Kərimov Əli tükənmişlik sindromu yaşayır – Vüqar Rəhimzadə

Siyasət

Bakı. Trend:

Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam
bərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəm
qoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlər
sistemində söz sahibi olan nüfuzlu aktora çevrilib. Bu gün
geosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyat
dəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir.
Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə
etməsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın
enerji xəritəsini yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaq
ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisə
yaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə
Suriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerji
siyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədər
geniş olduğunun təsdiqidir.

Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və milli
maraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədri
Kərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimi
yeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşı
fəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrin
sifarişlərini yerinə yetirdiyini gizlətməyən Kərimov Əlinin sosial
mediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən də
varam” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrum
olduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəmə
gəlməyə çalışan bu üzdəniraq hər fürsətdə ölkəmizin beynəlxalq
aləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiya
yaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs ölkəmizə qarşı
aparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalan
danışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasına
çevirib.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dayağı və ictimai
dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində
respublikada hakimiyyəti zorla ələ keçirən, Azərbaycanı xaos,
anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsas
üzvlərindən olan Kərimov Əlinin əsl niyyəti sosial şəbəkələr
vasitəsilə ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyası
aparmaqdır. Xaricdəki bəzi media orqanlarına Azərbaycanla bağlı
şikayət etmək, dövlətimizin əleyhinə təbliğat aparmaq, yalanlar
danışmaq xalqın marağına xidmətdirmi? Kərimov Əlinin həyasızcasına
apardığı qarayaxma kampaniyasının arxasında hansı məkrli
məqsədlərin, xain planların dayandığını xalqımız, cəmiyyətimiz
yaxşı bilir. Ölkədə medianın, vətəndaş cəmiyyəti institutlarının
olmadığını iddia etmək üçün ancaq Kərimov Əli olmaq lazımdır. 150
illiyini qeyd etdiyimiz müstəqil, azad mətbuatımız Azərbaycanda
dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Təkcə bir fakt Kərimov Əlinin iddiasını darmadağın etmək üçün
yetərlidir. Bu il iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal
keçidlər: Süni intellekt dövründə informasiya və media
dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media
Forumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və
80 media qurumunun nümayəndələri bir araya gəldi. Azərbaycan söz və
mətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada qabaqcıl
yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı
internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85
faizi internet istifadəçisidir. Demokratiyanın olmadığı ölkədə
bütün bunlar ola bilərmi? Bu gün mediamız, vətəndaş cəmiyyəti
institutlarımız ölkəmizin maraqlarını qorumağa, istənilən yalan,
iftira kampaniyasına cavab verməyə qadirdir. Amma müstəqilliyimizin
bərpasının ilk illərində digər sahələr kimi, mətbuat da ciddi
problemlərlə üz-üzə qalmışdı. Kərimov Əlinin də təmsil olunduğu və
hakimiyyəti zəbt etmiş qaragüruhun yarıtmaz siyasəti nəticəsində
ölkədə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər
təqiblərlə, təzyiqlərlə üzləşirdilər. 1993-cü ildə Ulu Öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
azad mətbuatın da inkişafında yeni mərhələ başlandı. Kərimov Əli,
sən bunları unuda bilərsən, amma cəmiyyətimiz unutmayıb. Görünür,
Kərimov Əlinin başı anti-Azərbaycan fəaliyyətə, qarayaxmaya,
sifariş yerinə yetirməyə o qədər qarışıb ki, Azərbaycan
reallıqlarından bixəbərdir və xəyallar dünyasında yaşayır.

Vüqar Rəhimzadə bildirib ki, milli mənlik şüurundan,
vətənpərvərlik hissindən məhrum olan Kərimov Əli və onun rəhbərlik
etdiyi siyasi partiya tamamilə tükənib və heç bir resursa malik
deyil. Milli maraqları şəxsi ambisiyalarına qurban verməklə
tükənmişlik sindromu yaşayan bu antimilli ünsür siyasi baxımdan
tamamilə müflis olub. Çıxış yolunu isə ölkəmizə qarşı qarayaxma
kampaniyası aparmaqda görür. Başı çıxmasa da gah geosiyasətdən, gah
da iqtisadi siyasətdən danışır. Amma Qərbdə müəyyən dairələrə
xidmət etməsi, onların sifarişini yerinə yetirməsi reallığını
gizlədə bilmir. Avropa demokratiyasından, xalqların azadlığından
danışan antimilli ünsür Kərimov Fransanın neokolonializm
siyasətindən xəbərsizdirmi? Yeni Kaledoniya, Polineziya, Qvadelupa
və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq
çağırışları polis müdaxiləsi, dəyənəyin gücü ilə yatırılır. Budurmu
xalqların azadlığı? Azərbaycana bunumu nümunə göstərirsən?

Əslində bütün bunlar bir o qədər də təəccüblü görünmür. Çünki
Kərimov Əlinin mayası milli maraqlarımıza xəyanət etməklə yoğrulub.
Amma unutmasın ki, onun anti-Azərbaycan fəaliyyəti hər zaman olduğu
kimi, yenə də fiaskoya məhkumdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir