Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirildi. Görüşdə səfir Jaime Van Zellerin fəaliyyəti dövründə münasibətlərimizin çox müsbət şəkildə inkişafının davam edəcəyinə əminlik ifadə olundu.