Sergey Qarmaş: “Ukrayna Azərbaycanın etmədiyi səhvə yol verdi”

Siyasət

Ukraynalı jurnalist, ORDLO-nun (Donetsk və Luqansk vilayətlərinin ayrı rayonları) Ukraynanın şərqindəki münaqişənin həlli üzrə Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin təmsilçisi Sergey Qarmaş Oxu.Az-a müsahibəsində Qarabağla Donbassdakı münaqişələri müqayisə edib.

“Təbii ki, biz hamımız hadisələrin inkişafını çox diqqətlə izləyirik, çünki Qarabağla Donbassdakı münaqişələr arasında müəyyən paralellər görürük. Eyni zamanda vurğulayıram ki, münaqişələr mahiyyətcə fərqli olsa da, bəzi oxşarlıqlar var. Həm sizin regionda, həm də Ukraynanın şərqində mövcud olan Rusiya faktorunu götürək. Münaqişənin ATƏT-in iştirakı ilə diplomatik yolla həllinin ümumi mexanizmi var idi, danışıqlar uzanırdı – bu, bizdə səkkizinci ildir, sizin ölkədə isə 27 il davam edib. Azərbaycanın qələbəsi bizdə münaqişəmizin həll oluna biləcəyi ilə bağlı ümid yaratdı”, – deyə o qeyd edib.

O, Azərbaycana köməyə görə Ukraynanın ittiham edilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlərə də münasibət bildirib:

“Ölkələrimizin təkcə mənəvi yox, istənilən dəstəyə ehtiyacı var və bu vacibdir. Ukraynanın Azərbaycana yaxın olması niyə Ermənistanda kimisə narahat edir? Yəqin ki, bizi ümumi problemlər birləşdirir, ona görə də Kiyev və Bakı bir-birini dəstəkləməyə bilməzdi. Biz doğrudan da Azərbaycana daha yaxın idik”.

“Münaqişəyə qayıdaq. Sizin ermənilərlə toqquşmanız var, amma bizdə məsələ başqadır. Rusiya Ukraynada millətlərarası münaqişənin olduğunu, ruslarla ukraynalıların müharibə etdiyini göstərməyə çalışır. Bu doğru deyil. Və ümumiyyətlə, Donbass heç vaxt Rusiyanın regionu olmayıb və SSRİ-nin dağılması zamanı əhalinin əksəriyyətini ukraynalılar təşkil edirdi. Və daha çox insan özünü ukraynalı hesab edirdi. Başqa bir məsələ ondan ibarətdir ki, Donbass formalaşmasının tarixi xüsusiyyətlərinə görə həmişə, deyək ki, daha çox sovet bölgəsi olub.

Amma Qarabağdakı münaqişə də Rusiya Federasiyası tərəfindən dəstəklənirdi, Ukraynanın şərqindəki münaqişə də indi Rusiya tərəfindən dəstəklənir. Moskva öz geosiyasi dividendlərini almaq üçün başqasının problemi ilə oynayır”, – deyə jurnalist vurğulayıb.

O qeyd edib ki, münaqişələrimiz arasındakı digər mühüm fərq də var:

“Azərbaycan separatçı Qarabağın nümayəndələrinin danışıqlar prosesinin subyekti olmamasına nail ola bildi. Təəssüf ki, Ukrayna səhv etdi. Bəli, Kiyev ölkənin şərqindəki kvazi-respublikaları de-yure subyektivləşdirməyib, lakin onlarla üçtərəfli təmas qrupu çərçivəsində de-fakto danışıqlar aparır. Bu ona gətirib çıxardı ki, Rusiya vasitəçilik missiyasını bəyan edir və biz həm Rusiya Federasiyası ilə, həm də tanınmamış qurumlarla dialoq aparmalıyıq. Təbii ki, biz buna gedə bilmərik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir