Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası

Siyasət

Bakı. Trend:

İyulun 22-də Fransa Milli Assambleyasında “Respublikaçılar”
Partiyasının təşəbbüsü ilə irəli sürülən və anti-Azərbaycan məzmun
daşıyan qətnamə bir daha göstərdi ki, Fransa rəsmi dairələri Cənubi
Qafqaz regionunda sülh və əməkdaşlıq ideyasından çox,
müstəmləkəçilik təfəkkürünün davamına üstünlük verir. Qətnamədə
qondarma “Artsax” rejiminin legitimləşdirilməsinə cəhd, Azərbaycan
əleyhinə saxta ittihamlar və Ermənistanın “sülhsevər” imicinin
formalaşdırılması üçün uydurma tezislər yer alır. Bütün bunlar
Fransanın nə dərəcədə qərəzli və qeyri-obyektiv yanaşma
sərgilədiyini bir daha sübut edir.

Azərbaycanın haqq mübarizəsinə qarşı yönələn siyasi
manipulyasiya

Əvvəlcə qeyd edək ki, qətnamə layihəsi Fransa-Ermənistan dostluq
qrupunun sədri Loran Vokye və müavini Aleksandr Marten tərəfindən
təqdim olunub. Bu şəxslərin əvvəllər də qondarma rejimə dəstək
verməsi, Azərbaycanın suverenliyini şübhə altına alması və COP29
kimi beynəlxalq tədbirlərə qarşı çıxış etməsi onların tamamilə
birtərəfli və siyasi sifarişlə hərəkət etdiyini göstərir. Loran
Vokyenin 2023-cü ildə qondarma rejimin “xarici işlər naziri” ilə
görüşməsi, “blokada” nağılına əsaslanaraq kampaniyalar təşkil
etməsi, həmçinin, Fransa erməni diasporu tərəfindən “Cəsarət”
medalı ilə təltif olunması siyasi maraqların insan hüquqları
pərdəsi altında gizlədildiyini təsdiqləyir.

Qətnamədə Azərbaycanın “erməni əhalisini məhv etmək” siyasəti
yürütməsi kimi iftiralar yer alır. Əslində, bu ifadələr
Ermənistanın işğalçılıq siyasətini pərdələmək və beynəlxalq hüquq
normalarını pozaraq suveren bir dövlətin daxili işlərinə müdaxilə
etmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın Qarabağ
bölgəsində keçirdiyi antiterror tədbirləri nəticəsində heç bir
mülki erməni vətəndaş hədəfə alınmayıb. Əksinə, Azərbaycan dövləti
könüllü şəkildə bölgəni tərk etmiş ermənilərin təhlükəsiz şəkildə
geri qayıtmasına hazır olduğunu dəfələrlə bəyan edib.

Saxta “siyasi məhbuslar”
ritorikası

Qətnamədə Azərbaycanın saxladığı “erməni siyasi məhbusları”nın
azad olunması tələb edilir. Halbuki bu şəxslər beynəlxalq hüquqla
təsbit olunmuş hərbi cinayətlər, işgəncə, terrorçuluq, dinc əhaliyə
qarşı zorakılıq kimi əməllərdə ittiham olunur və hazırda
Azərbaycanın müstəqil məhkəmə sistemində şəffaf istintaq
proseslərindən keçir. Azərbaycan hüquqi dövlət prinsipinə
əsaslanaraq, bu şəxslərə bütün hüquqi təminatları təqdim edir.
Onların “siyasi məhbus” kimi qələmə verilməsi isə məhkəmə sistemini
gözdən salmaq, Azərbaycanın suveren hüquqlarını pozmaq
deməkdir.

Eyni zamanda, bu məqamda Fransa dövlətinin ikili standartlarını
xatırlatmaq yerinə düşər. Ölkənin daxilində illərlə davam edən
sosial etirazlar zamanı həbs olunan şəxslər haqqında insan haqları
təşkilatlarının apardığı araşdırmalar və Paris polisinin vəhşiliyi
barədə faktlar gözardı edilir. Bu, Fransanın insan hüquqları
müdafiəsi məsələsində necə riyakar davrandığını bir daha sübut
edir.

Ermənistanın sülhsevər obrazı və
reallıqlar

Qətnamədə Ermənistan “sülh tərəfdarı” kimi təqdim olunur.
Əslində isə 30 ilədək müddətdə Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərini işğal altında saxlayan və 1 milyonadək
azərbaycanlını öz yurd-yuvasından didərgin salan Ermənistandır.
Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdikdən sonra
ilk olaraq tamhüquqlu sülh müqaviləsinə çağırış edib. Ermənistan
isə bu çağırışlara qeyri-sabit, ziddiyyətli mövqe ilə cavab verərək
sülh prosesini dəfələrlə pozub.

Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə
azərbaycanlının geri qayıtmaq hüququna dair qətnamədə heç bir qeyd
yer almaması, Ermənistanın törətdiyi etnik təmizləməyə göz
yumulması Fransanın siyasi ikiüzlülüyünü bir daha üzə çıxarır.

Fransa: XXI əsrdə müstəmləkəçilik siyasətini davam
etdirən dövlət

Fransa illərlə Afrika və digər regionlarda müstəmləkə siyasəti
yürüdüb, bu gün isə neokolonial ambisiyalarını Cənubi Qafqazda
Ermənistan vasitəsilə reallaşdırmağa çalışır. Ermənistanı öz
“müstəmləkə”si kimi görən Paris hakimiyyəti ona silah yardımı
göstərir, revanşist qüvvələri stimullaşdırır və bölgədəki sülh
səylərinə zərbə vurur. Prezident Emmanuel Makronun Azərbaycanın 44
günlük müharibədə qazandığı qələbəni “şəxsi məğlubiyyət” kimi qəbul
etməsi onun qərəzli siyasətinin əsas təməlini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən
qətiyyətli xarici siyasət nəticəsində Fransa bu gün Cənubi Qafqazda
aparılan danışıqlar prosesindən tamamilə kənarda qalıb. Prezidenti
İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidə
keçirilən və Fransa tərəfinin iştirakı olmadan baş tutan görüş
Parisin regiondakı nüfuzunun nə qədər azaldığını göstərir.

Azərbaycanın dekolonizasiya liderliyi və beynəlxalq
nüfuzu

Azərbaycan bu gün yalnız regionun güclü dövləti kimi deyil, həm
də beynəlxalq arenada kolonializmlə mübarizənin aparıcı qüvvəsi
kimi çıxış edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan
yeni müstəmləkə siyasətinə qarşı qlobal miqyasda səfərbərlik
yaradıb. Prezident İlham Əliyevin Yeni Kaledoniyada dalğalanan
Azərbaycan bayraqları fonunda Fransanın neokolonial siyasətini ifşa
etməsi, Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələni bir
daha gündəmə gətirməsi Azərbaycanın yalnız öz maraqlarını deyil,
həm də bəşəri ədaləti müdafiə etdiyini göstərir.

Bu gün Fransa mətbuatı, parlamenti və yerli idarəetmə
qurumlarında anti-Azərbaycan kampaniyasının vahid mərkəzdən idarə
olunması şəksizdir. Paris meri An İdalqo, İl-de-Frans regionunun
prezidenti Valeri Pekress və digər ermənipərəst siyasətçilər
“humanitar maska” altında Azərbaycana qarşı sistemli təzyiq
siyasəti yürüdürlər. Evian şəhərində Natəvanın heykəlinə qarşı
edilən vandalizm aktına Fransa dövləti göz yumaraq “mədəni irs”
kimi təqdim etdiyi dəyərlərin yalnız öz maraqlarına uyğun olduğunu
nümayiş etdirib.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa
əsaslanır

Fransa Milli Assambleyasının irəli sürdüyü qətnamə
obyektivlikdən uzaq, birtərəfli və siyasi motivasiyalarla
hazırlanan sənəddir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
daxili işlərinə hörmət beynəlxalq hüququn əsas prinsiplərindəndir.
Heç bir dövlət və ya parlament bu prinsipləri pozmaq hüququna malik
deyil.

Azərbaycan regionda sülhün bərqərar olması üçün konkret və
konstruktiv addımlar atmaqdadır. Azərbaycanın təməl mövqeyi –
qarşılıqlı ərazi bütövlüyünün tanınması, zorakılığın rədd edilməsi
və birgəyaşayış imkanlarının yaradılmasıdır. Fransa isə bu sülhə
təhdid törədən tərəf rolunda çıxış edir.

Azərbaycan xalqı öz dövlətinin və liderinin arxasında
birləşərək, bu kimi qərəzli kampaniyaları dəf etmək əzmindədir.
Fransa özünün keçmiş müstəmləkə siyasətinin acı nəticələrindən dərs
çıxarmalı, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa
hörmət etməyi öyrənməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir