Soçi bəyanatından GÖZLƏNTİ: “Azərbaycan və Ermənistan XİN arasında birbaşa rabitə əlaqəsi yaradıla bilər”

Siyasət

“26 noyabr tarixində Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünü birmənalı şəkildə tarixi görüş adlandırmaq olar”.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün “Facebook” səhifəsində yazıb. 

O bildirib ki, Vətən müharibəsi bitdikdən sonra Ermənistanın Azərbaycana hərbi təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa uğradı.

“Ermənistan Azərbaycanın ötən ilin noyabr ayından təklif etdiyi mehriban qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur oldu.

Düzdür, müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur. Ancaq, qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir”, – deyə millət vəkili qeyd edib.

Deputat Soçi görüşünün nəticəsi olaraq üçtərəfli bəyanatın imzalanmasından da danışıb:

“Bəyanata əsasən sərhədlərin demarkasiyası üçün ikitərəfli komissiya yaradılacaq.

Gələn həftə kommunikasiyaların açılması üçün Moskvada üçtərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəliblər”.

Deputatın fikrincə, bu o deməkdir ki, Zəngəzur dəhlizi olacaq:

“Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü özünü saldığı izolyasiyadan çıxır, orada yüz minlərlə yeni iş yeri yaradılır, Ermənistan büdcəsinə stabil olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olur. Və bu ancaq başlanğıcdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edir.

Ermənistan qəbul etməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir”.

Aydın Mirzəzadə hesab edir ki, Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar var.

“Hətta mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq, hər iki paytaxtda diplomatik kontakt qrupu yaratmaq, Azərbaycan din xadimlərinin İrəvandakı Göy məscidə, erməni din xadimlərinin Bakıdakı erməni kilsəsinə səfərlərini təşkil etmək olar.

Bu siyahını daha da böyütmək olar. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəfli görüşlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsidir”, – deyə deputat fikrini yekunlaşdırıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir