UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb (FOTO)

Siyasət

Bakı. Trend:

29 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF)
Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı ölkəmizdə
diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT, o cümlədən UNICEF
arasında mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib,
Azərbaycanda, o cümlədən digər ölkələrdə həyata keçirilən birgə
təşəbbüs və layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı
istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha
təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Ölkəmizin BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı
qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, o
cümlədən növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya
Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi
vurğulanıb.

Ölkəmizdə uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində
həyata keçirilən birgə layihələrlə yanaşı, Azərbaycanın donor
qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta
məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə
əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə
dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı
bərpa və quruculuq fəaliyyəti, “ağıllı şəhər”, “ağıllı kənd”
konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı
məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli
qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş
şəkildə bəhs edib.

Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində
Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının
yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin
aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu
vurğulayıb.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda
çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür
edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf
etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.