Prezident İlham Əliyevin “Yaşıl” strategiyası: ölkələri, regionu və dünyanı birləşdirən baxış

Siyasət

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və
qlobal səviyyədə “Yaşıl” transformasiyanın aparıcı qüvvələrindən
birinə çevrilib.

Ölkədə “Yaşıl” energetikanın inkişafı hərtərəfli və strateji
xarakter daşıyır və bütün əsas sahələri – işğaldan azad edilmiş
ərazilərdə bərpa olunan enerji mənbələrinin tətbiqindən tutmuş
aparıcı qlobal şirkətlərlə genişmiqyaslı beynəlxalq əməkdaşlığa
qədər əhatə edir. Azərbaycan Masdar (BƏƏ), ACWA Power (Səudiyyə
Ərəbistanı) kimi tərəfdaşlarla, eləcə də bir sıra Çin enerji
korporasiyaları ilə enerji sektorunda davamlı artımı təmin edən
layihələr həyata keçirir.

Prezident İlham Əliyevin iyulun 19-da Xankəndində “Rəqəmsal
keçidlər: Süni intellekt əsrində informasiya və medianın
dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media
Forumunun iştirakçıları ilə görüşü zamanı dediyi kimi, Azərbaycanın
“Yaşıl” gündəliyi çox genişdir.

“2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri
əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş,
külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik
enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280
meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara
vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir”, –
deyə dövlət başçısı bildirib.

Beləliklə, Prezident İlham Əliyevin “yaşıl” gündəliyi daxili
inkişafdan çox-çox kənara çıxır. Onun təşəbbüsü ilə Azərbaycan
Mərkəzi Asiya və Avropa ölkələrini birləşdirən regional “Yaşıl”
enerji dəhlizlərinin formalaşmasında mərkəzi halqaya çevrilib.
Onların arasında Azərbaycan-Qazaxıstan-Özbəkistan transxəzər
“Yaşıl” dəhlizi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı
birləşdirən Qara dənizin dibi ilə sualtı enerji kabelinin çəkilməsi
layihəsi və digər Avropa ölkələrinin də marağı artmaqdadır.

Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan “Yaşıl”
enerjinin ötürülməsi, istehsalı və paylanması üçün bir növ mərkəzə
çevriləcək.

“Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz
yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə
Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək
elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında
Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan
prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi
ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi
Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna
birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya,
Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir
yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region
təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə
edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz
coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o
demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz
coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz
artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və
Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ
qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və
paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız
var.”, – deyə Prezident İlham Əliyev bildirib.

Bu fəaliyyət məntiqi olaraq qlobal iqlim gündəliyinə uyğun gəlir
və Azərbaycanın iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına fəal
töhfə verir. Bu kontekstdə Azərbaycanın BMT İqlim Dəyişikliyi üzrə
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi xüsusi
əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ardıcıl rəhbərliyi
sayəsində Bakıda keçirilən konfrans konkret nəticələr və qlobal
iqlim tərəqqisinə doğru addımlarla əlamətdar olan dönüş nöqtəsinə
çevrildi.

Azərbaycanın COP29-a sədrliyinin ayrıca prioriteti beynəlxalq
ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin təsirlərindən ən çox
əziyyət çəkən kiçik ada dövlətlərinin həssaslığına cəlb etmək olub.
Azərbaycan həmrəylik səsi kimi çıxış edərək, bu ölkələrə dəstək
mexanizmlərinin daha fəal müzakirəsinə təşəbbüs göstərib və
ədalətli iqlim maliyyələşdirməsini təmin edib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz rolunu
Qlobal Cənub və Qlobal Şimal arasında bir növ körpü kimi
görürdü.

“Düşünürəm ki, biz uğur qazandıq. COP29-un mühüm
nailiyyətlərindən biri də belə konstruktiv atmosfer yaratmağımız
idi. Həmçinin, bizim şəxsi töhfəmiz sayəsində karbon bazarlarının
fəaliyyəti ilə bağlı 6-cı maddə üzrə razılığa gəlmək mümkün oldu.
Ən azı son 10 ildə müzakirə olunan məsələ. Beləliklə, bu, COP29-un
çox mühüm və nəzərə çarpan nəticəsidir.

Bizim fikrimizcə, digər mühüm nəticə ondan ibarətdir ki, biz
iqlim dəyişikliyinin həlli üçün ayrılan maliyyəni COP29-dan əvvəl
olduğu kimi 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına
çatdırmağa razılaşa bilmişik. Biz bilirik ki, bəzi ölkələr bununla
kifayətlənmir, amma dürüst olmalıyıq, çünki biz maliyyələşməni üç
dəfə artıra bilmişik”, – deyə Prezident İlham Əliyev bildirib.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın “Yaşıl” strategiyası məsuliyyət, inklüzivlik və
davamlılıq prinsiplərinə əsaslanan davamlı daxili inkişafdan
regional birləşməyə və qlobal təsirə qədər çoxsəviyyəli bir
modeldir.

Azərbaycan nəinki “Yaşıl” enerjiyə keçidlə bağlı genişmiqyaslı
proqram həyata keçirir, həm də regional və qlobal enerji
əməkdaşlığının yeni arxitekturasını formalaşdırır. Ölkədaxili
islahatların, strateji tərəfdaşlıq və iqlim diplomatiyasının uğurlu
inteqrasiyası ölkəyə beynəlxalq ekoloji arenada lider mövqe tutmağa
imkan verib.

Prezident İlham Əliyevin təşəbbüsü sayəsində əldə edilmiş
COP29-un nəticələri təsdiq etdi ki, Azərbaycan təkcə etibarlı
tərəfdaş deyil, həm də inkişaf etməkdə olan digər ölkələr üçün
ruhlandırıcı nümunədir.

Qlobal iqlim böhranı kontekstində Azərbaycanın “Yaşıl” gündəliyi
həllin ayrılmaz hissəsinə çevrilib, onun geosiyasi və enerji
əhəmiyyəti isə bütün regionun və onun hüdudlarından kənarda
dayanıqlı gələcəyin sütununa çevrilib.