Türk Dünyasından birlik arzusunu reallığa çevirən Liderə təşəkkür – TƏHLİL

Siyasət

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.

Məlumat üçün xatırladaq ki, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Təşkilata üzv dövlətlər bununla Prezident İlham Əliyevin Türk Dünyası qarşısında misilsiz xidmətlərinə yüksək qiymət verdiklərini bəyan ediblər. Bu mükafat həm də  Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasında Liderliyi, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasındakı yüksək nüfuzunun göstəricisi olub.

Türk Dünyasının liderləri eyni zamanda “Türk Dünyasının Ali Ordeni”ni təqdim etməklə Azərbaycan Prezidentinin ərazilərimizin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına zəmin yaradan tarixi qələbənin qazanılmasında ortaya qoyduğu qətiyyət və siyasi iradəyə rəğbətlərini ortaya qoyublar.

Sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasında uzaqgörən, məqsədyönlü və prinsipial bir lider kimi şöhrət qazanıb. Dövlət başçısının qazandığı yüksək nüfuz və etimadın arxasında onun yürütdüyü uzaqgörən siyasi xətt, hər zaman verdiyi sözlərə əməl etməsi, ədaləti yorulmadan müdafiə etməsi, Türk Dünyasının inkişafı və gələcəyinin qurulması yolunda göstərdiyi misilsiz xidmətlər dayanır.

Dövlət başçısının 2009-cu ilin oktyabrında Türkdilli Dövlətlərin rəhbərlərinin Naxçıvan Zirvə görüşündəki çıxışını xatırlayaq:

“Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır”.

12 il bundan öncə İlham Əliyevin səsləndirdiyi bu fikir dövlət başçısının Türk Dünyasının strateji vacib məsələlərinə necə diqqət ayırması və həssaslıqla yanaşmasını ortaya qoyur. Çünki bu gün İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”nin təqdim olunmasının səbəblərindən biri də məhz Azərbaycan Prezidentinin illər öncə vurğuladığı problemin həllində müvəffəq olmasıdır.

Müfəzzər Ali Baş Komandan kimi İstanbuldakı zirvəyə qatılan İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyib, eyni zamanda Türk Dünyasını yenidən birləşdirən Zəngəzur dəhlizinin əsasını qoyub. Bu dəhlizin yaradılması isə sadəcə təkcə iqtisadi deyil, eyni zamanda böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bununla Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərin arasında coğrafi bağlılığın bərpa edilməsinə nail olub, eyni zamanda Türk Dünyasının birlik, bərabərlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfə verən Lider kimi ön plana çıxıb.

Azərbaycan Prezidentinə sözügedən ali mükafatın təqdim edilməsi həmçinin onun rəhbərliyi ilə dövlətimizin təşkilatın inkişafı, onun sıralarının genişlənməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və əlaqələrinin artmasında oynadığı rola verilən qiymətin əyani təzahürüdür. Azərbaycan Türk Şurasına 2019-2021-ci illərdə uğurla sədrlik edib. Prezident İlham Əliyevin öndərliyində Azərbaycan təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirib.

Azərbaycanın rəhbərliyi dövründə qurumun digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Azərbaycanın təşkilata sədrliyi eyni zamanda xalqımız və bütövlükdə Türk Dünyası üçün olduqca mühüm bir dövrə təsadüf edib. Azərbaycan 44 günlük müharibə zamanı öz ərazi bütövlüyünü təmin edib, tarixi ədaləti bərpa edib. Azərbaycan öz haqq savaşı ilə Türk Dünyasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.

Belə ki, haqq savaşında qələbə qazanan Azərbaycan dövləti bu gün öz regionunun inkişafı naminə müxtəlif layihələrə start verib. Bu proseslərdə Türk Dünyası yaxından iştirak edir. Zəngəzur dəhlizinin də açılması ilə birlikdə bu layihələr bütün Türk Dünyasının inkişafı və inteqrasiya üçün əhəmiyyətli amilə çevriləcək. Zəngəzur dəhlizinin açılması əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır.

Məhz bütün bu amillər “Türk Dünyasının Ali Ordeni”nin dövlət başçısı İlham Əliyevə təqdim olunmasının əsas səbəbləridir.

Çünki Azərbaycanın qazandığı qələbə ümumilikdə region və Türk Dünyası üçün yeni başlanğıcların, yeni reallıqların təməlinin atılması anlamına gəlir. Bütün bunların arxasında isə Prezident İlham Əliyevin qüdrətli Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasət dayanır. Qısa zamanda Azərbaycanı inkişaf etmiş, qüdrətli və bütün dünyada söz sahibi olan nüfuzlu bir dövlətə çevirən dövlət başçısının öz ölkəsinin milli maraqlarının müdafiəsi uğrunda ortaya qoyduğu prinsipial, ardıcıl və qətiyyətli siyasət türkdilli xaqlar arasında da haqlı olaraq İlham Əliyevin yüksək nüfuz qazanmasına səbəb olub.

Məhz İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində bu gün Türk Dünyasının ən böyük problemlərindən biri olan Qarabağ məsələsi artıq həllini tapıb. Dövlət başçısının səyləri ilə Azərbaycan öz haqq səsini bütün dünyaya çatdırmağa nail olaraq, erməni təbliğat maşınının fəaliyyətini faktiki olaraq iflic vəziyyətə salıb. Azərbaycan dövlətinin göstərdiyi səylər nəticəsində Ermənistanın təcavüzkar mahiyyəti ortaya qoyulub, işğalçılıq siyasəti ifşa olunub və bütün dünyada bu ölkənin tənqid obyektinə çevrilməsinə səbəb olub.

Siyasi arenada İlham Əliyevin şəxsində qazanılmış üstünlük, həm də Azərbaycanın iqtisadi və hərbi imkanlarının gücləndirilməsi ilə tamamlanıb. Belə ki, formalaşdırılan güclü iqtisadiyyat və müasir, istənilən vəzifəni yerinə yetirməyə qadir qüdrətli ordu Azərbaycanın parlaq qələbəsinin təmin olunması yolunda görülən işlər sırasındadır.

Bütün bu məqsədyönlü proseslər Azərbaycanın tarixi ədaləti bərpa etməsinə imkan verdi. “Dəmir yumruğ”un altında əzilən Ermənistan ordusu məhv edildi, Ermənistan dövləti aciz şəkildə kapitulyasiya aktını imzalamağa vadar oldu. Azərbaycan, Türk Dünyası və ədalət qələbə çaldı.

İlham Əliyevin mahir sərkərdəliyi və ortaya qoyduğu siyasi iradə Azərbaycan xalqına və bütünlükdə Türk Dünyasına bu xoşbəxtliyi bəxş etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, Türk Dünyasının birliyi qarşısında dayanan ən böyük maneələrdən biri aradan qaldırıldı.

Bu gün İstanbulda Demokratiya və Azadlıq adasında Prezident İlham Əliyevə təqdim olunan həmin mükafat – “Türk Dünyasının Ali Ordeni” məhz bütün Türk Dünyasının Azərbaycan liderinə Zəfərə görə təşəkkürü, uğurlu gələcək yolunda göstərdiyi xidmətlərə görə verdiyi ən yüksək qiymət idi!

Orxan Tağıyev

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir