Hulusi Akar: “Bu qələbə həm də haqsızlığa, qanunsuzluğa göz yumanlara ən gözəl cavab oldu” – FOTO/VİDEO

Siyasət

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar başda olmaqla qardaş ölkədən gələn nümayəndə heyəti Bakıda Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən bayram tədbirində iştirak edib.

Tədbirdə çıxış edən türkiyəli nazir bu qürur günündə can qardaşları ilə bir yerdə olmağın sevincini ifadə edib.

“Çox şükür, Qarabağ bu gün azaddır… Azərbaycan xalqı keçirdiyi çətinliklər qarşısında təslim olmadı, “artıq bəsdir” deyərək Vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxdı”, – deyə nazir bildirib.

Qarabağın azad edilməsində ən böyük payı olan şəhidlərimizə rəhmət, qazilərə isə tezliklə şəfa diləyən nazir adları şanlı tariximizin ən müstəsna səhifələrinə yazılmış bu igidlərin Ali Baş Komandan İlham Əliyevin liderliyində həyata keçirdikləri fədakarlıqlarının, qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını, hər zaman minnətdarlıqla xatırlanacağını vurğulayıb.

“Qəhrəman Azərbaycan ordusunun bu qələbəsi təkcə 44 günlük mübarizədən sonra deyil, 30 illik əzmkarlıq və inamın nəticəsində əldə olunub”, – deyə nazir əlavə edib.

Hulusi Akar bu zəfərin təkcə Ermənistana qarşı qazanılan qələbə olmadığını deyib:

“Bu qələbə həm də haqsızlığa, qanunsuzluğa göz yumanlara, illərdir səssiz qalanlara ən gözəl cavab oldu. Həmişə olduğu kimi, sevincini sevincimiz, kədərini də kədərimiz bildiyimiz can qardaşlarımızın bu haqlı mübarizəsində yenə yanında olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən, gövdədən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq. Metenin, Atillanın, Kül Tiginin, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verən hadisələr Azərbaycan və Türkiyə arasında əngəllər yaratsa da, dini, dili, milliyyəti eyni olan, tarixi qardaşlıq əlaqələri ilə bağlı olan iki ölkə xalqının qəlbinə heç vaxt kilid vura bilməyib və bilməyəcək…”

Onu da qeyd edək ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan bayram proqramında qardaş ölkənin dəyərli sənətçiləri Esat Kabaklı, Zəfər Albayrak və Dünya Tekin Türkiyə Silahlı Qüvvələri Armoni Mızıkası və Mehteran Birliyinin (hərbi orkestr) müşaiyəti ilə konsert veriblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir