Noyabrın 13-də Şuşada Cənubi Qafqazda sülhün möhkəmlənməsi problemi üzrə beynəlxalq konfrans keçirilib. Tədbirə rusiyalı millət vəkilləri və ekspertlər də qatılıb.
Konfransın işində iştirak edən politoloq, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov şəhər yaxınlığında baş vermiş terror aktını Baku TV-yə şərh edib.
O bildirib ki, həmin vaxt Şuşada olan rusiyalı politoloqlar, deputatlar və ekspertlər də baş verənləri hiddətlə qarşılayıb. Onlar qeyd ediblər ki, əgər belə insidentlərin qarşısı alınmazsa, bu, ilk növbədə Rusiyanın sülhməramlı missiyası üçün təhlükə yarada, onu pis vəziyyətdə qoya bilər.
“Bəlkə də, terror aktının təşkilatçıları sülhməramlı missiyaya xələl gətirmək və Azərbaycanı sərt cavab tədbirlərinə təhrik etmək məqsədi güdüblər. Təbii ki, istənilən halda Azərbaycan tərəfi sərt reaksiya verəcək. Cünki əgər bu kimi terror aktlarının qarşısı alınmasa, ermənilər bunu Azərbaycanın zəifliyi kimi qəbul edəcək” , – deyə R.Hüseynov qeyd edib.
O, Azərbaycanın erməni terrorunun nə olduğunu yaxşı bildiyini xatırladıb və bu terrorun qarşısını yalnız sərt şəkildə almaq lazım olduğunu vurğulayıb.