Azərbaycanla Vatikan arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Siyasət

Bakı. Trend:

İyulun 28-də “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə
Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma
Memorandumu” imzalanıb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Memorandum tərəflər
arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi,
qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə
təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin dini təhsil sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.

Anlaşma Memorandumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə
Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakad tərəfindən
imzalanıb.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov imzalanan memorandumun
dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm
töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında mühüm rol
oynayacağına əminliyini ifadə edib. Çıxışı zamanı Müqəddəs Yubiley
İli münasibətilə təbriklərini çatdıran Komitə sədri Azərbaycan
Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq
əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki,
Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkadaşlıq dünyada
mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin
ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Katakombaların
bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq,
arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin
məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.

Ölkəmizdəki dini mühit barəsində məlumat verən Komitə sədri qeyd
edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn
prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar
arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə
xüsusi diqqət yetirilir.

R.Məmmədov söyləyib ki, torpaqlarımız işğaldan azad edildikdən
sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz
qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük
layihələr həyata keçirir.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının
prefekti Kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında
yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma papası
II İoann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin
inkişafındakı roluna toxunub.

Bu Memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın
göstəricisi olan, 29 aprel 2011-ci ildə “Azərbaycan Respublikası və
Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan
Respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə
möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib.
Kardinal Corc Ceykob Kuvakad, eyni zamanda, sənəd çərçivəsində
həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni
müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə
edib.

Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ehtiramını
bildirib.

İmzalanma mərasimində Azərbaycan Respublikasının Müqəddəs
Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak
edib.

Spread the love