
Bakı. Trend:
Ukraynada müharibədən əziyyət çəkən uşaqların ölkəmizə
gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması davam
etdirilir.
Trend xəbər verir
ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri
ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi,
cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədilə onlara
Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram
çərçivəsində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri
göstəriləcək. Eyni zamanda, psixoloqlar tərəfindən fərdi
konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya
məşğələləri təşkil olunacaq.
Proqram çərçivəsində uşaqlar üçün, həmçinin Qəbələ və Şəkidəki
istirahət mərkəzlərinə, eləcə də tarixi-memarlıq abidələrinə
ekskursiyalar nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə
200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji
reabilitasiya xidmətləri ilə təmin edilib.