
Bakı. Trend:
İyulun 22-də İstanbulda işə başlayan “IDEF 2025” Beynəlxalq
Müdafiə Sənayesi Sərgisi başa çatıb.
Trend xəbər verir
ki, sərgidə dünyanın 103 ölkəsindən 231 heyətlə müdafiə nazirləri,
baş qərargah rəisləri, qoşun komandanları başda olmaqla, ümumilikdə
minə yaxın beynəlxalq nümayəndə iştirak edib.
Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin
rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil edilib.
“IDEF 2025”-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində
olan “Azərsilah Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin
rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”,
“USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə
təmsil olunub.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ
atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar,
müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s.
daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib.
“IDEF 2025”-də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş
7,62×54 mm-lik snayper tüfəngi, 2 növ 12,7×108 mm-lik iriçaplı
piyada pulemyotu və 14,5×114 mm-lik iriçaplı pulemyot
sərgilənib.
Tədbirdə Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin bir
sıra məhsulları ilk dəfə ictimaiyyətə təqdim edilib. Bunların
arasında yeni nəsil müxtəlif təyinatlı raketlər, “EREN”
yüksəksürətli çoxməqsədli dövrə vuran sursat, “300 ER” ballistik
raket sistemi, “Şimşek-2” peyk buraxılış qurğusu, yeni nəsil
anti-PUA sistemi “EJDERHA”, “ASELFLIR 600” elektro-optik kəşfiyyat,
müşahidə və hədəfi izləmə sistemi, yüksək dəqiqliklə hədəf
aşkarlama radarı, “GÖKSUR VLS” hava hücumundan müdafiə sistemi kimi
bir çox texnologiya, eləcə də Türkiyənin ilk milli hücum katerinin
modeli yer alıb.
Altı gün davam edən sərgini 120 mindən artıq qonaq ziyarət
edib.