
Bakı.Trend:
Qolf klubu… Şotlandiyanın sakit və təmtəraqsız
guşəsində, rəsmi danışıqlar zalından uzaqda baş verən bir hadisə,
Atlantik okeanının iki tərəfində yerləşən iqtisadi məkan üçün
oyunun qaydalarını dəyişə bilər. ABŞ Prezidenti Donald Tramp və
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ ilə Avropa
İttifaqı arasında tarif siyasəti, enerji əməkdaşlığı və müdafiə
satınalmaları sahələrində prinsipial razılığa gəldiklərini elan
etdilər. İlk baxışdan diplomatik uğur təsiri bağışlasa da, əslində,
bu, bərabərhüquqlu tərəfdaşlıq adı altında sərt iqtisadi diktatın
paketə bükülmüş formasıdır.
Sazişin mərkəzində – ABŞ-ın Avropa İttifaqından olan
bütün idxala 15 faiz gömrük rüsumu tətbiq etmək qərarı dayanır. Bu
isə, açıq-aşkar diskriminasiya aktıdır, sadəcə “strateji
yaxınlaşma” etiketiylə təqdim olunur. Aqressiv proteksionist
siyasəti ilə tanınan Tramp, Avropaya o şərtləri sırıya bildi ki,
Brüssel bu barədə danışığa belə getməməyə çalışırdı. Trampın mesajı
isə birmənalı idi: ya 15 faiz, ya da 30. Avropalılar “az
ziyanlısını” seçdi.
Bu addım, Almaniyanın sənaye ürəyində – avtomobil və
maşınqayırma sektorunda – əsl həyəcan siqnalı kimi qarşılandı.
Onsuz da Trampın qərarı ilə alüminium və polada qarşı tətbiq olunan
50 faizlik rüsumdan əziyyət çəkən Almaniya, indi də bütün məhsullar
üzrə tarif dalğasına tuş gəlmək üzrədir.
Donald Tramp, Aİ ölkələrinin qarşıdakı dörd il ərzində
ABŞ-dan enerji resursları və hərbi texnika üzrə 750 milyard dollar
dəyərində məhsul alacağını bəyan etdi. Rəqəmlər gurultulu səslənsə
də, suallardan daha çox sual doğurur.
Birincisi, enerji resurslarının alınması Avropa
Komissiyasının yox, milli hökumətlərin və özəl şirkətlərin
səlahiyyətindədir. ABŞ-dan maye təbii qazın alınması isə yalnız
bazarda rəqabətə davamlı olduğu halda mümkündür. Hazırda Yaxın Şərq
və Norveç qazı həm daha ucuz, həm də logistika baxımından
əlverişlidir.
İkincisi, silah məsələsi. Avropa İttifaqı ortaq
mərkəzləşdirilmiş hərbi alış proseduruna malik deyil. Silah
alqı-satqısı ayrı-ayrı dövlətlərlə, məsələn, Airbus, Rheinmetall,
Thales kimi şirkətlər arasında baş tutur. Məsələn, Polşa ABŞ-dan
Patriot raket sistemləri və ya F-35 təyyarələri alsa belə, bu,
ümumavropa mövqeyi anlamına gəlmir.
Nəhayət, 600 milyard dollarlıq sərmayə məsələsi. Nə
müddəti məlumdur, nə konkret layihələri, nə də hansı mənbədən
gələcəyi. Bu, daha çox informasiya təzyiqinin bir elementini
xatırladır, nəinki real maliyyə planını.
Ən ciddi güzəşt isə Avropa İttifaqının qeyri-tarif
baryerlərinin bir hissəsini aradan qaldırmaq vədidir. Söhbət
amerikalı avtomobil istehsalçılarının texniki standartlarına yaşıl
işıq yandırmaqdan və kənd təsərrüfatı sahəsində məhdudiyyətlərin
yumşaldılmasından gedir. Bu, əslində, iqtisadi kapitulyasiyadır:
məhz bu baryerlər Avropa istehsalçılarını və fermerlərini Amerika
bazarının nəzarətsiz ekspansiyasından qoruyurdu.
Amerika texniki standartlarının tanınması, dünyanın ən
sərt və istehlakçı yönümlü sistemlərindən biri olan Avropa
sertifikasiya mexanizmini zəiflətmək anlamına gəlir. Sabah digər
ticarət tərəfdaşları da eyni güzəştləri tələb etməyə başlasa,
Avropa buna necə “yox” deyəcək?
Kənd təsərrüfatı sahəsi də istisna deyil: ABŞ-dan
idxal edilən GMO məhsullarına qadağanın ləğvi, pestisid istifadəsi
ilə bağlı normaların dəyişdirilməsi və ərzaq təhlükəsizliyi
standartlarının aşağı salınması – bunlar elə presedentlərdir ki,
vaxtilə Avropa İttifaqı daxilində ekologiya fəalları və fermer
birlikləri tərəfindən kəskin etirazla qarşılanmışdı.
Ursula fon der Lyayen bu sazişi “çətinliklə
qazanılmış, amma qarşılıqlı faydalı” adlandırdı. Amma sual doğurur:
bu saziş əslində kimə faydalıdır?
Rəqəmlərə baxaq: 2024-cü ildə ABŞ, Aİ-dən 606 milyard
dollarlıq mal idxal edib, lakin Avropaya cəmi 370 milyard dollarlıq
məhsul ixrac edib. Yəni ABŞ onsuz da daha çox qazanır. İndi isə bu
balans daha da onların xeyrinə dəyişir. Avropa isə, faktiki olaraq,
mövcud vəziyyəti qoruyub saxlamaq üçün güzəştə gedir – bu artıq
diplomatiya yox, iflasdan can qurtarma cəhdidir.
Bu “yeni ticarət sazişi”, Şotlandiyanın qolf klubunda,
pərdəarxası atmosferdə Donald Tramp və Ursula fon der Lyayen
arasında razılaşdırılsa da, təkcə təntənəli bəyannamələrlə yox,
eyni zamanda, Berlinin iqtisadi dairələrində yayılan ciddi
narahatlıqla qarşılandı. “Qətiyyətli liderlik”, “qeyri-müəyyən
dövrdə sabitlik” – bütün bu siyasi şüarlar arxasında reallıq çox
sərtdir: bu razılaşma, əslində, gücün və təzyiqin diktəsi altında
əldə olunmuş ağrılı kompromisdir.
Almaniya Sənaye Federasiyası (BDI) açıq şəkildə bəyan
etdi: Avropa ixracına 15 faizlik tariflərin tətbiqi nəzərdə tutulan
yeni model, yalnız Aİ iqtisadiyyatına deyil, ABŞ iqtisadiyyatına da
ciddi zərbə vuracaq. Burada söhbət “qarşılıqlı fayda”dan yox,
Trampın açıq şəkildə təhdid etdiyi 30 faizlik tarif qarşısında
edilən məcburi güzəştlərdən gedir.
Almaniya Kimya Sənayesi Assosiasiyası (VCI) vəziyyəti
metaforik bir ifadə ilə dəyərləndirib: “Qasırğa gözləyirdik,
fırtına ilə canımız qurtardı. Eskalasiyanın qarşısı alındı, amma
bunun üçün ödənilən qiymət – çox yüksək oldu.” Hətta həmişə
diplomatik tonu ilə seçilən Berlinin özündə də narazılıq açıq
səslənir – xüsusilə də yüksək texnologiyalı və ixracyönümlü
sektorları təmsil edən assosiasiyaların dilindən.
Almaniyanın Xarici Ticarət və Xidmətlər Federasiyası
isə daha da irəli gedərək xəbərdarlıq edib: əldə olunmuş bu
“kompromis”, xüsusilə kiçik və orta müəssisələr üçün varlıq-yoxluq
məsələsinə çevrilə bilər. Bu, təkcə iqtisadi siqnal deyil – siyasi
siqnaldır: Berlin uzun müddətdən sonra ilk dəfə açıq şəkildə etiraf
edir ki, ABŞ-ın ticarət siyasəti artıq sadəcə çətinlik deyil, real
ekzitensial təhdiddir.
Münhendə yerləşən nüfuzlu IFO institutunun rəhbəri,
iqtisadçı Klemens Fuest bu sazişi “Avropa İttifaqı üçün alçaldıcı”
adlandıraraq, danışıqlar prosesindəki balanssızlığa diqqət çəkib.
“Əgər bir tərəf diktə edir, digər tərəf isə razılaşırsa, bu artıq
saziş yox, kapitulyasiyadır,” – deyə o qeyd edib.
Bununla belə, rəsmi Berlin ritorikasında sərtlikdən
qaçıb. Almaniya kansleri Fridrix Mers, bu razılaşmanı “lazımsız
gərginlikdən yayınma vasitəsi” kimi təqdim edərək, onu “Avropa
İttifaqının fundamental maraqlarını qoruyan addım” kimi
qiymətləndirib. O, etiraf edib ki, daha geniş ticarət
liberallaşması gözləyirdi, amma nəticə gözləntilərin çox gerisində
qaldı.
Maliyyə naziri Lars Klinqbayl da bu tonu saxlayaraq,
razılaşmanı “ilk addım” kimi xarakterizə etdi və onun Almaniya
iqtisadiyyatına və məşğulluğa təsirini izləyəcəklərini bildirdi.
Beləliklə, Almaniya hökuməti daxilində artan tənqidi yumşaltmaq və
Vaşinqtonla açıq qarşıdurmadan yayınmaq strategiyasına üstünlük
verilir.
Sazişin elanından bir gün sonra Ursula fon der Lyayen
ayrıca bəyanatla çıxış edərək diqqəti sazişin enerji komponentinə
yönəltdi. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya enerji
daşıyıcılarını ABŞ məhsulları ilə əvəz etməyi planlaşdırır: söhbət
maye təbii qazdan, neftdən və hətta nüvə yanacağından gedir.
Bu bəyanat xüsusilə geosiyasi mənzərə baxımından
əhəmiyyətlidir. ABŞ-la imzalanmış saziş, faktiki olaraq, Avropanın
enerji sahəsində ABŞ-dan asılılığını rəsmiləşdirir. Bu isə,
Rusiyanın Avropa enerji bazarından sıxışdırılıb çıxarılması
prosesinə ciddi təkan verəcək. Amma bu əvəzlənmə struktur
baxımından nə qədər sabit olacaq? ABŞ satmağa hazırdır, amma Avropa
siyasi loyalıq naminə yüksək qiymətlərlə almağa nə qədər
hazırdır?
Rəqəmlərə baxsaq, tərəflər ümumilikdə 600 milyard
dollarlıq investisiya və 750 milyard dollarlıq ABŞ məhsulunun
alınması barədə razılığa gəldiklərini bəyan ediblər. Amma bu
rəqəmlərin detallarına gəldikdə – ortada nə konkret müddətlər, nə
sahələr, nə də mexanizmlər var. Bu, sənədləşdirilmiş strateji
proqramdan daha çox, Donald Trampın media uğuru təsiri
bağışlayır.
Amma ABŞ xəzinəsinə daxil olacaq gömrük rüsumları –
artıq tamamilə realdır. 2024-cü ildə Aİ-dən ABŞ-a idxal olunmuş
malların ümumi həcmini nəzərə alsaq, bu yeni tariflər nəticəsində
Amerika büdcəsinə təqribən 90 milyard dollar vəsait daxil olacaq.
Bu pullar isə, Trampın proteksionist strategiyasını reallaşdırmağa
və daxili istehsalı, xüsusilə də seçkilər ərəfəsində, dəstəkləməyə
yönəldiləcək.
Bütün bu fonun qarşısında ən mühüm və prinsipial
suallardan biri ortaya çıxır: ümumiyyətlə, Avropa İttifaqı adından
bu cür razılaşmaları bağlamağa kim səlahiyyətlidir? Ticarət və
investisiya sahəsində Brüssel üzv dövlətlərin adından danışa bilir,
amma enerji və xüsusilə müdafiə sahəsində vəziyyət daha
mürəkkəbdir. Razılaşmanın heç bir bəndi nə Avropa Parlamentində
müzakirə olunub, nə də Fridrix Mersdən başqa hansısa milli lider
tərəfindən şərh edilib.
Nəticə nədir? Trampla əldə olunmuş bu razılaşma – bu
gün geoiqtisadi məcburiyyətin rəsmi şəkildə sənədləşdirilməsi və
Brüsselin səlahiyyətlərinin arxa otaqlarda əldən çıxarılmasıdır.
Bu, Avropa İttifaqının özünün qəbul etdiyi prosedurlardan yan
keçərək, Vaşinqtonun iradəsinə uyğun formalaşdırılmış bir
“sazişdir”. Və məhz burada əsas təhlükə yatır: “sabitlik” vəd edən
pafoslu çıxışların arxasında, Avropanın iqtisadi suverenliyinin
demontajı gedir.
ABŞ-la Avropa İttifaqı arasında bağlanmış bu razılaşma
– yaxınlaşma deyil, sistemli asimmetriyanın göstəricisidir. Burada
ABŞ qaydaları diktə edir, Avropa isə, “daha pis ssenaridən
yayınmaq” ritorikasına sığınaraq, həmin qaydaları qəbul etməyə
məcbur qalır. Bu, Berlin üçün açıq mesajdır: tərəfdaşlıq dövrü başa
çatdı, indi sərt geoiqtisadi reallıqlar dövrü başlayır – və bu
reallıqlarda, Aİ-nin ən güclü iqtisadiyyatı belə şərtləri diktə edə
bilmir.
Qələbə ritorikası bu mənzərədə yalnız Atlantikanın bir
tərəfində uyğun gəlir. Digər tərəfdə isə – bu, Avropanın iqtisadi
subyektivliyinin bir hissəsini itirdiyi gündür. Və bunu Avropa
özü-öz maraqlarına zidd olan şərtlərlə razılaşaraq etmiş oldu.
Tramp və fon der Lyayenin razılaşması – tərəfdaşlığın
nümunəsi deyil, geoiqtisadi təzyiqin dərsidir. ABŞ, tarif
şantajından istifadə edərək, Avropa İttifaqına elə bir şərtlər
paketini sırıya bildi ki, nəticədə Avropa bərabər tərəfdaşdan asılı
müştəriyə çevrildi. Bu, Vaşinqtonun daha geniş strategiyasının
tərkib hissəsidir – məqsəd: Avropanın iqtisadi müstəqilliyini
sarsıtmaq və Brüsseli idarəolunan inteqrasiya rejiminə
keçirməkdir.
Və bu fon qarşısında əsas sual hələ də açıq qalır:
ittifaqla tabeçilik arasında sərhəd harada keçir? Və daha neçə belə
“kompromis addımı” lazımdır ki, iqtisadi “partnyorluq” anlayışı
siyasi vassallıqla tam sinonimə çevrilsin?
Bu razılaşma, əslində, bir qırılma nöqtəsidir. Avropa
bir tərəfdən enerji və təhlükəsizlik böhranları ilə, digər tərəfdən
isə ABŞ-ın getdikcə sərtləşən iqtisadi təzyiqləri ilə üz-üzədir.
Məhz bu məqamda, Avropa öz geoiqtisadi azadlığını qorumaq və ya onu
mərhələli şəkildə itirmək seçimi qarşısındadır. Hazırda seçilən yol
isə, təəssüf ki, ikinci variantı xatırladır.
Bəli, Brüssel bu razılaşmanı “sabitlik”, “praqmatizm”
və “reallıq hissi” ilə izah etməyə çalışır. Amma tarix belə
razılaşmaları başqa cür xatırlayır – əzələ göstərənlə boyun əyənin
tarix kimi. Və bu tarixdə, əslində, kim qalib, kim isə uduzan
tərəfdir.