Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirib (FOTO)

Siyasət

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının
Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 30-da İrlandiya
Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova
Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, Verona Mörfi ilə görüşdə parlamentlərin
beynəlxalq fəaliyyətinin, parlament diplomatiyasının əhəmiyyəti
qeyd olunub. Bildirilib ki, Parlamentlərarası İttifaqın tədbirləri
parlamentlərin həm xalqlar arasında əlaqələrin gücləndirilməsi, həm
də qlobal səviyyədə bütün ölkələri, xalqları narahat edən
çağırışların, problemlərin həllində birgə işləməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və İrlandiya parlamentləri arasında
əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə
parlamentlərarası dostluq qruplarının qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub və gələcəkdə
bu əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı niyyət
ifadə olunub.

Moldova Parlamentinin sədri ilə görüşdə isə ölkələrimiz arasında
münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda bir-birinə
qarşılıqlı dəstəyi qeyd edilib.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələrimiz
arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi qeyd
olunaraq, bu gün parlamentlərimiz arasında həm ikitərəfli, həm də
çoxtərəfli əsasda formalaşmış əlaqələrin yüksək səviyyəsi təqdir
edilib. Parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının,
müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin xüsusi
əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin
6-cı Dünya Konfransı çərçivəsində Qazaxıstan Respublikası
Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Kot-d’İvuar
Respublikası Milli Assambleyasının sədri Adama Biktogo ilə
görüşləri də olub.

Görüşlərdə parlamentlərimiz arasında münasibətlərə dair fikir
mübadiləsi aparılıb.

O cümlədən, Parlament Sədrlərinin VI Dünya Konfransının
qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi
aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm
beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə
çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir