Azərbaycan, Suriya, Türkiyə: geosiyasi mənzərəni dəyişən yeni enerji körpüsü

Siyasət

Bakı. Trend:

İki gün sonra Yaxın Şərq yeni bir mərhələyə qədəm qoyur. Bu
mərhələ, son onilliyin ən mühüm enerji layihələrindən biri olan
Azərbaycan – Suriya – Türkiyə qaz dəhlizinin hazırlanması ilə
başlayacaq. Layihə çərçivəsində hər il 1,2 milyard kubmetr
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli nəzərdə
tutulur.

Layihə sadəcə, regionun aktual enerji böhranını aradan
qaldırmaqla kifayətlənməyəcək, həm də onun bərpasına ciddi təkan
verecək, Türkiyənin əvəzolunmaz enerji qovşağı kimi mövqeyini daha
da gücləndirəcək. Layihənin səthi təhlilri belə, onun iqtisadi,
siyasi və humanitar ölçülərinin necə bir araya gəldiyini və bölgədə
mövcud olan köhnə geosiyasi paradiqmaları necə sarsıtdığını aydın
şəkildə ortaya qoyur.

Xatırladaq ki, Yaxın Şərq həm genişmiqyaslı geosiyasi
qarşıdurmaların, həm də ağır humanitar böhranların mərkəzindədir.
Fəqət bu xaosun fonunda konkret və praqmatik əməkdaşlıq xətti
formalaşmaqdadır: Azərbaycan – Türkiyə – Suriya. Məzkur üçtərəfli
oxun əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Məqsəd
Azərbaycanın təbii qazının faciəli, qanlı vətəndaş müharibəsindən
sonrakı Suriyanın ərazilərinə, xüsusilə Hələb və Homs kimi
bölgələrinə çatdırılmasıdır. Sözügedən təşəbbüs kommersiya və
texniki aspektlərlə yanaşı, güclü humanitar və siyasi məzmun
daşıyır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Asiya üzrə İqtisadi
və Sosial Komissiyasının (United Nations Economic and Social
Commission for Western Asia, ESCWA) tərəfindən yayımlanan hesabatda
qeyd olunur ki, Suriyanın enerji infrastrukturu 65 faizdən çox
dağılıb. Elektrik stansiyalarının 40 faizi bərpaolunmaz haldadır,
30 faizi isə tam rekonstruksiyaya ehtiyac duyur. 2011-ci ildən
əvvəl Suriya ildə təxminən 46 milyard kVt·saat elektrik enerjisi
istehsal edirdi və bunun 65 faizi təbii qazın payına düşürdü. Bu
gün isə bu rəqəm 12 – 13 milyard kVt·saata enib və bu, hətta iri
şəhərlərin əsas ehtiyaclarını qarşılamaq üçün kifayət deyil.

BMT-nin Qida Proqramının yaydığı məlumata görə, ölkə əhalisinin
72 faizi daimi olaraq elektrik enerjisi çatışmazlığından əziyyət
çəkir, 38 faiz ev təsərrüfatı isə yemək bişirmək və qızınmaq üçün
hələ də odun və ya kömürdən istifadə etməyə məcburdur. Belə bir
durumda Azərbaycan qazının Suriyaya çatdırılması layihəsi sistemli
əhəmiyyət qazanır. Bu artıq sırf kommersiya əməliyyatı deyil –
cəmiyyətin sabitləşdirilməsi və iqtisadi dirçəlişin əsaslarının
qurulması üçün mühüm bir vasitədir.

Azərbaycanın təbii qazının Suriyaya nəqli hazırda mövcud olan
magistral boru kəmərləri vasitəsilə həyata keçiriləcək: Cənubi
Qafqaz boru kəməri (Bakı – Tbilisi – Ərzurum), TANAP və Türkiyənin
daxili BOTAŞ sistemləri. Əsas nəql marşrutu isə Suriyaya yaxın olan
Kilis bölgəsi üzərindən keçəcək modernləşdirilmiş kəmərdir.

Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ilin
yazında başa çatan modernləşdirmə işləri nəticəsində Kilis xəttinin
sutkalıq ötürmə gücü 3 milyon kubmetrdən 4,8 milyon kubmetrə
çatdırılıb. Bu isə ildə 1,2 milyard kubmetr qaz nəqlinə imkan verir
ki, bu da Hələb və Homs kimi bölgələrin müharibədən əvvəlki
ehtiyaclarına bərabərdir.

Yeni boru kəməri çəkməyə ehtiyac olmadığı və Azərbaycanla
Türkiyə arasında artıq mövcud olan razılaşmalar sayəsində layihənin
reallaşması həm daha sürətli, həm də daha az xərcli baş verir. Bu
isə Suriyada enerji çatışmazlığının fonunda prosesin ləngiməsinə
yol vermir.

Ölkəmiz üçün bu layihə təkcə qaz ixracının genişlənməsi deyil,
həm də ölkənin regional sabitlik təminatçısı və praktiki həllər
təklif edən oyunçu kimi rolunu nümayiş etdirməkdir. Qərb qaz
bazarlarının ekoloji məhdudiyyətlər və LNG rəqabəti ilə
sıxışdırıldığı bir dövrdə Suriya kimi qeyri-standart, lakin enerji
ehtiyacı yüksək olan bazarlara çıxış ağıllı və uzaqgörən addım
sayılır.

Azərbaycan təkcə qazla təminat funksiyasını deyil, həm də
Suriyada qazın bölgüsünün koordinasiyasında iştirak edir. Bu işlər
BOTAŞ və BMT-nin müvəqqəti koordinasiya strukturları ilə birgə
həyata keçirilir. Beləliklə, Bakı özünü etibarlı və humanist
tərəfdaş kimi təqdim etməyi bacarır.

Azərbaycan qazının Suriyaya nəqli layihəsi milyonlarla insanın
həyat şəraitini dərhal yaxşılaşdırmaq gücündə olan azsaylı
konstruktiv təşəbbüslərdəndir. Bu, iqtisadi vasitələrlə humanitar
məqsədlərə çatmağın model nümunəsidir.

Sadəcə, bir fakt: Hələbdəki tibb müəssisələrinə sabit enerji
verilişi bərpa olunarsa, 17 doğum şöbəsi və reanimasiya bloku 24
saatlıq fəaliyyətə qaytarıla bilər.

Enerji ilə bağlı konkret faydalarla yanaşı, layihə mühüm
regional ölçüyə də malikdir. Türkiyə tranzit ölkə kimi bu prosesdə
iştirak etməklə Suriya gündəmini, o cümlədən kürd məsələsini və
müharibədən sonrakı quruculuq mərhələlərini formalaşdırmaq
baxımından əlavə təsir aləti əldə edir. Azərbaycan isə Türkiyə ilə
enerji ittifaqını daha da möhkəmləndirərək, münaqişələrdən zərər
çəkmiş bölgələrin bərpasında iştirak etmə qabiliyyətini nümayiş
etdirir. Bu isə Bakı üçün İƏT və BMT kimi beynəlxalq platformalarda
uzunmüddətli siyasi kapital formalaşdırır.

Təbii ki, layihə tamamilə risklərdən sığortalanmayıb. Buraya
Suriyanın şimal bölgələrində davam edən qeyri-sabitlik, terrorçu
kürd qruplaşmaları sabotaj təhlükəsi və eləcə də ölkə daxilindəki
mürəkkəb logistik şərait daxildir. Lakin Beynəlxalq Enerji
Agentliyinin hesabatına əsasən, BMT-nin dəstəyi ilə Suriya
hakimiyyəti artıq Homs və Hələb ətrafındakı qaz nəqli
infrastrukturunun inventarizasiyasını yekunlaşdırıb və 2025 –
2026-cı illər üçün bərpa planı hazırlayıb.

Təhlükəsizlik sahəsində də ümidverici siqnallar var. BMT-nin
Operativ Monitorinq Mərkəzinin iyul hesabatına görə, son 5 ay
ərzində qaz nəqli marşrutu üzərində kritik infrastruktur üçün
təhlükə yaradan heç bir ciddi hadisə qeydə alınmayıb.

Ümumiyyətlə, Azərbaycan- Türkiyə- Suriya enerji layihəsi təkcə
yeni nəqliyyat xətti və ya infrastruktur təşəbbüsü deyil. Bu layihə
Yaxın Şərq və Cənubi Qafqazda enerji, siyasət və geoiqtisadiyyat
sahələrində baş verən dərin transformasiyaların göstəricisidir.
Onun əsasını pafoslu bəyanatlar yox, sağlam hesablamalar,
praqmatizm və post-böhran dünyasında iqtisadi əlaqələrin
diversifikasiyası ehtiyacı təşkil edir.

Son iyirmi ildə Avropanın əsas enerji
tərəfdaşlarından birinə çevrilmiş Azərbaycan indi Şərqi Aralıq
dənizi və Yaxın Şərq istiqamətində təsirini artırmağa doğru inamla
addımlayır. SOCAR-ın məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda
qaz hasilatı 48,1 milyard kubmetrə çataraq ölkə tarixində rekord
nəticə olub. Bu həcmin 23 milyard kubmetrdən çoxu ixraca yönəlib, o
cümlədən 11,9 milyard kubmetr Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya
nəql olunub (Azərbaycan Energetika Nazirliyinin 2025-ci ilin mart
hesabatı).

Suriyaya çıxış yeni bazarlara və marşrutlara yol açır. Bu,
xüsusilə Avropada daxili istehlakın artması və mövcud infrastruktur
çərçivəsində əlavə ixrac imkanlarının məhdudlaşdığı şəraitdə Bakı
üçün strateji önəm daşıyır.

Ankara bu layihənin əsas benefisiarı və logistik mərkəzidir.
Hazırda Türkiyə Azərbaycan qazının Avropaya boru kəmərləri ilə
çatdırılan ümumi həcmin 50 faizindən çoxunu qəbul edir. Hatay və ya
Qaziantəp vasitəsilə Suriyaya yönələcək yeni xətt (TPAO və BOTAŞ-ın
ilkin layihə qiymətləndirmələrinə əsasən) təkcə tranzit gəlirləri
ilə deyil, həm də Türkiyənin regional enerji mərkəzi statusunu
möhkəmləndirməsi baxımından əhəmiyyətlidir. Türkiyə Enerji
Araşdırmaları İnstitutunun (TENVA) hesablamalarına görə, Suriyaya
qaz tədarükünün illik həcmi 2027-ci ilə qədər 3 milyard kubmetrə
çata bilər və tranzitdən Türkiyə büdcəsinə illik gəlirlər 180
milyon dollardan çox ola bilər.

Bundan əlavə, layihə Türkiyənin siyasi nüfuzunu da artırır.
Yaxın Şərqdəki qeyri-sabit fon şəraitində Ankaranın hərbi,
humanitar və diplomatik səylərlə uzlaşan infrastruktur layihələri
həyata keçirmə qabiliyyəti onun sistemli yanaşmasının
göstəricisidir. Energetika naziri Alparslan Bayraktar iyun ayında
Anadolu agentliyinə verdiyi müsahibədə bildirmişdi: “Türkiyə artıq
sadəcə boru kəməri keçən ərazi deyil, bütöv regionların enerji
siyasətinin formalaşdığı məkan halına gəlir.”

Dəməşq üçün bu layihə həyat təminatının əsaslarını yenidən işə
salmaq imkanıdır. Suriyanın Neft və Faydalı Qazıntılar Nazirliyinin
məlumatına görə, ölkə 2024-cü ildə cəmi 2,5 milyard kubmetrdən az
qaz hasil edib ki, bu da daxili tələbatın yarısını belə ödəmir.
Elektrik stansiyalarının 70 faizindən çoxu ya tam dayandırılıb, ya
da məhdud rejimdə çalışır. Hətta 1,5 – 2 milyard kubmetrlik əlavə
qaz mənbəyi vəziyyəti kökündən dəyişə bilər.

Burada söhbət təkcə enerji təchizatından getmir. Xüsusən Homs,
Hələb və Deyr əz-Zor kimi şəhərlərdə sement, şüşə və metallurgiya
sahələrinin bərpası ucuz və dayanıqlı yanacaqla birbaşa bağlıdır. “Al-Watan” qəzetində yayımlanmış hesablamalarında suriyalı
iqtisadçı Faruq əl-Xalidinin fikrincə, hər 1 milyard kubmetr qaz
təxminən 15 iri sənaye müəssisəsinin fəaliyyətini bərpa etməyə və
40 min yeni iş yerinin açılmasına imkan verə bilər.

Bundan başqa, bu, ciddi humanitar aspekt daşıyır. Suriyada hələ
də 6,8 milyondan çox daxili məcburi köçkün var. Kommunal və enerji
infrastrukturunun bərpası onların geri dönüşü üçün əsas təşviq
mexanizmidir. Beynəlxalq Miqrasiya Təşkilatının iyun ayında yaydığı
hesabatda da vurğulanır ki, “enerji sabitliyi – davamlı bərpa
prosesinin təməl daşıdır.”

Azərbaycan – Türkiyə – Suriya qaz boru kəməri layihəsi sırf
iqtisadi faydalarla məhdudlaşmır – onun strateji nəticələri daha
geniş və əhatəlidir. İlk növbədə, bu layihə Rusiyanın və İranın
Suriyanın enerji təminatındakı inhisarını zəiflədir. Hər iki ölkə
hərbi və siyasi sahədə güclü mövqelərini qorusa da, yeni marşrut
Dəməşqə alternativ təsir kanalını təqdim edir. Bu isə Suriyanın
xarici siyasətini balanslaşdırmağa və onun köhnə havadarlardan
asılılığını azaltmağa imkan yaradır.

İkincisi, layihə Suriyanın beynəlxalq siyasi sistemə qayıdışı
istiqamətində real addım sayılır. Formal olaraq sanksiyalar qüvvədə
qalsa da, Türkiyə və Azərbaycan kimi Avropa İttifaqı, NATO, İƏT və
OPEK+ ilə sıx əlaqələri olan dövlətlərlə birgə infrastruktur
layihəsində iştirak Dəməşqi yenidən diplomatik platformalara
yaxınlaşdırır. 2025-ci ilin iyulunda Aİ Türkiyə və Azərbaycan
nümayəndələri ilə qazın humanitar cəhətdən həssas zonalarda bölgüsü
ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparmışdır.

Üçüncüsü, layihə miqyas baxımından genişlənmə potensialına
malikdir. Boru kəmərinin Livan, İordaniya və hətta Misirin şimalına
uzadılması barədə müzakirələr artıq Ərəb Dövlətləri Liqasının iyul
ayındakı qapalı məsləhətləşmələrində gündəmdədir. Bu isə
Azərbaycanı təkcə qaz ixracatçısı deyil, strateji tərəfdaş
statusuna yüksəldə biləcək yeni enerji oxunun yaradılmasına gətirib
çıxara bilər.

Texniki risklər də diqqətdən kənarda deyil. Layihənin tam həyata
keçirilməsi üçün Suriyada ən azı 220 km, Türkiyədə isə 75 km yeni
boru kəmərinin tikintisinə ehtiyac var. Mühəndis-axtarış işləri
yalnız bu ilin mayında başlanıb və ən nikbin ssenariyə əsasən
istifadəyə verilmə 2027-ci ilin sonuna qədər mümkün deyil.

Azərbaycansa ixrac imkanlarını möhkəmləndirir və siyasi təsir
coğrafiyasını genişləndirir. Türkiyə logistik mərkəz kimi rolunu
artırır və infrastruktur gücünə çevrilir. Suriya isə həyat təminatı
sahələrinin bərpası və sosial sabitliyə dönüş fürsəti əldə
edir.

Azərbaycan – Türkiyə – Suriya layihəsi sadəcə bir boru kəməri
deyil. Bu, siyasi transformasiyanın, enerji suverenliyinin və
geoiqtisadi inteqrasiyanın xəttidir. Parçalanmış dünyanın və
ölkələrarası inamsızlığın hökm sürdüyü bir dövrdə bu layihə sübut
edir ki, praqmatik yanaşma bərpa və inkişaf üçün real zəmindir.
Layihə bərpa, əməkdaşlıq və praqmatik diplomatiya simvoludur.
2025-ci ilin avqustundan etibarən Azərbaycan qazı Hələb və Homs
şəhərlərinə çatmağa başladıqda, regionun tarixində yeni bir fəsil
açılacaq. Bu təşəbbüs göstərir ki, mürəkkəb geosiyasi mənzərədə
ortaq maraqların və qarşılıqlı faydalı layihələrin axtarışı
dayanıqlı sülhə və rifaha aparan yeganə yoldur.

Türkiyə – əsas enerji qovşağı rolunda, Azərbaycan – etibarlı
təchizatçı kimi, Suriya isə bərpa yolunda ilk addımlarını ataraq –
birlikdə yeni bir regional qarşılıqlı fəaliyyət paradiqmasını
formalaşdırırlar. Bu paradiqma, şübhəsiz ki, beynəlxalq ekspertlər
və qərarvericilər tərəfindən uzun illər analiz ediləcək.

Bu layihə təkcə suriyalıların evlərinə işıq və istilik gətirmir.
O, həm də Yaxın Şərqdə sülh yolu ilə inkişaf və regional
inteqrasiyanın mümkünlüyünə işıq salır. Azərbaycanın
diversifikasiya olunmuş enerji siyasəti və etibarlı tərəfdaşlıqları
sayəsində bu layihə sadəcə resurs ixracı deyil, həm də sabitliyin
ixracına çevrilir. Humanitar fəlakətlərin dərinləşdiyi bir dövrdə,
bu kimi təşəbbüslər artıq yalnız iqtisadi deyil – yeni,
məsuliyyətli geosiyasətin göstəricisinə çevrilir.