Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

Siyasət

Bakı. Trend:

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə
işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya
Konfransında iştirak edib.

Trend xəbər verir ki,
tədbirdə çıxış edən Milli Məclisin sədri konfransın
parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən
olunmasına kömək etdiyini bildirib.

Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan
bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlki
konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması
məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı,
mürəkkəbliyi daha da artıb və bu da təxirəsalınmaz və qətiyyətli
tədbirlər görülməsini zəruri edir. Sahibə Qafarovanın sözlərinə
görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması
problemlərin daha da pisləşməsinə səbəb olur. Nəticədə bugünkü
dünya daha da parçalanıb, gərginliklər artıb, tərəqqi daha da
azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını
təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin
aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə
məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz
anlayışından uzaqlaşırıq.

Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da
toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və
inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli
həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində
effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ
də davam edir. Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil,
bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə
nəticələnməlidir. Beynəlxalq hüquq normaları və prinsipləri
qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar
həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh,
ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq
mümkündür.

Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker
Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və
əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur.
Parlamentlərarası İttifaqın işində, o cümlədən bu konfransda fəal
iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx
əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə
eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla
belə, daha çox işlərin görülməli olduğunu bildirib.

O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas
iştirakçılarından birinə çevrilməlidir. Çünki istənilən uğursuzluq,
ilk növbədə, xalqlarımıza təsir göstərir. Onların seçilmiş
nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin
yenilənməsində birbaşa iştirak etməlidirlər.

Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın
təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır.
Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı
anlaşmanın yaradılması dayanır.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı
Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal
platformalarından biri kimi tanınıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən ilin mayında keçirilən
bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti
tərəfindən Parlamentlərarası Konfrans təşkil olunub. Bu da qeyd
olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin
edib.

Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası
dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və
fəaliyyətinə daxil etməyi təklif edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir