
Bakı. Trend:
XXI əsrin xarici siyasət arxitekturasında Azərbaycan artıq
geosiyasi proseslərin obyekti yox, subyektidir. Son altı ay bunun
aydın sübutudur. 2025-ci ilin ilk yarısının yekunlarına əsasən,
Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 24,2 faiz
artıb. Bu təkcə iqtisadi göstərici yox, həm də Avropa İttifaqının
fakt qarşısında qaldığını təsdiqləyən siyasi reallıqdır.
Azərbaycanla strateji tərəfdaşlıq olmadan Aİ-nin enerji,
infrastruktur və geosiyasi dayanıqlılıq sahəsindəki ambisiyaları
təhlükə altındadır.
Uzun illər Aİ-nin Bakıya münasibəti ideoloji çərçivədə
qurulurdu: əvvəl “dəyərlərə” uyğunluq, sonra əməkdaşlıq. Lakin
2022-ci ildə Rusiyadan qaz asılılığının kəsilməsi fonunda yaranan
enerji böhranı Brüsseli kursunu dəyişməyə vadar etdi. 2024-cü ilə
gəldikdə isə Azərbaycan Aİ-yə OPEK-ə daxil olmayan ölkələr arasında
Norveçdən sonra ikinci ən iri qaz təchizatçısına çevrildi. 2023-cü
ildə Avropaya 13 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki,
bu da əvvəlki illə müqayisədə 9,5 faiz artım deməkdir. Hədəf
dəyişməyib – 2027-ci ilə qədər bu rəqəm 20 milyard kubmetrə
çatdırılmalıdır.
2025-ci ilin martında Brüsseldə keçirilən nazirlər forumunda
çıxış edən Aİ-nin energetika üzrə komissarı Kadri Simson açıq
şəkildə bildirdi: “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. Biz
Cənub Qaz Dəhlizi vasitəsilə təchizatın diversifikasiyasına ümid
edirik”. Bu bəyanat artıq diplomatik jest deyil, Avropanın Cənubi
Qafqaza enerji asılılığının rəsmi etirafı idi.
Aİ-nin xarici siyasət xidməti rəhbəri Kaya Kallasın 2025-ci ilin
aprelində Azərbaycana səfəri siyasi dönüş nöqtəsi oldu. Onun
“Azərbaycanın Cənubi Qafqazda açar rol oynaması” ilə bağlı bəyanatı
sammit zalında yox, Avropa parlamentarilərinin bir neçə ay əvvəl
“avtoritarizm” və “azlıqların hüquqlarının pozulması” ilə ittiham
etdiyi ölkənin paytaxtında səsləndi.
Ən önəmlisi isə odur ki, bu səfər zamanı nə Kallas, nə də
nümayəndə heyətinin digər üzvləri Azərbaycanın ünvanına tənqidi
açıqlamalar vermədi – nə Qarabağ mövzusunda, nə də daxili siyasətlə
bağlı. Bu, misilsiz hadisədir. Xüsusilə də 2024-cü ilin oktyabrında
Avropa Parlamentinin “müxalifətin təqibi” və “QHT-lərin
hüquqlarının pozulması” kimi marazmatik suçlamaların yer aldığı
sərt qətnaməni nəzərə alsaq. Kontrast açıqdır: Brüssel ritorikadan
imtina etmir, lakin bu ritorikanı əməli addımlarla müşayiət etməyi
dayandırır.
Bəs yaxşı, nə dəyişdi? Azərbaycan heç bir güzəştə getmədi.
Əksinə, 2023-cü ildə, bütün təzyiqlərə baxmayaraq, ölkənin bütün
ərazisi, o cümlədən Qarabağ üzərində suveren nəzarətini bərpa etdi.
2024-cü ildə isə Bakı, Aİ tərəfindən təklif olunan və suverenlik
məhdudiyyətləri yaradan bir neçə hüquqi sənədin ratifikasiyasından
imtina etdi.
Bununla yanaşı, Azərbaycan regional inteqrasiyanı gücləndirdi:
Gürcüstan, Qazaxıstan və Özbəkistanla nəqliyyat-loqistika sahəsində
əməkdaşlıq dərinləşdirildi, Türkiyə ilə yeni sazişlər imzalandı,
İƏT, Ərəb Dövlətləri Liqası və hətta BRİKS ölkələri ilə diplomatik
təmaslar aktivləşdirildi. Bütün bunlar Bakıya beynəlxalq
danışıqlarda yeni çəkidə mövqe qazandırdı.
Suverenlik müzakirə mövzusu deyil. Biz əməkdaşlığa açığıq, lakin
yalnız qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında.
Cəmi bir həftə sonra Avropa Şurasının rəhbəri Antoniu Koşta AİP
2028 sammitinin Bakıda keçiriləcəyini elan etdi. Bu artıq
diplomatiya yox, geosiyasi reallıqdır.
Avropa İttifaqı öz passivliyinin qurbanına çevrildi. Enerji
keçidi davam edir, lakin təchizat marşrutlarının etibarlılığı əsas
məsələ olaraq qalır – qaz, hidrogen və nadir torpaq elementləri
üçün. 2024-cü ildə Qırmızı dənizdə böhran və husilərin tankerlərə
hücumu göstərdi ki, ən təhlükəsiz marşrut Xəzər və Cənubi Qafqaz
üzərindən keçir. Lakin Aİ bu reallığa cavab verə bilmir.
Azərbaycan Bakı limanının modernizasiyasına, TANAP-ın
genişləndirilməsinə və yeni logistika qovşaqlarının qurulmasına 2
milyard dollardan çox sərmayə yatırıb. Amma Avropa tərəfi hələ də
addım atmır. Avropa İnvestisiya Bankı 2022-ci ildən imzalanan
sazişlərə baxmayaraq, TAP-ın genişləndirilməsi və Bolqarıstanda
enerji şəbəkələrinin modernizasiyasını maliyyələşdirməyib.
Aİ hələ də uzunmüddətli qaz müqavilələrinin 2049-cu ildən sonra
qüvvədə qalmasına etiraz edir – Bakı isə bu şərti qeyri-real hesab
edir. Prezident İlham Əliyev 2025-ci ilin aprelində açıq
xəbərdarlıq etdi: “Əgər Brüssel baryerləri aradan qaldırmasa, biz
digər bazarlara yönələcəyik. Şərq gözləyir”.
Hazırda müzakirə olunan ən mühüm geo-iqtisadi layihələrdən biri
Transxəzər qaz kəmərinin yenidən gündəmə gəlməsidir. Türkmənistan
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya
səfərində Aşqabadın Cənub Qaz Dəhlizinə qoşulması məsələsi müzakirə
olunub. Bu, Aİ-yə Rusiya və İranı keçmədən türkmən qazına çıxış
imkanı verəcək. Amma bu layihə Aİ-dən siyasi iradə tələb edir.
Türkmənistan artıq siqnal verib – Aşqabad hazırdır. Sual
Avropanın nə qədər hazır olmasındadır. Hələlik isə Brüsseldə
strateji apatiya hökm sürür: prioritet Qətər və ABŞ-dən
mayeləşdirilmiş qazın alınmasına verilir, baxmayaraq ki, bu, həm
bahalı, həm də risklidir.
Əgər 2025-ci ilin sonuna qədər Brüssel Transxəzər layihəsinin
maliyyələşdirilməsi ilə bağlı qərar verməzsə, bu layihə Çin və ya
Türkiyənin iştirakı ilə, lakin Avropasız reallaşdırıla bilər. Və o
zaman Aİ Mərkəzi Asiyada təsir imkanlarını tamamilə itirəcək.
Baş verənlərin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Avropa
geosiyasi sisteminə xahiş edən yox, bərabərhüquqlu tərəfdaş kimi
daxil olur. O, Aİ-yə üzvlük tələb etmir, heç bir formata daxil
olmağa çalışmır – gündəmi özü diktə edir: enerji, logistika və
regional sabitlik üzərində nəzarət vasitəsilə.
Yeni dövrün əsas qaydası budur: ölkənin geosiyasi çəkisi onun
“Brüssel resepti” ilə neçə islahat keçirməsinə görə deyil, Avropa
üçün nə qədər əvəzolunmaz olduğuna görə ölçülür. Azərbaycan bunu
sübut etdi.
Cavab sadədir: hər il Avropa İttifaqının manevr imkanları
azalır. 2022-ci ildən bu yana Rusiya qazının idxalı 80 faiz
azaldığı üçün Aİ adi diversifikasiya imkanlarını itirib. Norveç
maksimal rejimdə işləyir, Əlcəzairin imkanları məhduddur, Liviya
qeyri-sabitdir, ABŞ-dən gələn qaz rekord dərəcədə bahadır, Qətərdən
gələn qaz isə Fars körfəzi və Süveyş kanalı kimi riskli zonalardan
keçir.
Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilin martında yaydığı
hesabatda bildirilir ki, 2030-cu ilə qədər Avropada təbii qaz
tələbatı illik 380 milyard kubmetr səviyyəsində qalacaq. Bu
tələbatın yalnız 40 faizi daxili və stabil mənbələr hesabına
ödənilə bilər. Qalan hissə – problemdir. Və bu problemin həlli
getdikcə bir sözlə ifadə olunur: Azərbaycan.
Cənub Qaz Dəhlizi (CQD), TANAP və TAP layihələrindən ibarət
olmaqla, Avropanın enerji təhlükəsizliyinin təməl daşı kimi çıxış
edir. Ümumi uzunluğu 3 500 kilometri keçən bu sistem Xəzər dənizini
Cənubi və Mərkəzi Avropa ilə birləşdirir. TANAP-ın (Türkiyə
ərazisində) uzunluğu 1 850 km, TAP-ın (Yunanıstan, Albaniya,
İtaliya üzrə) isə 878 km-dir. Bu boru kəmərləri artıq İtaliya,
Bolqarıstan, Yunanıstan və Albaniyaya qaz nəqlini təmin edir.
2024-cü ildən etibarən Macarıstana və Slovakiyaya da sınaq məqsədli
tədarüklərə start verilib.
SOCAR-ın 2024-cü il üzrə açıqladığı rəqəmlərə əsasən İtaliyaya
8,6 milyard kubmetr, Yunanıstana 1,5 milyard kubmetr, Bolqarıstana
1,3 milyard kubmetr qaz ixrac olunub.
2025-ci il üçün TANAP-ın illik ötürücülük gücünün 24 milyard
kubmetrə çatdırılması planlaşdırılıb. Fəqət TAP-ın
genişləndirilməsi Avropa İttifaqının birgə maliyyələşdirməsini
tələb edir – əks halda İtaliya istiqamətindəki “boğaz effekti”
bütün sistemin effektivliyini azaldacaq.
Bu gün Azərbaycan elə bir siyasi rasionalizm nümayiş etdirir ki,
bu, Aİ daxilində bir çox qurumlarda çatışmır. Avropa Parlamentində
hüquq müdafiə təşkilatlarının növbəti hesabatı müzakirə olunduğu
vaxtda, real siyasətdə əsas prioritet – sağ qalmaq və sabitlikdir.
Bu sahədə isə Bakının konkret strategiyası var.
Birincisi, Azərbaycan çoxşaxəli siyasətə üstünlük verir. Nə
Şərqdə, nə də Qərbdə qapanmayan Bakı Türkiyə, Mərkəzi Asiya, ərəb
dünyası, İƏT və türk dövlətləri ilə üfüqi əlaqələr qurur.
İkincisi, ölkə siyasi tərəfdaşlıq ilə ideoloji təzyiq arasında
aydın sərhəd çəkir. Bu baxımdan Bakı, hətta özündən daha böyük
dövlətlərə belə diplomatik dərs verir.
Azərbaycan postsovet məkanında nə Avrasiya İqtisadi İttifaqına,
nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulan yeganə
dövlətdir ki, eyni zamanda Rusiya ilə normal münasibətləri qoruyub
saxlayır. NATO-ya üzv deyil, amma “Sülh naminə tərəfdaşlıq”
proqramında iştirak edir. Aİ-yə daxil olmaq niyyətində deyil, lakin
Avropa Siyasi İcmasının sammitinə ev sahibliyi edir. Bu balans
təsadüfi deyil – bu, məqsədyönlü və düşünülmüş geosiyasi kursun
nəticəsidir.
Bütün bu reallıqlar fonunda Aİ-nin mövqeyi ziddiyyətli görünür.
Bir tərəfdən, avropalı diplomatlar və texnokratlar açıq etiraf
edirlər ki, Azərbaycan kritik əhəmiyyətli tərəfdaşdır. Digər
tərəfdən isə, xüsusən Fransa və Benilüks ölkələrindən olan bəzi
siyasətçilər və bürokratlar anti-Azərbaycan ritorikasını davam
etdirirlər.
Məhz buna görə Avropa Parlamentində tez-tez Azərbaycanın
“avtoritarizm”, “media azadlığının boğulması” və “vətəndaş
cəmiyyətinə təzyiq”lə ittiham olunduğu qətnamələr qəbul edilir. Bu
sənədlər hüquqi gücə malik olmasa da, Aİ Şurası və Avropa
Komissiyasının qərarlarına təsir göstərir, ümumi siyasi fonu
zəhərləyir və infrastruktur layihələrinin inkişafına mane olur.
Ən parlaq nümunə – Fransadır. Prezident Emmanuel Makron
2022–2024-cü illərdə Avropa Siyasi İcması təşəbbüsünün müəllifi
olsa da, ardıcıl şəkildə Ermənistanı dəstəkləyib və Bakıya qarşı
açıq siyasi hücumlar həyata keçirib. Lakin indi o belə başa düşür
ki, Azərbaycan olmadan onun təşəbbüsü sadəcə formal akt olacaq.
2028-ci il Avropa Siyasi İcması sammitinin Bakıda keçirilməsi
qərarı da bu reallığın açıq etirafıdır.
2025–2028-ci illər üçün mümkün ssenarilərə nəzər salaq:
1. TANAP və TAP layihələrinin Avropa İttifaqı və Avropa
İnvestisiya Bankının texniki dəstəyi ilə genişləndirilməsi.
2. Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması – bunun üçün
Transxəzər boru kəmərinin inşası.
3. “Yaşıl enerji dəhlizi”nin inkişafı –
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan xətti ilə Avropaya
Azərbaycan elektrik enerjisinin ixracı (Green Energy Corridor
layihəsi).
4. Orta Dəhliz çərçivəsində loqistik əlaqələrin
dərinləşdirilməsi – Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin
iştirakı ilə.
5. Aİ ilə koordinasiyada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya
ölkələri arasında enerji və nəqliyyat alyansının təşəkkül
tapması.
Bu gün Azərbaycan Avrasiyanın yeni siyasi-iqtisadi
arxitekturasının konturlarını formalaşdırır. Artıq “bölgələr
arasında yerləşən ölkə” yox, Avropa İttifaqı, Mərkəzi Asiya və
Yaxın Şərq arasında mərkəzi qovşağa çevrilir.
Bəhs etdiyimiz uğur xarici rəğbətin deyil, strateji
uzaqgörənliyin və ustalığın nəticəsidir. Azərbaycan coğrafiyasını
geosiyasətə, enerji resurslarını siyasi təsirə, müstəqilliyini isə
hörmətə çevirə bildi.
Köhnə geosiyasi paradiqmalar dağıldığı bir dövrdə gələcək dünya
nizamının məntiqini məhz Azərbaycan kimi dövlətlər müəyyən edəcək –
çoxqütblü, praqmatik və maraqlara əsaslanan bir düzən. Avropa artıq
bunu anlayıb. Qalanlara isə bu reallığı dərk etmək hələ
qarşıdadır.