Metyu Brayza: “İstanbul zirvə görüşünün nəticələri regionda böyük dəyişikliklərə səbəb olacaq” – FOTO

Siyasət

“Türk Dövlətləri Təşkilatı regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”.

Bunu “Report”a ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib.

O deyib ki, bu il noyabrın 12-də İstanbulda keçirilmiş zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi: “Hesab edirəm ki, bu, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın yeni və daha intensiv mərhələsini əks etdirir. Bu təşkilat Aralıq və Qara dənizdən, Xəzər dənizi və onun hüdudlarından kənaradək uzanan regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”.

Ekspert Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qəbul edilməsini alqışladığını bildirib: “Bu addımın regional əməkdaşlığı daha da möhkəmləndirəcəyini gözləyirəm. Türkmənistan və Azərbaycan artıq logistika sahəsində vacib oyunçular kimi birgə fəaliyyət göstərərək malların Avropadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara və əksinə, etibarlı daşınmasını təmin edir”.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra bu imkanlar daha da genişləndi, regionun təhlükəsizliyi isə daha sabit hala gəldi.

“Müharibənin başa çatması haqqında 2020-ci il 10 noyabr tarixli bəyanat və onun “Bölgədəki nəqliyyat əlaqələri bərpa edilir” bəndi yeni iqtisadi artım imkanları üçün yol açmış oldu. Nəticədə, Zəngəzur dəhlizi layihəsi yüklərin avtomobil yolları və son nəticədə, dəmir yolu vasitəsilə daşınması üçün yeni marşrutun əsasını qoyur. Bu həmçinin potensial olaraq, gələcəkdə boru xətti vasitəsilə karbohidrogen ehtiyatlarının daşınmasına şərait yaradır. Bu cür yeni tranzit əlaqələri yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, yeni investisiyaların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malik olacaq, iqtisadi artımı stimullaşdıracaq, həmçinin bütün Böyük Xəzər bölgəsində regional iqtisadi əməkdaşlığa imkan yaradacaq, bu isə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və saxlanmasına öz töhfəsini verəcək”, – M.Brayza diqqətə çatdırıb.

Ekspert həmçinin ötən həftə İstanbulda keçirilmiş zirvə görüşünün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın görünməmiş səviyyəyə çatdığını bir daha nümayiş etdirdiyini qeyd edib:

“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim edərkən Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə bağlı dediyi xoş sözlərdə də görmək olar. Təhlükəsizlik Şurası 1993-cü ildən etibarən Ermənistanın, təxminən, 30 il ərzində qanunsuz olaraq işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu səbəbdən, Azərbaycanın İstanbulda keçirilmiş zirvə görüşü zamanı Türk Dövlətləri Təşkilatına sədrliyi Türkiyəyə təhvil verməsi həm simvolik, həm də strateji əhəmiyyətə malikdir. NATO-da ikinci ən böyük orduya, nəhəng və şaxələndirilmiş sənaye bazasına və 80 milyonluq əhaliyə malik Türkiyə həqiqətən də Türk Dövlətləri Təşkilatında və bütün Böyük Xəzər bölgəsində vacib oyunçudur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir