Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mina qurbanı olmuş, evləri dağılmış şəxslər məhkəmədə ifadə veriblər

Siyasət

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 1-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən
prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah
edib.

Zərərçəkmiş şəxs Azər Abdullayev ifadəsində 2022-ci ilin
sentyabrında Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin
Gorus istiqamətindən törətdiyi təxribatın qarşısını alarkən qəlpə
xəsarəti aldığını bildirib.

Samir Yusifov ifadəsində deyib ki, 2022-ci il sentyabrın 13-də
Kəlbəcərdə tibb məntəqəsinin feldşeri qismində şəhidləri və
yaralıları təxliyə edərkən Ermənistan silahlı qüvvələri tərəfindən
atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.
Zərərəçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına
cavabında təxliyə maşınının üzərində onun tibb xidməti avtomobili
olduğunu bildirən nişanın olduğunu söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkmiş şəxs Akifə Bayramova qeyd edib ki, 44 günlük Vətən
müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00
radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri
tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb. Akifə
Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin
dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm
hələ də müalicə olunur” deyib.

Gəncə sakini olan Nərbala Babayev də 2020-ci il oktyabrın 4-də
baş vermiş raket hücumu zamanı evinin dağıldığını, özünün və
oğlunun xəsarət aldığını söyləyib.

Amin Əsgərov, Eldar Məmmədov, Gülnarə Quliyeva, Aynurə Əliyeva,
Kübra Ələkbərova da Vətən müharibəsi zamanı Gəncəyə raket hücumu
nəticəsində yaşadıqları evlərin dağıldığını, özlərinin
yaralandıqlarını diqqətə çatdırıblar. Vurğulayıblar ki, hadisə
zamanı həyatını itirlənlər olub.

Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində 44 günlük Vətən
müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda
qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin
artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət
aldığını deyib.

Qurban Qurbanov, Hüseyinbaba Sayıllı, Xəzri Əhmədov, Əliyar
Məmmədov, Ehtiram Səmədov, Qasım Qəribov, Əli Qarazadə, Anar
Alıyev, Ülvin Musayev, Əlihüseyn Şahbazov, Asim Mikayıllı, Rəhman
Qasımov, Rəhman Qasımov və Ceyhun Xankişiyev ifadələrində 2022-ci
il sentyabrın 12-14-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin
Cermuk istiqamətində təxribatının qarşısını alarkən
yaralandıqlarını söyləyiblər. Onlar bildiriblər ki, həmin vaxt
Azərbaycan hərbçiləri arasında şəhid olanlar və yaralananlar da
olub. C.Xankişiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına
cavabında qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələrinin ilk
təxribatı deyildi: “Düşmən 2020-ci ildəki məğlubiyyətlə barışa
bilmirdi, yüksəklikləri ələ keçirmək istəyirdi”.

Saleh Həsənov, Mehdi Yusifov, Səfa Məmmədov, Əliş Şamıyev, Fərid
İlyaszadə, Sənan Mirzəliyev ifadələrində 2022-ci sentyabrın 12-dən
13-nə keçən gecə Zəngilanda Ermənistan silahlı qüvvələrinin
təxribatının qarşısını alarkən xəsarət aldıqlarını qeyd ediblər.
Həmin vaxt onların hərbçi yoldaşları arasında həyatını itirənlər və
yaralananlar da olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran Cavanşir Tahirli 2016-cı il iyunun 1-də Tərtər
rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin atəşkəsi
pozaraq törətdiyi təxribat nəticəsində güllə xəsarəti aldığını
bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Yusif Məmmədov
2015-ci il aprelin 3-də Füzuli-Xocavənd istiqamətində Ermənistan
silahlı qüvvələrinin törətdiyi təxribatını qarşısını alarkən
snayper atəşi nəticəsində yaralandığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Anar Nəbiyev, Murad
Musayev, Xəyal Abbasov, İlkin Tağıyev, Seymur İsmayılov, Ədalət
Məmmədov, Həsən Qədiməliyev Vətən müharibəsi zamanı Ermənistan
silahlı qüvvələri tərəfindən açılmış atəşlər nəticəsində
yaralandıqlarını vurğulayıblar.

Aqil İspərzadə, Möhsüm Kərimli və Murad Babazadə Azərbaycan
Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror
əməliyyatı zamanı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni
erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində
yaralandıqlarını deyiblər.

Şahin Qarayev ifadəsində 2021-ci il noyabrın 21-də yaşadığı
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi ərazisində mina partlaması
nəticəsində yaralandığını bildirib.

Nahid Yolçuyev ifadəsində 2010-cu ildə Ağdam rayonunun
Yusifcanlı kəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı
qüvvələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını
söyləyib.

Şakir İsmayılov ifadəsində 2016-cı ildə baş vermiş Aprel
döyüşləri zamanı yaralandığını deyib.

Ruhin Vəliyev isə 2022-ci il iyunun 17-də Cəbrayılda
minatəmizləmə ilə məşğul olarkən mina partlayışı nəticəsində
xəsarət aldığını söyləyib.

İsmayıl Hüseynov və Tural Xanəliyev də öz növbələrində
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların
müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da
cavablandırıblar.

Prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon
Balayanın vəkili dövlət qurumlarından birinə təyinat alıb. Bu
səbəbdən də ona yeni müdafiəçi təyin edilməlidir. Məsələyə
münasibət bildirən təqsirləndirilən şəxs L.Balayan “Əgər o
qalsaydı, daha yaxşı olardı” deyərək yeni vəkil təyin edilməsinə
etirazının olmadığını bildirib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev L.Balayana yeni vəkil
təyin ediləcəyini söyləyib.

Məhkəmə prosesi avqustun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.