Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində çıxış edib (FOTO)

Siyasət

Bakı. Trend:

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Parlament
Sədrlərinin VI Dünya Konfransı çərçivəsində – “2030-cu ilədək
Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq: Beynəlxalq
əməkdaşlıq üçün hansı yeni imkanlar mövcuddur?” mövzusunda
keçirilən panel müzakirəsində çıxış edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin spikeri çıxışında deyib ki, Dayanıqlı İnkişaf
Məqsədlərinin uğurla həyata keçirilməsi ilə bağlı ciddi
narahatlıqlar hələ də qalmaqdadır. Keçmiş təcrübələr göstərir ki,
həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli yanaşma
zəruridir.

Qeyd olunub ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 2030
Gündəliyinə böyük əhəmiyyət verir və onun icrası istiqamətində
mühüm irəliləyişlər əldə edib. Artıq BMT-nin Yüksək Səviyyəli
Siyasi Forumuna dörd Könüllü Milli Hesabat təqdim olunub.
Hökumətimiz 50-dən çox dövlət proqramını, milli inkişaf planlarını
və strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə
uyğunlaşdırıb.

Ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
dirçəldilməsi, eləcə də, keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının
həyata keçirilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə
verir. Aparılan yenidənqurma işləri ilə yanaşı, bu ərazilərdə bu
gün artıq əlli mindən çox insan yaşayır, işləyir və təhsil
alır.

Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərin
minalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraq
qalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış,
məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə
mübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbul
edib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi
kimi təsis olunması da təklif edilib.

Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti
2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və “İkinci
Böyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı sərəncam
imzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə daha
böyük töhfələr verəcək.

Bildirilib ki, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin vaxtında
və səmərəli icrası, həmçinin səylərin birləşdirilməsindən və
bir-birimizin inkişafına dəstək verməyimizdən asılıdır.

Milli Məclisin sədri deyib ki, son beş il ərzində 140-dan çox
ölkəyə göstərilmiş 330 milyon ABŞ dolları dəyərində humanitar,
iqtisadi və texniki yardım, Azərbaycanın beynəlxalq əməkdaşlığa
sadiqliyinin bariz nümunəsidir. 2018-ci ildən etibarən Azərbaycan
Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
tələbələrinə tam ali təhsil təqaüdləri təqdim edir. Keçən il
Azərbaycanda keçirilmiş COP29-un əhəmiyyətli və real nəticələri,
şübhəsiz ki, DİM-lərin hərtərəfli reallaşmasına müsbət təsir
göstərəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir