“İqlim dəyişmələri bu günün problemidir. Problemin qarşısını almaq üçün imkan və vəsaitimiz varmı? Biz insanlarla ünsiyyətdə olmalıyıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Nobel sülh mükafatı laureatı Ouided Bouchamaoui VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.
O bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlər ibtidai sinifdən tədris olunmalı, universitet pilləsinədək tədrisi davam etməlidir:
“Hər kəs iqlim dəyişmələri ilə bağlı narahatlığını bildirməlidir. Biz fərqli problemlərlə üz-üzəyik. Yoxsulluq, iqtisadi, sosial problemlər meydana çıxır. Bu məsələlərin çox vacib olduğunu dərk etməliyik. Problemin həlli bizdədir və problemi addım-addım izah etməliyik. Bizim nəyimiz var, nəyi planlaya bilərik? Hesab edirəm ki, ilk olaraq sudan başlamalıyıq. Suyun səmərəli istifadəsi, daha da çox qorunub saxlanılması barədə düşünməliyik. Burada problemin sadə və eyni zamanda asan başa gələn həllini tətbiq etməliyik”, – deyə o əlavə edib.
O qeyd edib ki, fərqli yollarla kənd təsərrüfatının inkişaf etdirilməsi lazımdır:
“Bunu necə edə bilərik? Bununla bağlı təlimlər keçirə bilərik. Suyun daha qənaətli istifadəsi üçün yollar tapmalıyıq. Qarşımızda çoxlu günəşli günlər var və bundan faydalanmalıyıq. Məsələn, günəş enerjisindən daha çox istifadə edə bilərik. Günəş enerjisindən ev təsərrüfatlarında istifadə üçün asan yolları təşviq etməliyik. Bu forumda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım göstərə bilərlər”.
Aqşin Kərimov