Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, əsirlikdə və girovluqda işgəncələrə məruz qalmış, mina qurbanı olmuş şəxslər məhkəmədə ifadə veriblər

Siyasət

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 28-də davam
etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.

Zərərçəkmiş şəxs Tahir Mahmudov ifadəsində 2021-ci il iyulun
21-də Xocalı rayonunda mina partlaması nəticəsində ağır xəsarət
aldığını bildirib. O, hadisə zamanı ərazidə şirkətlərdən birinin
əməkdaşı qismində mühafizəçi vəzifəsində işləyirmiş.

Cümşüd Qəhrəmanov ifadəsində yaşadığı Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinin 2020-ci ildə baş vermiş 44 günlük Vətən
müharibəsi zamanı mütəmadi olaraq Ermənistan silahlı qüvvələri
tərəfindən artilleriya atəşinə tutulduğunu bildirib. 2020-ci il
oktyabrın 1-də mərmilərdən biri onun həyətinə düşüb. Nəticədə evinə
zərər dəyib, heyvanları tələf olub. O, dövlət ittihamçısı Fuad
Musayevin suallarına cavabında kəndin atəşə tutulması zamanı digər
evlərə də zərər dəydiyini, kənd sakini Hilal Həziyevin
yaralandığını deyib.

Zərərçəkmiş şəxs Hilal Həziyev ifadəsində C.Qəhrəmanovun
dediklərini təsdiqləyərək 2020-ci il sentyabrın 28-də Cocuq
Mərcanlı kəndində üz nahiyəsindən qəlpə xəsarəti aldığını
söyləyib.

Güloğlan Mirzəliyev ifadəsində 2021-ci ilin fevral ayında
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minaya düşərək xəsarət
aldığını bildirib. “Topuğum üç yerdən sındı”, – deyə o əlavə
edib.

Ramil Fərhadov ifadəsində Vətən müharibəsi zamanı Cocuq Mərcanlı
kəndində yaşadığı evə mərmi düşdüyünü söyləyib. Zərərçəkmiş
bildirib ki, Cocuq Mərcanlı kəndində Azərbaycan Ordusunun heç bir
silahlı birləşməsi olmayıb, kənddən Ermənistan silahlı qüvvələrinə
qarşı atəş açılmayıb.

Elnur Əmiraslanov ifadəsində 2018-ci ildə Tərtərdə hərbi
xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin təxribatı
nəticəsində güllə yarası aldığını deyib.

Mirhəsən Hüseynov ifadəsində Vətən müharibəsi zamanı oktyabrın
26-da Laçın istiqamətində artilleriya atəşi nəticəsində qəlpə
yarası aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın
suallarına cavabında bildirib ki, hadisə zamanı təxminən 15 nəfər
azərbaycanlı yaralanıb.

Aqşin Hüseynov ifadəsində 1992-ci il iyunun 8-də Qazax rayonunun
Qızılhacılı kəndində döyüşlər zamanı qarşı tərəfdən atılmış
minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.
O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı daha
iki nəfərin yaralandığını, Tahir Yunisovun isə şəhid olduğunu
söyləyib.

Kamil Hüseynov ifadəsində Vətən müharibəsi zamanı – 2020-ci il
sentyabrın 28-də Tərtərin Çaylı kəndi istiqamətində güllə yarası
aldığını bildirib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarına cavabında qarşı tərəfin həmin vaxt minaatanlardan,
avtomat və pulemyotlardan atəş açdığını söyləyib.

Pərviz Nəcəfov ifadəsində 2022-ci il oktyabrın 8-də Ağdamda
yolda şirkət əməkdaşı qismində çalışan zaman piyada əleyhinə minaya
düşərək xəsarət aldığını bildirib.

Bəxtiyar Məmmədov 1993-cü ilin may ayında Ağdam rayonunun
Qalayçılar kəndində əsir götürüldüyünü söyləyib. O, əsirlikdə üç il
saxlanılıb. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin
suallarına cavabında əsirlik zamanı Şuşada, Xankəndidə və digər
ərazilərdə saxlanıldığını bildirib. Əsirlik müddətində, həmçinin
qəddar və qeyri-insani rəftara, müxtəlif işgəncələrə məruz
qalıb.

Sabir Haqverdiyev, İdyal Allahverdiyev, Murad Bənnayev, Özal
İsmayılov, Ramin Əfəndiyev, Orxan Salıfov, Ağasif Həmidov, Hüseyn
Cavadov, Pərviz Həsənov ifadələrində 2020-ci ildə baş vermiş Vətən
müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər
nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmiş şəxs Amin Musayev ifadəsində 2020-ci ildə Vətən
müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə
Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik
müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.

O, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə
yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir
götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev
onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən
vurulub və avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində
huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.

“Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə
bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə
verirdilər. Halbuki oraya tibbi şlanq – drenaj qoyulmalı idi ki,
çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla,
ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox
zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə qaynar su
tökürdülər”, – deyə A.Musayev qeyd edib.

O, dekabrın 14-də Azərbaycana təhvil verilib.

Təqsirləndirilən şəxs David Babayan A.Musayevə sual verərək onun
noyabrın 8-dən 11-dək olan müddətdə döyüş yoldaşları tərəfindən nə
üçün aparılmamasını soruşub. A.Musayev sualı belə cavablandırıb:
“Döyüş yoldaşlarım şəhid olmuşdu. Yaralandığım vaxt huşumu
itirmişdim. Sağ qalan döyüş yoldaşlarım elə biliblər ki, şəhid
olmuşam. Müharibə vaxtı şəhidləri və yaralıları dərhal çıxartmaq
olmur”. O, D.Babayanın digər sualına cavabında isə deyib ki,
Ermənistanda əsirlikdə saxlanıldığı müddətdə sağlamlığını
itirib.

Xəyal Məmmədov 2022-ci il sentyabrın 12-də Xocavənddə Ermənistan
silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı
dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Emin Quşçiyev ifadəsində 2023-cü il mayın 10-da Kəlbəcərdə
Ermənistandan açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Bəkir Kərimov 1992-ci il martın 24-də Ağstafa rayonunda alma
bağında işlədiyi zaman girov götürüldüyünü söyləyib. Həmin vaxt
onunla birlikdə daha beş nəfər azərbaycanlı girov götürülüb.
Əvvəlcə Berd rayonuna, sonra isə İrəvan şəhərinə aparılıblar. Onlar
döyülüb, söyülüb, işgəncələrə məruz qalıb.

Həsən Həsənov ifadəsində B.Kərimovla birlikdə girov
götürüldüyünü, bir həftə sonra girovluqdan azad olunduğunu
söyləyib.

Məhəmməd Bayramov ifadəsində B.Kərimov və H.Həsənovla birlikdə
girov götürüldüyünü söyləyib. Bildirib ki, girovluqda olduğu vaxt
Ermənistan hərbçisi qulağının bir hissəsini bıçaqla kəsərək
qoparıb.

Sahib Bağırov ifadəsində 1995-ci ildə Ermənistan silahlı
qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə
döyülüb, işgəncələrə məruz qalıb, yeddi dişi, barmağının iki
dırnağı çıxarılıb. Bir ildən sonra isə Azərbaycan tərəfinə
qaytarılıb.

Mülki şəxslər – Fuad Qurbanlı, Elnur Zülfüqarov, Qurban
Qurbanov, İlham Əhmədov, Samir Qasımov, Fəqan Mustafayev, Nicat
Baxışov ifadələrində Vətən müharibəsi zamanı, oktyabrın 28-də
Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması
nəticəsində yaralandığını deyiblər.

Əlyar Ocaqverdiyev iki dəfə – 2020-ci il dekabrın 13-də və
2021-ci il yanvarın 13-də mina partlaması nəticəsində xəsarət
aldığını bildirib. O, yol idarəsinin əməkdaşı qismində yol
tikintisi ilə məşğul olurdu.

Ağa Səfərəliyev 1993-cü ildə, Faiq Namazov 1992-ci ildə
Azərbaycanın suveren əraziləri uğrunda gedən döyüşlər zamanı düşmən
tərəfdən atılan atəşlər nəticəsində xəsarət aldıqlarını
söyləyiblər.

Seymur Məmmədov Vətən müharibəsi zamanı sentyabrın 28-də
Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi
nəticəsində yaralandığını söyləyib. Hadisə zamanı yanında olan
Xaliq və Elşən Abbasov qardaşları həlak olub, Faiq Mahmudov isə
yaralanıb.

Əsəd Rüstəmov ifadəsində 2016-cı il martın 19-da Tərtər
rayonunun Qapanlı kəndində mülki şəxs qismində avtomobillə gedərkən
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası
aldığını söyləyib.

Zərərçəkmiş şəxslər – Sabir Lətifov Xocavənd, Oruc Rüstəmov
Cəbrayıl, Təzəgül Həmzəyeva Zəngilan, Sarı Baxışov Kəlbəcər
rayonundan məcburi köçkün düşdüklərini, evlərinin, mülklərinin
həmin vaxt Ermənistan silahı qüvvələri işğalı altında olan
ərazilərdə qaldığını bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların
müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da
cavablandırıblar.

Məhkəmə prosesi iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.

Spread the love