Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir – Sahibə Qafarova

Siyasət

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi DİM-lərin
uğurla reallaşdırılmasına mühüm töhfə verir.

Trend xəbər
verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova iyulun
30-da Cenevrədə Parlament Sədrlərinin VI Dünya Konfransı
çərçivəsində keçirilən panel müzakirəsindəki çıxışında deyib.

Spiker bildirib ki, ölkəmizin azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur bölgələrinin dirçəldilməsi, eləcə də, keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan “Böyük
Qayıdış” proqramının həyata keçirilməsi DİM-lərin uğurla
reallaşdırılmasına mühüm töhfə verir. Aparılan yenidənqurma işləri
ilə yanaşı, bu ərazilərdə bu gün artıq əlli mindən çox insan
yaşayır, işləyir və təhsil alır.

Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərin
minalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraq
qalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış,
məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə
mübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbul
edib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi
kimi təsis olunması da təklif edilib.

Qeyd edilib ki, cari ilin may ayında Azərbaycan Respublikasının
Prezidenti 2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və
“İkinci Böyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı Sərəncam
imzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə daha
böyük töhfələr verəcək.