
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 31-də davam
etdirilib.
Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim
Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.
Zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı
qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il
iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq
kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinə
minanın partladığını bildirib. O, hadisə nəticəsində AzTV-nin
operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və
Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif
Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən
xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına
cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol
olduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradan
yerləşdirilib”, – deyə o əlavə edib.
Onunla eyni avtomobildə olmuş, hadisə nəticəsində yaralanmış
zərərçəkmiş şəxs Şöhrət Cəfərov E.Məmmədovun söylədiklərini
təsdiqləyib və deyib: “Biz dörd nəfər “KamAZ” markalı avtomobilin
sərnişin bölməsində idik. Digər üç nəfər həlak oldu, mən isə
təsadüf nəticəsində, bir möcüzə sayəsində sağ qaldım”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran Ağarza Əmirov 2012-ci ildə Tərtər rayonunun Çaylı
kəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin
açdığı atəş nəticəsində güllə yarası aldığını bildirib.
Kamran Namazov ifadəsində deyib ki, 2021-ci il mayın 11-də
Gədəbəydə kənd təsərrüfatı işləri ilə məşğul olarkən minaya düşüb,
ayağı amputasiya edilib. O, Baş Prokurorluğun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına
cavabında hadisə zamanı Səddam Nəsibovun da xəsarət aldığını
söyləyib.
Zərərçəkmiş şəxs Səddam Nəsibov ifadəsində K.Namazovun
dediklərini təsdiqləyib.
İlqar Həşimov ifadəsində 2020-ci il dekabrın 21-də Zəngilanda
həqiqi hərbi xidmət zamanı “Ural” markalı avtomobillə hərəkətdə
olarkən minaya düşərək xəsarət aldığını söyləyib. O, dövlət
ittihamçısı Fuad Musayevin sualına cavabında hadisə zamanı daha iki
nəfərin xəsarət aldığını deyib.
Ramazan Sindiyev hərbi xidmət zamanı 2016-cı ilin avqustun 4-dən
5-nə keçən gecə Lələtəpədə Ermənistan silahlı qüvvələrinin açdığı
atəş nəticəsində yaralandığını bildirib.
Əfqan Ələkbərli ifadəsində 2023-cü il avqustun 24-də Xocalının
Sığnaq kəndində kənd təsərrüfatı işləri görərkən minaya düşərək
yaralandığını deyib.
Sevda Bəşirova ifadəsində Vətən müharibəsi zamanı 2020-ci il
oktyabrın 3-də Ermənistan silahlı qüvvələrinin Beyləqan rayonunu
artilleriya atəşinə tutması nəticəsində qəlpə yaraları aldığını
deyib.
Fərid Əliyev ifadəsində 2021-ci ilin avqust ayında ANAMA
əməkdaşı qismində minatəmizləmə işləri zamanı Ağdamda mina
partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
İfadə verən Dəyanət Aslanov, Hacı Muradov, Toğrul Ağayev, Nahid
İsfalyev, Müşfiq İbrahimli, Elnur Yusifov, Tərlan Quliyev, Mənsur
Babayev, Şirin Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanı
müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər
nəticəsində yaralandıqlarını söyləyiblər.
İfadə verən Rafis Məmişov və Azad Muxtarov 2021-ci il fevralın
2-də mülki şəxs qismində Füzuli rayonunun işğaldan azad edilmiş
hissəsində minaya düşərək xəsarət aldıqlarını bildiriblər.
Zərərçəkmiş İman Baxşəliyev 2021-ci il martın 13-də Ağdamda
qoyun otararkən minaya düşərək sağ ayağını itirdiyini söyləyib.
Zərərçəkmiş Nurəddin Əzizli ifadəsində 2021-ci il fevralın 26-da
Qubadlı rayonunda hərbçi kimi minatəmizləmə işləri apararkən mina
partlaması nəticəsində xəsarətlər aldığını söyləyib. O, dövlət
ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında ərazidən
təxliyə zamanı da mina partlayışı baş verdiyini, nəticədə xəsarət
alanların olduğunu bildirib.
İfadə verən Rahil Dövlətov, Anar Dadaşzadə, Zabil Allahverdiyev,
Tural İşiyev, Nicat Alıyev, Səbuhi Həsənov, Elnur Abbaszadə, Elnur
Həşimov, Nəsrəddin Vəlicanov, Dəmir Şirinov və Ceyhun Əliyev
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində müxtəlif
tarixlərdə zərər çəkdiklərini deyiblər.
Zərərçəkmiş Ələkbər Musayevin hüquqi varisi – atası Əlövsət
Musayev ifadəsində oğlunun Vətən müharibəsi zamanı düşmən
tərəfindən açılmış atəşlər nəticəsində şəhid olduğunu, nəşinin
2021-ci il aprel ayında tapıldığını söyləyib.
Zərərçəkmiş Asəf Məhərrəmovun hüquqi varisi – atası Bəxtiyar
Məhərrəmov övladının Vətən müharibəsində düşmən tərəfindən açılmış
atəşlər nəticəsində yaralandığını, səhhətində hələ də ciddi problem
olduğunu deyib.
Siyasət Allahverdiyev 2022-ci il dekabrın 14-də Kəlbəcərin Çıraq
kəndində ekskavatorla işləyərkən baş vermiş mina partlayışı
nəticəsində xəsarətlər aldığını söyləyib.
Elmxan Baxşalıyev 1992-ci il dekabrın 10-da Zəngilanın Qazançı
kəndində əsir götürüldüyünü bildirib. O, Ermənistanda və
Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı
altında olan ərazilərində saxlanılıb. 1996-cı il mayın 10-da azad
olunaraq Azərbaycana qaytarılıb. Əsirlik müddətində döyülüb,
dəhşətli işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.
Dəyanət Zahidov 2015-ci ildə Tərtər-Ağdərə istiqamətində, Elxas
İsrafilov 2022-ci ildə Laçında hərbi xidmət zamanı Ermənistan
silahlı qüvvələrinin təxribatı nəticəsində xəsarət aldıqlarını
bildiriblər.
Çingiz Hacıyev ifadəsində bildirib ki, 1991-ci ildə Xocalının
Quşçular kəndində heyvan otaran zaman əlisilahlı ermənilər
tərəfindən hücuma məruz qalıb və yaralanıb.
Xalid Dostalıyev ifadəsində 1995-ci il avqustun 17-də 6 nəfər
hərbçi ilə birlikdə Murovdağda azaraq Azərbaycanın həmin vaxt
Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərinə
keçdiyini, nəticədə əsir götürüldüklərini bildirib.
Vəlizadə Alışanov 1992-ci il oktyabrın 21-də Sərsəng su
anbarının yaxınlığında düşmən tərəfindən pusquya salınması
nəticəsində yaralandığını deyib.
Onun qardaşı Dağıstan Alışanov da zərərçəkmişin ifadəsini
təsdiqləyək hadisə zamanı özünün də yaralandığını söyləyib.
Asif Əhmədov ifadəsində 2020-ci il noyabrın 15-də qardaşı Yasin
Əhmədovla birlikdə minaya düşdüyünü bildirib. Nəticədə qardaşı
şəhid olub, özü isə bir ayağını itirib. Onun digər qardaşı Yusif
Əhmədov isə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun
keçirdiyi antiterror tədbirləri zamanı şəhid olub.
Məhəbbət Quliyev ifadəsində 2020-ci il oktyabrın 7-də Cəbrayılda
və 2023-cü ildə antiterror əməliyyatı zamanı yaralandığını
bildirib.
Elməddin Abıyev ifadəsində bildirib ki, 2003-cü il yanvarın 8-də
Ağdamda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəş
nəticəsində yaralanıb. O, daha sonra əsir götürülərək Xankəndiyə
aparılıb. Əsirlikdə bir ay saxlanılıb, fevralın 6-da buraxılıb.
Elnur Kərimov ifadəsində deyib ki, 1999-cu ildə Naxçıvanda hərbi
xidmətdə olarkən əsir götürülüb. Əsirlik müddətində işgəncələrə
məruz qalıb.
Mülki şəxslər – Maarif Ələskərov, Samir Əsədov, Vüsal Quliyev,
Füzuli Məmmədov, Sahib Ağayev, Duman Atayev, Samir Bayramov, Nizami
İbrahimov, Alman Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanı
müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları
nəticəsində yaralandıqlarını bildiriblər.
Ramil Kərəmov 2020-ci il noyabrın 22-də Laçın rayonunda təcili
tibbi yardım avtomobili ilə gedərkən, Ələsgər Quliyev, Fərid
Cəbrayıllı, Əli Şükürov, Mahir Mustafayev, Samir Gözəlov 2022-ci il
iyunun 17-də Cəbrayıl rayonunun Xudafərin kəndində, Yadigar Şükürov
2022-ci il avqustun 2-də Füzuli rayonunda, Nəcməddin Hüseynov
2022-ci il avqustun 30-da Qubadlı rayonunda, Vüqar Zülfüqarlı
2022-ci il martın 23-də Füzulidə, Namaz Bayramov 2023-cü il
oktyabrın 13-də Xocavənddə, Şükür Tağıyev və Vasif Namazov
Kəlbəcərdə mina partlaması nəticəsində yaralandıqlarını
söyləyiblər.
Məhərrəm Quliyev ifadəsində 1992-ci il oktyabrın 2-də əsir
götürüldüyünü, 1 ay 10 gündən sonra buraxıldığını deyib. O, əsirlik
müddətində dəhşətli işgəncələrə məruz qaldığını bildirib.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların
müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da
cavablandırıblar.
Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.