev hər iki əks-etirazda yerli mətbuat nümayəndələrinin iştirak etdiyini, lakin hadisələri fərqli şəkildə işıqlandırdıqlarını qeyd etdi. Məsələn, Niderland mətbuatı ermənilərin təxribata qarışdıqlarını xəbər versə də, təəssüf ki, Belçikada jurnalistlər, əksinə, azərbaycanlıların təxribat törətdiklərini yazdı.