İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi onun təbii haqqıdır – RƏY

Siyasət

“Prezident İlham Əliyevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII zirvə görüşündə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi konkret fəaliyyətin nəticəsinə əsaslanan ədalətli qərardır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra onun tərkibində olan türk dövlətləri (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) müstəqillik qazanaraq tarixi-siyasi inkişaf yolu keçiblər.

“Onların arasında kifayət qədər ciddi iqtisadi göstəricilərə malik olanlar var və bu, hər birimizi sevindirir”, – deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, hazırda Türkiyə başda olmaqla bütövlükdə Türk dünyası davamlı olaraq ikili standartlara məruz qalmaqdadır.

“Elə öz misalımızda gördük ki, 30 ilə yaxın bir dövrdə işğala, təcavüzə məruz qalsaq da beynəlxalq ictimaiyyət buna göz yumdu. BMT Təhlükəsizlik Şurası başda olmaqla iri təsisatların qətnamələri kağız üzərində qaldı. Ötən 2 illik perioda baxsaq, aydın formada görərik ki, müstəqilliklərini son 30 ildə qazanmış qardaş dövlətlərimiz arasında yalnız Azərbaycan bu çərçivəni qırıb ikili standarta son qoya bildi. Azərbaycan regional hərbi-siyasi gücə və qlobal oyunçuya çevrilə bilib. Təbii ki, bu prosesdə Azərbaycan Prezidentinin şəxsiyyəti həlledici rola malik olub”.

B.Məhərrəmov daha sonra bildirib:

“İstanbuldakı zirvə görüşündə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq mətnlə ifadə etdi ki, Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulması məhz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində reallaşıb. Həqiqətən də Azərbaycan məhz cənab İlham Əliyevin planlı düşünülmüş və şaxələndirilmiş fəaliyyətə əsaslanan daxili və xarici siyasəti nəticəsində bu mövqeyi qazana bilib”.

Deputat qeyd edib ki, İlham Əliyev müharibə dövründə milli həmrəyliyə nail olub təcavüzə son qoydu.

“Eyni zamanda Zəngəzur dəhlizi vasitəsi ilə Türk dünyası arasında quru əlaqənin yaradılmasını reallaşdırır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya dövründə bəşəri səylərə lokomotivlik edir. Bütün bunlarla Türk dünyası tarixində yeni səhifə açmış olduğu üçün Prezidentin Ali Ordenə layiq görülməsi onun təbii haqqıdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir