Sahibə Qafarova Türkmənistanda BMT Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştirak edib (FOTO)

Siyasət

Bakı. Trend:

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə
çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı
çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb. Tədbirdə
ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə tədbirin açılış mərasimi keçirilib.

Spiker Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış
çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda
keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla
təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini
çatdırıb.

Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə
çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və
inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması
və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət
Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə
yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir.
Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail
olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin
formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların
təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas
qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü
rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü
istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.

Spiker Sahibə Qafarova çıxışında milli sərhədləri aşan və
parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran
parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,
ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin
fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib. Qeyd
olunub ki, belə forumlar parlamentlərin səylərinin
birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə
bilər. Milli Məclisin sədri vurğulayıb ki, milli inkişaf, regional
əməkdaşlıq, beynəlxalq dəstək və tərəfdaşlıq hazırkı və gələcək
fəaliyyətin əsas istiqamətləri kimi qalmalıdır. Onun sözlərinə
görə, bu, 2030 Gündəliyinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsi, eləcə də heç kimin geridə qalmaması baxımından böyük
əhəmiyyət daşıyır.

Parlamentin Spikeri müzakirələr zamanı Azərbaycanın bu
istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı
olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin
coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib
ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o
cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və
dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd
olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca
yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika
qovşaqlarından birinə çevrilib.

Milli Məclis sədrinin çıxışında bildirilib ki, orta dəhlizin
təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional
əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən
“Rəqəmsal İpək Yolu” layihəsi – Xəzər dənizinin dibi ilə çəkilən
fiber-optik kabel şəbəkəsi – rəqəmsal infrastrukturun və rəqəmsal
təhlükəsizliyin inkişafına töhfə verəcək.

Spiker Sahibə Qafarova, həmçinin hazırda həyata keçirilən digər
mühüm təşəbbüs – Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında
yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da
məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənub-Cənub əməkdaşlığı
konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi,
modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun
inkişafı sahəsindəki təcrübəsini dənizə çıxışı olmayan digər
inkişaf etməkdə olan ölkələrlə bölüşür. Bu da həmin ölkələrə
coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı
yaradır. O, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq
ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün onlara dəstək
xarakterli daha güclü və praktiki mexanizmlər təqdim etməyə
çağırır.

Çıxışda o da vurğulanıb ki, Azərbaycanın təşəbbüsləri dənizə
çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional
əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə
töhfədir.

Sonra müzakirələr digər çıxışlarla davam edib.

Tədbirin sonunda Milli Məclisin sədri müzakirələrin səmərəli
keçdiyini söyləyərək, belə platformaların təcrübə və yeni
ideyaların mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib. O,
yekun sessiyada qəbul edilən və tədbir iştirakçılarının ümumi
mövqeyini əks etdirən yekun sənədin, ümumi məqsədlərimizin
reallaşdırılmasına əhəmiyyətli dəstək verəcəyini və Avaza Fəaliyyət
Proqramının həyata keçirilməsinə töhfə olacağını söyləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir