Azərbaycan XİN Rusiya rəsmisinin Ayvazovski büstü ilə bağlı ittihamlarına cavab verib

Siyasət

Bakı. Trend:

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan)
büstünün Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda
quraşdırılması qanunsuz idi.

Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun
Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS
informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin
“Stepanakert” adlandırılması ilə bağlı sualını şərh edərkən
deyib.

Sualda qeyd olunub ki, Azərbaycan Respublikasının Xankəndi
şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh
edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy
bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə
qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi
qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş
etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv
edilməsi” tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı,
Rusiya Federasiyasının dövlət xəbər agentliyi olan TASS informasiya
agentliyində məsələ ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın
Xankəndi şəhəri “Stepanakert” adlandırılıb.

Ayxan Hacızadə cavabında bildirib ki, Rusiya Prezidentinin
beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında
anti-Azərbaycan kampaniyasiyasına qoşulur.

“Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan)
büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin
icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu,
Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya
tərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş
bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və
qanunauyğundur.

Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv
edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki
ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini
Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus
teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda,
Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar
mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan
mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma,
Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların
anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə,
Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər
edilməsi istisna olunmur.

Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül
və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı
vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla
tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar
verməməsi təəssüf doğurur.

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da
Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması
ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi
qiymətləndirilir.

Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik
ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış
Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının
qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak
ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın
şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət
idi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları
tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və
ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə
olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.
Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək
Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış
yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə
bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq
düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun
olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər
görülməsi nəzərdə tutulur”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir