ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya Zirvəsi” adlı tədbir keçiriləcək.
Sözügedən tədbirin anonsu belə artıq bütün dünyada bir çox mübahisələrin yaranması ilə nəticələnib.
Bu mübahisələrin kökündə dayanan əsas məqamlardan biri ABŞ-ın özünü arbitr kimi aparması, digər ölkələri öz iradəsinə tabe etdirməyə çalışması, demokartiya anlayışını monopoliyaya götürməsi və əlahiddə seçim səlahiyyətinə malik olduğunu açıq nümayiş etdirməsi olub.
ABŞ “Demokratiya Zirvəsi” adlandırdığı tədbirlə məhz demokratiya və demokratik prinsipləri kobud şəkildə tapdalayıb desək, yanılmarıq. İlk növbədə ona görə ki, burada ABŞ özünü dünya “demokratiya”sının himayədarı kimi aparır və “demokratiya” anlayışını dünyaya məhz öz kriteriyaları əsasında sırımağa çalışır.
Demokratiyaya öz kriteriyalarını “bəxş edən” ABŞ bu gün “demokratiya carçısı”, “himayədarı”, “bayraqdarı” kimi vəzifələrə özü-özünü “təyin etsə də”, dünya bu dövlətin öz maraqları naminə hətta ən sadə prinsipləri belə tapdaladığının şahidi ola bilir.
“Demokratiya Zirvəsi”nə ev sahibliyi, rəhbərlik edəcək ABŞ-ın özündə də demokratiya sadəcə sərf etdiyi hallarda yada düşür. Yəqin ki, ölkədə keçirilən son seçkiləri hər kəs xatırlayır. Donald Trampın təkidlə seçkilərin saxtalaşdırıldığını bildirməsi, dünya mətbuatının manşetlərindən günlərlə çıxarılmadı. Ancaq “demokratiya beşiyi”ndə Donald Trampın etirazına məhəl qoyan tapılmadı, üstəlik onun ən primitiv hüquqlarından biri – söz azadlığı əlindən zorla alındı. Hətta bu kobud qayda pozuntusu bu gün söz azadlığının məhdudlaşdırılmasının nisbətən çətin olduğu bir platformada sosial şəbəkələrdə edildi. Daha sonra Kapitolidə baş verən isə demokratiya tarixinə qara hərflərlə yazıldı.
İkinci məqam ABŞ-ın “Demokratiya Zirvəsi”nə qatılmağı “lütf etdiyi” ölkələrin seçimi ilə bağlıdır. Çünki demokratiyanın kökündə dayanan ədalət, bərabərlik kimi anlayışlar ABŞ-ın “seçim”ində öz əksini tapmır. Bu baxımdan “Demokratiya Zirvəsi” – ABŞ-ın “demokratiya” maraqlarına cavab verən, Vaşinqtonun yeni həmlələrində alət kimi istifadə edə biləcəyini düşündüyü ölkələrin toplantısına çevrilir.
Bu ölkələr isə xarici siyasətini müstəqil yürüdə bilməyən, himayəyə və yönləndirməyə ehtiyacı olan ölkələrdir. Hətta seçimində belə demokratik davranmağı bacarmayan ABŞ-ın müstəqil siyasət yürütdüklərinə görə bir sıra demokratik ölkələrin siyahıdan kənarda qoyması bütün dünyada tənqidlə qarşılanıb və Bayden administrasiyasına qarşı ittihamlara səbəb olub.
Zirvəyə dəvət olunan ölkələr arasında tamamilə subyektiv seçim aparılıb. Məsələn, Konqo Demokratik Respublikası, İraq kimi ölkələri ABŞ yanında görməyə qərar verib. Ancaq Macarıstan, Türkiyə və Azərbaycan kimi ölkələrə dəvət göndərilməyib.
Konqo Demokratik Respublikası, İraq kimi ölkələri demokratiya zirvəsinə daşıyan məqamın nə olması suallar doğursa da, dəvət almayanları birləşdirən əsas məqam kifayət qədər aşkardır – bu ölkələrin müstəqil xarici siyasi xətti.
Məsələn, Macarıstan Avropa İttifaqının üzvüdür. Bu təsisatın əsas kriteriyaları sırasında da demokratiya anlayışı ön planda dayanır. ABŞ-ın seçimi isə Avropa demokratiyasını da sual altında qoyur? Sadəcə bu amil belə “Demokratiya Zirvə”sinə yığışanların demokratlar deyil, ABŞ-ın demokrat qiyafəsinə bürünməyə izn verdikləri olduğunu görməyə kömək edir. Nəticə olduqca sadədir: Macarıstan rəhbərliyinin xarici siyasi məsələlərində əksər hallarda öz fərqli mövqeyi ilə seçilir və ABŞ-ın seçimi zamanı bu “qeyri-loyallıq” əsas götürülür.
Elə Türkiyə və Azərbaycanla bağlı qərəzli yanaşmada da bu amil ön plana çıxır. Azərbaycanla Türkiyənin sammitə dəvət almaması bu ölkələrin “demokratiya tələblərinə” cavab verməməsi ilə bağlı deyil, bugünkü ABŞ administrasiyasının “tələblərinə” cavab verməməsindən və öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməsindən irəli gəlir.
ABŞ-ın dünyaya təqdim etdiyi “demokratiya mənzərəsi” olduqca gülünc xarakter daşıyır. Belə çıxır ki, Türkiyə və Azərbaycanda demokratik institutlar Ermənistan və Gürcüstandan az inkişaf edib? Bu iki qardaş ölkə İraqın, Konqo Demokratik Respublikasının “cavab verdiyi” meyarlara necə ola bilər ki, cavab verməsin? Bu meyarları kim müəyyənləşdirir, hansı əsaslara söykənir? Əsas olaraq ABŞ-ın İraqa gətirdiyi “demokratiya” götürülür? Hazırda eks-prezidenti həbsdə olan, müxtəlif cinayət işləri açılan Gürcüstan, bütün müxalif fikirlər inkar olunan, hakimiyyəti tənqid edən hər kəsin təqibə məruz qalıb zindana atıldığı Ermənistan həmin kriteriyaları qarşılayır, Azərbaycan və Türkiyə yox?
Görünür, Vaşinqton üçün demokratiya artıq ABŞ-ın maraqlarına qeyd-şərtsiz tabelik anlamına çevrilib. Ona görə də “Demokratiya Zirvə”sinin iştirakçısı olmamaq da bu vəziyyətdə əsl demokratiyaya sadiqlik göstəricisinə çevrilir.
Qərəzli yanaşma, subyektiv seçimi ortaya qoyan daha bir məqam Türkiyə ilə bağlıdır. Çünki Türkiyə Respublikası ABŞ-ın da daxil olduğu NATO-ya üzvdür. Üzvlük üçün tələb edilən kriteriyalardan biri də insan haqları və qanun aliliyinə sadiqlikdir. NATO üzvü olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin isə bu kriteriyaya cavab verməməsi absurddur.
Burada Bayden administrasiyasının maraqlarının təmin edilməsi daha vacib xətt təşkil edir. Üstəlik “Demokratiya Zirvə”sinə qatılacaq ölkələrin bir ortaq cəhəti də Rusiya və Çinə qarşı yeni yaradılacaq koalisiyanın potensial iştirakçıları olmalarıdır. Bu baxımdan da sözügedən siyahıda ölkəmizin və Türkiyənin yer almaması anlaşılan və təbiidir.
Ermənistanın xarici siyasətdə də “etibarlı” tərəfdaş olmaması artıq təsdiqini tapmış danılmaz bir faktdır. Serjik Sarqsyanın prezidentliyi dönəmində Avropa İttifaqı ilə sazişə imza atan və sonra tələsik imzasını geri çəkən Ermənistanda “Soros”un “təmsilçisi” Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyaya qarşı daha açıq kurs götürülüb. “Demokratiya Zirvəsi”nə dəvət isə bunun bariz nümunəsidir. Sözügedən tədbirdə iştirakla Paşinyan hökuməti anti-Rusiya mövqeyini keyfiyyətcə yeni mərhələyə daşıyaraq, açıq şəkildə nümayiş etdirəcək.
Ermənistanın bu “mötəbər” zirvədə təmsil olunması Rusiya dövləti üçün açıq siqnal olacaq. Acınacaqlı vəziyyətdə hər zaman Rusiyanın ətəyindən yapışıb kömək dilənən Ermənistanın Moskvaya üz çevirməsi məsələsi yəqin ki, Kremlin də diqqət mərkəzində saxlanılacaq.
Azərbaycan isə Ermənistandan fərqli olaraq heç vaxt ikili oyunlarda iştirak etmir. Azərbaycan dövlətinin xarici siyasi xətti şəffaf və müstəqildir. Bakı və İrəvan arasındakı bu kəskin fərq, Azərbaycanın heç zaman digər qüvvələrin əlində alətə çevrilməməsi, Ermənistanı ABŞ-ın siyahısına daxil edən əsas səbəbdir.
Ortaya çıxan nəticə bundan ibarətdir ki, “Demokratiya Zirvəsi”ndə iştirak etməməyin özü demokratiyaya xidmət anlamına gəlir. Meyarları və məqsədləri aydın olan bu tədbirin demokratiyanın zirvəsi deyil, çuxuru olduğunu görmək çətin deyil.
Zirvəyə dəvət olunduğu üçün öyünən Ermənistan kimi ölkələr üçün demokratiya anlayışı heç bir önəm daşımır. Əsas olan alətə çevrilmək üçün fürsətin verilməsidir ki, ABŞ da onları ətrafına məhz buna görə toplayır.
Azərbaycan və Türkiyənin sözügedən çuxurdan kənarda qalması isə bu ölkələrin düzgün yolda olduğunu və demokratiyanın aliliyini qorumağa davam etdiyini növbəti dəfə bütün dünyaya sübut etdi.
Orxan Tağıyev