
Bakı. Trend:
Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və
konstitusion hüququdur.
Bunu
Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi
Mixail Şvıdkoyun Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri
tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan
Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi
şərh yanlış və qərəzlidir:
“Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə
müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və
ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə
yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun
isbatıdır.
Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər
tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri
istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam
etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri
tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan
Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı,
hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə
torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları
tərəfindən Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin
razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin
suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki
doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın
guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi
dəyərləndirilməsi yanlış və qərəzlidir”.
Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın
maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb:
“Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və
mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu
istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində
nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir.
Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət
adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki,
bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə
olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə
müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə
ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir.
Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün
ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün
“abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı
dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də
İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət
nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də
olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut
edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı
səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz
açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən
başqa heç nəyə yaramır”.