Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib

Siyasət

Bakı. Trend:

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporunun
rəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən
axtarışa verilib.

Trend bu barədə
Rusiya DİN-ə istinadən xəbər verir.

Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakin
onun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrə
axtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, 27 iyun səhəri Rusiya Federal Təhlükəsizlik
Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların evlərində reydlər
keçirib. Reydlər zamanı iki azərbaycanlı – qardaşlar Ziyəddin və
Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Yekaterinburqda öldürülən Səfərov qardaşlarının meyitləri
üzərində aparılan ekspert müayinəsi zamanı onların bədənlərində
çoxsaylı xəsarət izləri aşkar edilib. Bu məsələ ilə bağlı
Azərbaycanda cinayət işi başlanıb və bunun üçün kifayət qədər
hüquqi əsaslar mövcuddur.

Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Saxalinsk
vilayəti üzrə İstintaq Komitəsinə aparılıb və daha sonra sərbəst
buraxılıb.

Spread the love