Azərbaycan dilinin qorunması milli vəzifədir – Deputat

Siyasət

Bakı. Trend:

Hər bir xalq üçün ana dili onun milli kimliyinin göstəricisi,
mənəvi varlığının əsas dayağıdır. Bu dəyər eyni zamanda həmin
xalqın mədəni sərvəti sayılır. Ulu Öndər Heydər Əliyev və Prezident
İlham Əliyev hər zaman Azərbaycan dilinin inkişafı və qorunması
məsələsinə xüsusi diqqət yetiriblər. Ulu Öndərin əsasını qoyduğu
dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl
şəkildə davam etdirilir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Azərbaycan dili və əlifbası müxtəlif
dövrlərdə, xüsusilə tarixin çətin mərhələlərində ciddi xarici
təsirlərlə üzləşib:

“Sovetlər Birliyi dönəmində Azərbaycan dili və əlifbası ciddi
şəkildə sıxışdırılırdı. Xüsusən SSRİ Konstitusiyasının qəbulundan
sonra milli dillərin funksional imkanları məhdudlaşdırılmış,
onların rəsmi dairələrdə tətbiqi məhdudlaşmışdı. Belə bir şəraitdə
ana dilinin təbliği və müdafiəsi cəsarət tələb edirdi. 1930-cu
illərdə dil məsələsini gündəmə gətirənlərin Sibirə sürgün olunması
bunun bariz nümunəsidir. Lakin bu çətin dövrlərdə də Ulu Öndər
Heydər Əliyev prinsipial mövqe nümayiş etdirərək Azərbaycan dilinin
hüquqlarını qorumaqda israrlı olub”.

A.Həsənova qeyd edib ki, Ulu Öndərin qətiyyətli səyləri
nəticəsində Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlət
dili statusu alıb:

“Belə ki, həmin ilin aprelin 2-də keçirilən Azərbaycan SSR Ali
Sovetinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya
dəyişiklik edilərək Azərbaycan dili dövlət dili kimi təsbit
olunub.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndər ana
dilinin möhkəmləndirilməsi və geniş tətbiqi istiqamətində mühüm
addımlar atıb.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan
Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili yenidən dövlət
dili kimi hüquqi əsas qazanıb. Bu müddətdən etibarən dilin
inkişafını stimullaşdırmaq və onu qloballaşmanın mənfi
təsirlərindən qorumaq məqsədilə Ulu Öndərin imzaladığı fərman və
sərəncamlar bu sahədə sistemli dövlət siyasətinin əsasını qoydu.
Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün
təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına
əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir”.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev də dil
siyasətində ardıcıl və uzaqgörən addımlar ataraq, onun müasir
dövrün çağırışlarına cavab verməsini təmin edir:

“2013-cü il 9 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”
ana dilimizin zənginliyinin və təmizliyinin qorunmasına xidmət edən
mühüm sənədlərdən biridir.

Bundan başqa, 2018-ci il 17 iyul tarixində Prezident İlham
Əliyevin imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş
istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”
Sərəncam, dilin müasir texnoloji platformalarda da möhkəmlənməsinə
imkan yaradıb. Elə həmin il, noyabrın 1-də qəbul olunmuş
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərman isə dövlət dilinin daim strateji diqqət mərkəzində
saxlanıldığını bir daha təsdiqləyir”.