Parisdə absurd teatrı: Fransa parlamenti Bakıya “təzyiq” etmək xülyasındadır

Siyasət

Bakı. Trend:

Dünya qlobal yenidənqurma astanasında tarazlıq axtararkən,
Avropa diplomatiyası öz ziddiyyətləri içində boğularkən, Fransa –
sanki Üçüncü Respublika dövrünün müstəmləkəçi xəyallarında ilişib
qalmış kimi – yenidən “rol almaq” fikrinə düşüb. Və bu dəfə –
coğrafiyasını ancaq Jül Vern xəritələrindən tanıdığı Cənubi
Qafqazda.

Fransa Milli Assambleyasının (ölkə parlamentinin aşağı palatası,
– red.) bir qrup qatı ermənrpərəst deputatı təklif etdiyi qətnamədə
Paris rəsmi şəkildə Ermənistanı Azərbaycanla sülh prosesində
dəstəkləməyə, onunla strateji tərəfdaşlıq bağlamağa və Bakıda
saxlanılan – Xankəndidə sabiq separatçı-terrorçu xuntanın keçmiş
rəhbərləri olan – erməni məhbusların azad edilməsinə çalışmağa
çağırılır.

Qətnamənin izahatında iddia olunur ki, guya Ermənistan 2023-cü
ilin payız hadisələrindən sonra “səmimi şəkildə sülhə can atır”,
Azərbaycan isə keçmiş “arsax” başçılarını hüquqi prosedurlarsız
saxlayaraq, Cenevrə Konvensiyasını pozur. Sənəddə vurğulanır ki,
Fransa “tarixi rol oynamalıdır” – Bakıya təzyiqləri artırmalı,
İrəvanla strateji əməkdaşlığı təşviq etməli və erməni məhbusların
dərhal azad olunması üçün çağırış etməlidir.

Deputatlar həmçinin, Fransanın və bütövlükdə Avropa İttifaqının
Ermənistana siyasi, iqtisadi, hərbi və humanitar dəstəyi
artırmasını tələb edirlər. Onlar Azərbaycanı “Ermənistanın
mövcudluğunu inkar siyasəti”ndə ittiham edir, azad edilmiş
ərazilərdə guya erməni mədəni irsinin “məhv edilməsinin davam
etdiyini” iddia edirlər.

Qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, lakin
Fransanın siyasi elitasının bir hissəsinin Ermənistana açıq
lobbiçilik və Cənubi Qafqaz işlərinə “humanitar bəhanə” ilə
müdaxilə kursunu nümayiş etdirir.

Fransa Milli Assambleyasının deputatlarının bu təşəbbüsü sadəcə
Ermənistana ünvanlanmış siyasi jest deyil. Bu, Fransa xarici
siyasətinə çoxdan xas olan ikiüzlülüyün, neo-müstəmləkəçiliyin və
təkəbbürlü qərəzin aşkar ifadəsidir.

“Fransanın tarixi rol oynamaq zərurəti” haqqında pafoslu bənd
XIX əsr teatr pyeslərindəki kobud monoloqları xatırladır,
diplomatik təşəbbüs yox. Afrika, Yaxın Şərq və hətta öz dənizaşırı
ərazilərində ardıcıl şəkildə nüfuzunu itirən Paris, indi qəfil
Cənubi Qafqazda “sülh zəmanətçisi” obrazına girib. Özü isə daxildə
nə etiraz aksiyalarını, nə də ictimai parçalanmanı cilovlaya
bilmir.

Sənədin mahiyyəti isə sülhyaratma deyil. Bu, humanitar ritorika
ilə örtülmüş təzyiq alətidir – birbaşa Azərbaycana qarşı yönəlib.
Deputatların arasında tanınmış ermənipərəst lobbiçilər də var.
Onlar Ermənistana “strateji tərəfdaşlıq” təklif edir, Bakını
“mövcudluğu inkar siyasəti”ndə günahlandırır və separatçı rejimin
keçmiş liderlərinin azad olunmasını tələb edirlər. Görünür,
Fransanın siyasi lüğətində separatizmə qarşı mübarizə ancaq öz
maraqları ilə ziddiyyət təşkil etdikdə cinayət sayılır.

Fəqət daha böyük paradoks budur: Fransa özü daxilində – Korsika
və ya Yeni Kaledoniyada – milli birliyə yönəlmiş istənilən
təşəbbüsü qadağan edir, “separatizm” adlandırdığı milli-azadlıq
mübarizəsinin istənilən formasını ağır repressiyalarla boğur. Amma
Azərbaycan söz mövzusu olanda birdən-birə “demokratiya və hüquq”dan
danışmağa başlayır. Beynəlxalq hüquqa açıq hörmətsizlik? Bəli.
İkiqat standartların növbəti nümunəsi? Heç bir şübhə yoxdur.

Fransız siyasi elitası uzun illərdir ki, zamanında regionlara
hökm edə bildikləri illərə nostalji ilə yanaşır. Bu səbəbdən
Ermənistan onların gözündə demək olar ki, müqəddəs status qazanıb.
Amma bu münasibət nə faktlara, nə beynəlxalq hüquqa, nə də real
maraqlar balansına söykənir.

“Barışa can atan Ermənistan” obrazı xüsusilə gülünc görünür –
silahlanmanın artdığı, minalanmış sahələrin səhih xəritələrinin
təqdim olunmadığı, erməni mediasında revanşist ritorikanın açıq
şəkildə səsləndiyi bir vaxtda. Üstəlik, buradakı ikiüzlülük insanı
dəhşətə gətirir: Fransa separatizm ittihamı ilə həbs edilənlərin
azad olunmasını tələb edir, amma özündə – məsələn, islamçıları
dəstəkləyən tvitə və ya “Indépendance Kanaky” bayrağına görə
adamları məhkəməsiz həbs edir.

Qarabağlı ermənilərin separatçı-terrorçu xuntasının sabiq
liderlərini “vicdan məhbusları” kimi təqdim etmək – sadəcə siyasi
manipulyasiya deyil. Bu, separatizmi leqitim siyasi alət kimi
təqdim etmək cəhdidir. Sual yaranır: sabah Marseldə silahlı bir
qrup şəhəri “müstəqil ərazi” elan etsə, Paris onları da müdafiə
etməyə qalxacaqmı?

Fransız deputatlarının məzkur təşəbbüsünün təməlində seçmə
humanizm modeli durur. Fransa nüfuz dairəsinə aid olmayan ölkələrdə
istənilən həbsi “siyasi repressiya” adlandırır. Amma öz daxilində
bunu “ictimai təhlükəsizliyin qorunması” kimi təqdim edir. Bu
siyasi şizofreniya dəfələrlə ikili standartlara səbəb olub.

Fransada “sarı jiletlər” zorla dağıdılır, kilsə əleyhinə
fikirlərə görə insanlar həbs olunur, məhkəməsiz şəkildə məscidlər
bağlanır. Bütün bunlar isə “respublika dəyərlərinin qorunması” kimi
təqdim olunur. Amma Azərbaycanda konstitusion nizamın bərpası –
“cinayət” sayılır. Fransa separatizmə qarşı mübarizəyə görə Bakını
ittiham edir, amma eyni zamanda Yeni Kaledoniyada müstəqillik
tərəfdarlarına qarşı ordu yeridir, sərt repressiyalar həyata
keçirir.

Bu – artıq absurd yox, Fransa üçün norma halını almış bir
riyakarlıqdır.

Unutmayaq: sənəd Fransa hökumətindən deyil, ayrı-ayrı
deputatlardan qaynaqlanır. Onlar – erməni lobbi forumlarının daimi
iştirakçıları, Ermənistanın “faciəsi” və revanş arzusu üzərindən
siyasi kapital toplayan aktivistlərdir. Çağırışlarla təkliflər
hüquqi qüvvəyə malik olmasa da, təzyiq və niyyətlərin nümayişi üçün
güclü vasitədir. Bu – sadəcə rəmzi sənəd deyil, siyasi müraciətdir.
Ona yalnız Azərbaycan deyil, beynəlxalq hüququ ikili standartların
aləti yox, universal mexanizm kimi qəbul edən hər kəs cavab
verməlidir.

Bugünkü Azərbaycan – başqalarının diktəsini dinləyən, postsovet
dövrün “kiçik dövləti” deyil. Bu, artan nüfuzu, enerji resursları
və prinsipial mövqeyi ilə regional və subregional gücdür. Fransalı
deputatların qətnamə layihəsi beynəlxalq siyasətdə qalan son təsir
imkanlarını nümayiş etdirməyə cəhdləridir. Amma Azərbaycan cavab
verməyi bacarır – sözlə deyil, əməli addımlarla.

Dünyada heç bir dövlət Azərbaycanı öz ərazisində kimə və hansı
cinayətə görə hökm çıxarmaq məsələsində sorğulaya bilməz.
Qarabağdakı sabiq separatçı-terrorçu xuntanın keçmiş rəhbərlərinə
qarşı cinayət işləri – “intiqam siyasəti” yox, qanunun aliliyi və
icrasıdır. Onlar sadəcə “keçmiş məmurlar” deyil – etnik
təmizləmələrə, qanunsuz silahlandırmaya, azərbaycanlı əhaliyə qarşı
təqiblərə, dağıdılmış şəhərlərə görə məsuliyyət daşıyan
şəxslərdir.

Onların azad olunması çağırışları – humanizm deyil. Bu,
şəhidlərin xatirəsinə, ədalətə, dövlət suverenliyinə, habelə
beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlikdir.
Azərbaycan terrorda və kütləvi qətllərdə şübhəli bilinənləri azad
etmir, ədalətlə sövdələşmir. Parisdə bu çağırışlar nə qədər
səslənsə, bir o qədər aydın olur: Fransa artıq ədalət haqqında
danışmaq mənəvi haqqını itirib.

Avropa Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir dövrdə,
Azərbaycan əsas təchizatçılardan birinə çevrilir. Cənub Qaz Dəhlizi
– sadəcə boru deyil, təminat və təhlükəsizlik vasitəsidir. Əgər
Paris “siyasi sanksiyalar oyunu”na başlayarsa, Bakı enerji
marşrutlarını yenidən istiqamətləndirə bilər. Əlcəzair, Türkiyə,
İtaliya, Balkan ölkələri – Azərbaycanın sakit, səmərəli işlədiyi
istiqamətlərdir.

Fransa şirkətləri Qarabağda tenderlərə ümid edirdilərsə rəsmi
Paris fərqli davranış sərgiləməlidir. Hələlik məhz rəsmi Parisin
yürütdüyü siyasət səbəbindən bazarlarda onların yerini başqaları
tutar. İroniyaya baxın: Paris bərpa işlərinə dəstək çağırışları
edir, amma faktiki olaraq özü-özünü prosesdən kənarlaşdırır.

Əgər Fransa sonda Ermənistanın xarici siyasət vəkili roluna
keçəcəksə, Azərbaycan onu Cənubi Qafqazla bağlı istənilən
formatlardan kənarlaşdırmaq üçün rəsmi təşəbbüslə çıxış edə bilər.
Bədnam Minsk Qrupu artıq yoxdur, amma Parisə qarşı simvolik zərbə –
keçmiş imperiya illüziyalarına son qoymaq üçün vasitədir. Sülh
prosesində iştirak – etimad tələb edir. Fransa isə bu etimadı
özü-özlüyündə itirib.

Bakı eyni zamanda frankofon təşkilatları ilə əməkdaşlığı
genişləndirə, bu strukturlar daxilində Parisin neokolonial
siyasətini gündəmə gətirə bilər. Abican, Nuakşot və digərləri qoy
eşitsin: Fransa bəzilərinin separatizmini müdafiə edir,
digərlərinin isə üzərinə tanklarla gedir.

Tamam, Paris “qanunsuz həbslər”dən danışır? O zaman izah etsin –
niyə Paris və Liondakı etirazlarda polis dinc nümayişçiləri
xəsarətlərlə saxlayırdı? Niyə jurnalistlər qəddarlıqla və xüsusi
amansızlıqla vəhşicəsinə döyülür, polis zorakılığı lentə alanlar
“dövlət nüfuzuna zərbə” ittihamı ilə saxlanılırdı? Niyə Yeni
Kaledoniyada kanak liderləri məhkəmə qarşısına çıxarılır? Niyə
Fələstinə dəstək tviti ilə istintaqa cəlb olunmaq rutinliyə
dönüb?

Fransa özü təqsirkar kürsüsündə əyləşməyə layiq olarkən
başqalarına hakimlik edə bilməz. Əvvəl “Amnesty International” və
CPT qarşısında cavab versin, sonra Azərbaycana dərs keçməyə
qalxsın.

Reallıq budur: Parisin teatr səhnəsindəki pafoslu çıxışlarına
qarşı Bakı – faktlarla, hüquqla və siyasi iradə ilə cavab verir.
Fransanın reallığa dönməkdən başqa çıxış yolu yoxdur. Əks halda,
özü-özünü diplomatik təcridə məhkum etmiş olacaq.

Bir məqamı dəqiq ayırd etmək vacibdir: fərdi deputatların
təşəbbüsü ilə Avropa İttifaqının ümumi siyasəti əsla eyni deyil.
Fransa daxilindəki siyasi dairələrin təzyiqlərinə baxmayaraq,
Avropa Komissiyası Azərbaycanla bağlı məsələlərdə hələ ki
soyuqqanlı və ölçülmüş mövqe tutur. Enerji maraqları, təchizat
marşrutları, regional sabitlik – bütün bunlar Brüsselin Parisin
avantürist təşəbbüslərinə dəstək verməsinə imkan vermir.

Məhz bu səbəbdən Azərbaycan diplomatiyası Almaniya, İtaliya,
Macarıstan, Baltikyanı və Şərqi Avropa ölkələri ilə sıx
işləməkdədir. Bu, Fransanın içində olduğu Avropa İttifaqında
anti-Paris balansının formalaşdırılmasına xidmət edəcək. Çünki
Parisin siyasəti Avropanın siyasəti deyil. Və bunu Avropa
liderlərinin özləri də anlayır.

Fransa təhlükəli bir yola qədəm qoyub. Ermənistanı şərtsiz,
total formatda və kor-koranə dəstəkləməklə, o, özünü tarixdən
kənara atmaq riski daşıyır. Bu gün Cənubi Qafqazda baş verən heç
bir ciddi beynəlxalq proses Fransanın vasitəçiliyinə ehtiyac
duymur. Nə Ankarada, nə Tehranda, nə Tbilisidə, nə də, xüsusilə,
Bakıda Fransanın “sülh təşəbbüsləri” ciddiyə alınmır.

Ölkəmiz protektorat deyil. Bu, ərazi bütövlüyünü bərpa etmiş,
tam və absolyut suverenliyini dünyaya sübut etmiş dövlətdir.
Azərbaycanla ultimatum dili ilə deyil, qarşılıqlı hörmət əsasında
danışmaq lazımdır. Paris bunu hələ də başa düşməyibsə – öz suçudur
və bu suç, Fransanın regional siyasətdə yol verdiyi kobud səhvlərin
davamını şərtləndirən məqamdır.

Bu gün imperiyalar dövrü bitmək üzrədir. Dünya yeni reallıqlar
doğurur. Amma Fransa hələ də oyuncaq əsgərlərlə oynamaq istəyi ilə
yaşayır. Lakin Qafqaz nə oyuncaq müharibə meydanıdır, nə də Parisin
ssenarisi ilə idarə olunan teatr səhnəsi.

Rəsmi Paris bunu artıq anlamalıdır…

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir