“Amulsar” mədəni Ermənistan üçün niyə vacibdir?

Siyasət

Artıq bir neçə ildir ki, ekoloqlar, beynəlxalq təşkilatlar və media Ermənistanda “Amulsar” qızıl yatağının istismarının Xəzər dənizi hövzəsi, Qafqaz regionunda torpağın keyfiyyəti və ümumiyyətlə, Azərbaycanın ekologiyası üçün ciddi təhlükə yarada biləcəyi barədə bəyanatlar səsləndirir. Hətta bəziləri mədənin istismarını Qarabağ münaqişəsi ilə də müqayisə edirlər. Görünən odur ki, yataq getdikcə Nikol Paşinyan hökuməti üçün “qanayan yara”ya çevrilir.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.

“İndi Ermənistan hökuməti ətraf mühit fəalları ilə beynəlxalq mədən şirkəti arasında qalıb”, – deyə nüfuzlu qərb nəşri “Emerging Europe” yazır. Uzun illərdir ki, “Lydian İnternational” İngiltərə-Kanada mədən şirkətinin törəmə müəssisəsi olan “Lydian Armenia” mədəndə qızıl hasilatına başlamağa cəhd edir. Amma onların cəhdinin qarşısı yerli sakinlərin və ekoloqların səyi nəticəsində alınır.

2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan mədənin istismar üçün açılmasına cəhd göstərdi. Dərhal da fəallar hər hansı ağır texnikanın əraziyə keçməsinin qarşısını almaq üçün yolu vaqon evlərlə bağladılar. Keçən il “Lydian Armenia” onların sökülməsini həyata keçirmək üçün özəl təhlükəsizlik şirkətinə müraciət də etdi. Nəticədə, qarşıdurma yarandı, onlarla etirazçı həbs edildi. Bu qarşıdurma və toqquşmaların üstündən bir ildən çox vaxt keçsə də, mübahisə davam edir və yaxın gələcəkdə həllinə ümid yoxdur.

“Lydian Armenia” ilk dəfə 2005-ci ildə “Amulsar”da qızıl yataqları aşkar edib. 2012-ci ildə şirkət o vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi hökumətlə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Bəzi hesablamalara görə, istehsal başlamasa da, şirkət layihəyə artıq 400 milyon dollar sərmayə qoyub.
 
Qərb nəşri diqqəti ona yönəldir ki, mədənlə bağlı planlar əvvəldən ekoloqların etirazı ilə üzləşib. Onların əsas şikayəti qızıl mədənlərində sianidin potensial istifadəsi ilə bağlıdır. Kimyaçı mütəxəssis Oksana Xarçenkonun sözlərinə görə, sianid bütün dünyada qızıl hasilatında istifadə olunur. “Sianid filizdən qızılın yuyulması üçün istifadə olunur” deyən mütəxəssis, bunun mənfi fəsadlarını sadalayır:

“Bu o deməkdir ki, filiz yataqlarına sianid məhlulu tətbiq etməklə mədənçilər yalnız qızılı çıxara bilərlər. Bu, sağlamlığa əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər”. Ekoloqlar da Arpa və Vorotan çayları arasındakı vadidə yerləşən “Amulsar” mədəninin ətraf mühit üçün təhlükə yaratdığını bildirirlər. Bu da öz növbəsində Ermənistandakı Göyçə gölünün ekosisteminə ciddi təsir göstərəcək.

Nəşr yazır ki, 40 ton təmiz qızıl olduğu bildirilən “Amulsar” yatağı müstəqil Ermənistan tarixində ən iri investisiya layihəsi hesab olunur. Layihə işə düşərsə, Ermənistan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Paşinyanın baş nazir kimi ilk addımlarından biri Livanın ELARD şirkətinə “Amulsar” mədəninin istismarının mümkün mənfi nəticələrini öyrənmək üçün göstəriş verməsi olub. Şirkət mədənin istismarının Göyçə gölü də daxil olmaqla yaxınlıqdakı su mənbələrinə təsirinin olduqca aşağı olduğu qənaətinə gələn bir hesabat hazırlayıb. Paşinyan hesabatı yüksək qiymətləndirərək layihəyə “yaşıl işıq” yandırıb. Lakin etirazçılar başqa fikirdədirlər. Onlar hesab edirlər ki, hesabatda faktiki olaraq mədənin ətraf mühitə zərər vuracağı açıq şəkildə göstərilib. Bu səbəbdən də, baş nazir cəmi iki həftədən sonra fikrini dəyişdi. Hökumət bəyan edib ki, layihənin ətraf mühitə zərər vurub-vurmayacağını araşdırmaqda davam edəcəklər. Beləliklə də, Ermənistan hakimiyyəti indi çətin vəziyyətdədir. Paşinyan iqtidarı özünü sələflərindən daha açıq və demokratik göstərməklə fəalların təkidini qulaqardına vurmaq istəmir. Bununla belə, etirazçıların tələblərinə boyun əymək investorların Ermənistana inamını sarsıda bilər.

Ermənistanda artıq xarici kapital yoxdur, ona görə də, ölkə digər potensial investorları qorxutmaq niyyətində deyil. Bundan əlavə, “Lydian Armenia” artıq yüz milyonlarla dollar xərclədiyi layihənin dayandırılmasına görə Ermənistan hökumətinə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət edə bilər. Bunun üçün presedent də var. “Gabriel Resources” şirkəti Rumıniyada qızıl yatağını istismar etmək üçün müqavilə bağlayıb. Amma ekoloqların etirazından sonra bu müqavilə ləğv edildi. Bundan sonra şirkət Rumıniyaya qarşı investisiya müqaviləsinin pozulması ilə bağlı 4,4 milyard dollarlıq iddia qaldırıb.

Baş nazirin müavini Suren Papikyan keçən ay “mədəni işlətməyə meyilli olduqlarını” desə də, Paşinyan son vaxtlar bu məsələ barədə susmağa üstünlük verib. Necə deyərlər, “Amulsar” Ermənistanın boğazında qalıb, nə uda bilir, nə də qaytara.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir