Sahibə Qafarova Türkmənistan Məclisinin sədri ilə görüşdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib

Siyasət

Bakı. Trend:

Avqustun 4-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana
işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri
Dünyagözəl Qulmanova ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Dünyagözəl Qulmanova Milli Məclisin sədrini
salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan
ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən
Parlamentlərarası Forumda iştiraka görə təşəkkürünü bildirib. O,
diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm
əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir.

Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı
əməkdaşlığı yüksək qiymətləndirən Dünyagözəl Qulmanova ölkələrimiz
arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını
bildirib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri
konfransın iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın
inkişafı baxımından əhəmiyyətini qeyd edib. Sahibə Qafarova bu
Konfransın yüksək səviyyədə təşkilinə görə Türkmənistan tərəfinə
minnətdarlığını bildirib.

Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin
inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin
münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, ötən
ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu
Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə
səfərini xatırlayaraq, ali qonağın həmin səfər çərçivəsində
Prezident İlham Əliyevlə keçirdiyi görüşünün və aparılmış
müzakirələrin əhəmiyyətindən danışıb. Spiker bildirib ki,
ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi
bazasını formalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan
Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq
haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da
inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki
ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu
sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
fəaliyyətini təqdir edib.

Görüşdə xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni
dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə
çatdırmağın vacib olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir
mübadiləsi aparılıb.