
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza
şəhərinə işgüzar səfəri çərçivəsində avqustun 4-də Özbəkistan
Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə
görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında
münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq,
əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu
xüsusi vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək
iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha
dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək,
ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə
çatdırılıb.
Söhbət zamanı, ölkələrimiz arasında yüksək səviyyəli
münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da
əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib. Qeyd
olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində
keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici
orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir. Spiker
Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o
cümlədən, cari ilin iyul ayında Birinci Özbəkistan-Azərbaycan
parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb.
Forum çərçivəsində imzalanan “Parlamentlərarası əməkdaşlığın
inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı”,
həmçinin Milli Məclislə Özbəkistan Ali Məclisinin Parlamentlərarası
əməkdaşlıq komissiyasının Reqlamentinin münasibətlərimizin gələcək
inkişafı baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılaraq, bu
sənədlərin parlamentlərimiz və onların komitələri, dostluq qrupları
və deputatlar arasında əlaqələrin daha da genişləndirilməsinə
əhəmiyyətli imkanlar yaratdığı bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.