
Bakı. Trend:
İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri
Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq bildirib
ki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin
dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və
müttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbət
təsir göstərir.
O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin
sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq
bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında
əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm
töhfə verəcəyini bildirib.
Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin
birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə
təşəkkürünü bildirib.
O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər
Forumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunu
vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyət
duyduğunu qeyd edən G.Çakvetadze analoji forumun gələn ay
Gürcüstanda da keçiriləcəyini söyləyib.
Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz
Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərək
bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixi
keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi
sahələrdə uğurla inkişaf edir.
Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə
layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını
qeyd ediblər.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə
edilib.